"Neftçi" "Xəzər Lənkəran"ın tarixinə düşdü

XƏBƏR 11 Noyabr 2011 / 11:35 1657
-  A +

Unibank  Premyer Liqasının XII turunun “Neftçi” ilə oyunundakı məğlubiyyət “Xəzər Lənkəran” tarixinin 50-ci yenilgisi oldu. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2004-cü ilin yayında yaradılan komanda bu matçadək keçirdiyi 277 qarşılaşmada 49 dəfə xalsız qalmışdı. 278-ci görüş isə yubiley məğlubiyyəti ilə nəticələndi – 0:5.
 
“Xəzər Lənkəran” bu uğursuzluqların 35-ni ölkə çempionatında, 8-ni Azərbaycan kuboku, 6-nı avrokuboklar və 1-ni Birlik kubokunda yaşayıb. Komanda 2004/2005 mövsümündə 6, növbəti futbol ilində 11 dəfə uduzub. 2006/2007 mövsümündə 3, 2007/2008-də 5, 2008/2009-da 9, 2009/2010-da 8 dəfə uduzan cənub təmsilçisi son 2 mövsümdə məğlubiyyətlərinin sayını azaldıb. Ötən mövsüm cəmi 5 dəfə uduzan “ağ-yaşıllar” cari futbol ilində 3-cü dəfədir meydanı başıaşağı tərk etdi.
 
50 məğlubiyyətdən 18-i Ağasəlim Mircavadov, 13-ü Rasim Kara, 8-i Mirça Rednikin baş məşqçiliyi dövrünə təsadüf edir. Nazim Süleymanovla İqor Ponomaryov hərəyə 4, Şenol Fidan 2, Viktor Pasulko isə hamıdan az 1 dəfə komandanın yenilgisinə şahid olub. Cəmi 1 matçda baş məşqçi əvəzi olan Hafiz Əliyev isə məğlubiyyət acısı yaşamayıb.
 
Bu dəfəki məğlubiyyət əvvəlki 49 yenilgidən fərqli olub. Belə ki, komanda heç vaxt 5 top fərqi ilə uduzmamışdı. Cəmi 3 dəfə böyük hesaba üzülən “Xəzər Lənkəran” 3 müxtəlif yarışın hərəsində 1 dəfə - amma həmişə 3 top fərqi ilə məyus olmuşdu.
 


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq