"Neftçi" - "Xəzər Lənkəran": 23-cü duel

XƏBƏR 5 Noyabr 2011 / 13:25 1793
-  A +

Sabah Premyer Liqanın 12-ci turu çərçivəsində “Xəzər Lənkəran” növbəti dəfə “Böyük oyun” çərçivəsində “Neftçi” ilə qarşılaşacaq. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əzəli rəqiblər bu dəfə Bakıda üz-üzə gələcəklər.

Mövsümün ikinci qarşılaşması öncəsi hər iki komanda eyni hesablı qələbələr əldə edib. “Xəzər Lənkəran” ardıcıl ikinci turda fərqlənən Deyan Rusiçin qolu ilə “Kəpəz”i doğma meydanda məğlubiyyətə uğratmışdı. “Neftçi” də ötən həftə evdə oynayırdı və paytaxt təmsilçisi “Turan” üzərində son dəqiqələrdə vurulan qolla qələbə əldə etdi.
 
“Neftçi”yə qarşı bu tur oynanılacaq matç cənubluların mövsümdə altıncı səfər oyunudu. Ev oyunlarında yüz faizlik nəticəni qoruyan “Xəzər Lənkəran”, bu həftəyə kimi keçirdiyi 5 səfər oyunundan ikisində qələbə qazanıb, ikisində heç-heçə oynayıb və bir dəfə məğlub olub.

Bu mövsüm komanda çempionat çərçivəsində rəqib meydanında 7 qol vurub, qapısında isə 4 qol görüb. “Neftçi” üçün isə qarşıdan gələn görüş yeddinci ev oyunudu. Paytaxt klubu bu oyunların altısında qalib gəlib, bir dəfə isə məğlubiyyətə uğrayıb. Ev oyunlarında “Neftçi”nin vurduğu qolların sayı 11, buraxdığı qolların sayı isə 3-dü.
 
Əgər ötən tur “Xəzər Lənkəran”la “Kəpəz” arasında oyunu çempionatın ən məhsuldar komandalarının görüşü adlandırmaq olardısa, hazırda bu sözü məhz “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşması haqqında da demək olar. Geridə qalan 11 tur ərzində “Xəzər Lənkəran” rəqib qapılarında 17 qol, “Neftçi” isə 16 qol keçirib. Bununla yanaşı XL həmçinin “İnter”lə yanaşı çempionatın ən az qol buraxan komandası statusunu qorumaqda davam edir (7 qol). “Neftçi”də bu göstərici 9-a bərabərdi.
 
Bazar günü keçiriləcək “Böyük oyun” çempionatlar tarixində sayca 21-cidi. Bakıda isə ölkə birinciliyi çərçivəsində bu komandalar 10-cu dəfə üz-üzə gələcəklər. Geridə qalan 7 il ərzində baş tutmuş 9 qarşılaşmada 3 dəfə “Neftçi” qalib gəlib, 1 dəfə “Xəzər Lənkəran” üç xal əldə edib, 5 dəfə isə heç-heçə qeydə alınıb.
 
“Böyük Oyun”ların ümumi hesabı isə hazırda bərabərdi. Keçirilən 22 oyunda hər tərəf 6 qələbə qazanıb, 10 dəfə isə heç-heçə qeydə alınıb. Bu komandalar arasında “Bakı”da keçirilən son oyun ötən çempionatının axırıncı turunda baş tutub və 1:1 hesabı ilə yekunlaşıb. Rəqibin heyətində Cavid İmamverdiyevin vurduğu qola bir dəqiqə sonra Julius Vobay cavab vermişdi.
 
Bu günə kimi bütün yarışlarda baş tutmuş “Böyük Oyun”larda “Xəzər Lənkəran”ın 14 müxtəlif oyunçusu qol vura bilib. Komandanın heyətində “Neftçi”nin qapısından ən çox qol keçirmiş futbolçu isə hazırda da “Xəzər Lənkəran”da çıxış edir və bu həftə də meydana çıxa bilər. Bu oyunçu Julius Vobaydı.
 
Bu ilin əvvəlində komandaya qoşulmasına baxmayaraq, Syerra-Leoneli hücumçu “Neftçi”nin qapısında artıq üç dəfə yol tapa bilib. Bu qollardan biri Kubokda, ikisi isə çempionatda vurulub. Maraqlıdı ki, bu mövsüm əvəzedici komandaların çempionatının 5-ci turunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununda iştirak edən Vobay bu oyunda da iki qol vurmuşdu.

Adrian Pit bu qarşılaşmada iştirak edərsə “Xəzər Lənkəran”ın heyətində 30-cu oyununa çıxmış olacaq. Bu oyunda “Xəzər Lənkəran”ın qalib gələcəyi təqdirdə Mirça Rednik Premyer Liqada 25-ci qələbəsini qazanmış olacaq.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq