Arif Əsədov: “Uzaqlaşdırılmağı Fərid Quliyevin xeyrinə oldu”

Arif Əsədov: “Uzaqlaşdırılmağı Fərid Quliyevin xeyrinə oldu”
XƏBƏR 2 Noyabr 2011 / 18:52 2071
-  A +

“Neftçi” futbol klubunun sabiq baş məşqçisi Arif Əsədovun müsahibəsi

- “Neftçi”nin baş məşqçi postundan istefa verdikdən sonra hansı işlərlə məşğulsunuz?

- Artıq 3 aydır ki, istefa vermişəm. Lakin yenə futboldayam. “Pro” kateqoriyalı məşqçi kurslarında təhsil alıram. Bu yaxınlarda Kiyev “Dinamo”sunun düşərgəsində Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevlə bir həftəlik təcrübə keçdik. “Pro” təhsili alan hər kəs mütləq xarici klublarda təcrübə keçməlidir. Biz də “Dinamo”nun düşərgəsinə bununla bağlı yollanmışdıq. Hazırda futbolun nəzəriyyəsini öyrənir, biliyimizi artırırıq.

- Məşqçilər üçün “pro” çox yüksək kateqoriya sayılır. Amma bu kateqoriyaya uyğun işlə də təmin olunmaq lazımdır. Azərbaycanda təşkil olunan müvafiq kurslar qarşınızda geniş iş imkanları açıb?

- Xarici klublarda çalışmaq Azərbaycan futbolunun reytinqindən asılı məsələdir. Gərək nəticələr verəsən ki, dəvət gəlsin. Hansısa məşqçi ilə maraqlanarkən, onun nəticələrinə, işlədiyi klublara baxılır. Mən cəmi 2 ildir ki, böyüklərdən ibarət komandada baş məşqçi kimi çalışmağa başlamışam. Bu müddətdə nəticə də vermişəm. Ötən mövsüm “Neftçi” ilə çempion olmuşuq. Hər şeyin öz vaxtı var.

- Azərbaycan klubu ilə çempionluq qazanmaqla xarici komandalarda maraq oyada bilmisiniz?

- Bu, menecerlərdən asılı məsələdir. Hazırda dünya futbolunda oyunçu və məşqçilərin hansısa komandaya keçidində onlar rol oynayırlar. Amma hələ Azərbaycanda menecment sistemi yaxşı qurulmayıb. Futbolumuz inkişaf etdikcə, yəqin ki, bu məsələ də həllini tapacaq.

- Sizin meneceriniz var?

- Xeyr.

- “Neftçi”nin çıxışlarını izləyirsiniz?

- Bəli. Həmişəki kimi, “Neftçi” qarşısına böyük məqsədlər qoyub. Hazırda ikinci pillədə olmasına və liderdən 4 xal geri qalmasına baxmayaraq, bu komanda qarşıdakı turda məhz “Xəzər Lənkəran”la qarşılaşacaq. Yəni, xal fərqini minimuma endirmək mümkündür. Hələ I dövrə yenicə yekunlaşıb. Qarşıda 11 tur və “6-lıq” oyunları var. “Neftçi”də işlər düzgün istiqamətdə gedir.

- Oyun keyfiyyətində hansı dəyişikliklər var?

- “Neftçi”nin “Qarabağ” və “Turan”la son iki oyununu izləməmişəm. Komandanın yenə stabil heyəti var. Ötənilki oyun sistemini qoruyur. Futbolçular da keyfiyyətlidir. Stabillik olandan sonra xallar da qazanılır. Əsas məsələ odur ki, flaqman hazırda liderlər qrupundadır.

- Sizin heyətdən kənarlaşdırdığınız Fərid Quliyevi yeni baş məşqçi Böyükağa Hacıyev komandaya qaytardı. Bu addımı necə dəyərləndirirsiniz?

- Hər bir futbolçunun formada olmadığı, rəqabətə dözə bilmədiyi anlar olur. Fərid Quliyev də o vaxtlar enişdə idi. İndi isə komandaya qayıdıb. Yəqin ki, irəli getmək üçün səylə çalışmalı olduğunu anlayıb. Yəni, bu, onun xeyrinə olub. Görünür, icarədə oynadığı vaxt “Simurq”la “Neftçi”nin fərqini hiss edib.

- Bəs digər hücumçu Bahodir Nasimovun ötən mövsümün əvvəlləri ilə müqayisədə geriləməni nədə görürsünüz?

- Bunun səbəbini “Neftçi”nin hazırkı məşqçiləri daha dəqiq deyə bilərlər. Mən komandanın içində deyiləm ki, geriləmənin nədən qaynaqlandığını izah edim. Bu mövsüm Nasimov 4 qol vurub. O, son oyunda “Turan”ı məyus edib. Klubumuza gəldiyi ilk vaxtlarda özbəkistanlı hücumçunu tanımırdılar. İndi isə onun oyununa bələddirlər, xüsusi diqqət yetirirlər. Nasimov da çalışmalıdır ki, öz oyun üslubunu dəyişdirsin və yenidən qollarını sıralasın.

Mənbə: lent.az


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq