"Premyer Liqanın ən səviyyəli futbolçuları Əfran İsmayılov və Rauf Əliyevdir"

"Premyer Liqanın ən səviyyəli futbolçuları Əfran İsmayılov və Rauf Əliyevdir"
XƏBƏR 2 Noyabr 2011 / 16:04 1680
-  A +

Unibank Premyer Liqanın XI turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL üzərində qələbə qazanan “Sumqayıt Şəhər”in bir günlük istirahəti başa çatıb. Qol.Az-ın məlumatına görə, həftəsonu “Qarabağ”la üz-üzə gələcək komandanın baş məşqçisi Bernhard Raab klubun rəsmi saytına müsahibə verərək bəzi maraqlı məqamlara toxunub:

- “Sumqayıt Şəhər” Unibank Premyer Liqasının ötən turu çərçivəsində AZAL-la oyunda qələbə qazandı. Komandanızın Premyer Liqadakı ilk qalibiyyəti barədə nə deyə bilərsiniz?

- İlk növbədə, qələbə münasibəti ilə klubun bütün rəhbərliyini, sponsorlarımızı, futbolçuları və bizi sona qədər dəstəkləyən azarkeşlərimizi təbrik edirəm. XX Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində “Lokomotiv”lə görüşdə qazanılan qələbə uşaqlarda özünəinamı artırmışdı. AZAL-la oyundan əvvəl daxilimdə yaxşı hiss var idi. Rəqibin oyununu izləmiş və analiz etmişdik. Onların optimal formada olmadığını bilirdik. Qarşılaşmaya yaxşı başladıq və debütdəcə hesabı açdıq. Birinci hissənin sonlarına yaxın daha bir qol vurub fasiləyə iki top üstünlüklə yollandıq. Uşaqlar görüşün ilk yarısında olduqca baxımlı oyun nümayiş etdirdi. İkinci hissədə daha çox hesabı qorumağa çalışdıq. Lakin iki futbolçumuzun zədələnməsi və məcburi dəyişikliklər oyun sistemimizi pozdu. Buna baxmayaraq, qələbə qazana bildik. Üç aylıq işimizin bəhrəsini gördük. Qələbəni hiss etmək üçün bu üç xal futbolçulara çox lazım idi.

- “Sumqayıt Şəhər”in yalnız birinci dövrənin son turunda qələbə qazanmasının səbəbi nədir?

- Bu tura qədər bəzi oyunlarda qələbəyə yaxın olsaq da, üç xalı qazana bilməmişdik. Məsələn, “İnter”, “Rəvan” və “Kəpəz”lə qarşılaşmalarda komanda yaxşı oyun nümyiş etdirsə də, bəxtimiz gətirməmişdi. Bu işə başlamazdan əvvəl hər şeyin çətin olacağını bilirdim. “Sumqayıt Şəhər” gənclərdən və azərbaycanlı futbolçulardan qurulub. Zamana ehtiyacımız var. Gənclərin təcrübə yığması üçün bir neçə oyun keçirməli idik. Gündən-günə oyunumuzda irəliləyiş hiss olunur. Lakin səhvlərimiz kifayət qədərdir. Açığını deyim, “Sumqayıt Şəhər”ə gəldiyim gündən bəri tam heyətlə məşq keçə bilməmişəm. Heyətdə zədəli futbolçularımız var. Bəzi futbolçularımız isə mütəmadi olaraq U-17, U-19 və U-21-in heyətində təlim-məşq toplanışlarına yollanır. Buna baxmayaraq, əlimdə olan kiçik heyətlə bu çətinliklərin öhdəsindən gələcəyimə inanıram.

- Qış “transfer pəncərəsi” dövründə komandaya yeni futbolçular cəlb olunacaqmı?

- Biz bir layihənin başlanğıcındayıq və bu səbəbdən heyətdə radikal dəyişikliklərə ehtiyac yoxdur. Keyfiyyət nöqtəyi nəzərdən bəzi xəttlərə əlavə güc qatmalıyıq. Buna görə qış “transfer pəncərəsi” dövründə heyətimizə daha 4-6 futbolçu cəlb etməyi planlaşdırırıq. Transfer edəcəyimiz futbolçular gənclər və əslən azərbaycanlı uşaqlar olacaq.

- Qarşıda komandanı “Qarabağ” və “Simurq”la çətin səfər oyunları gözləyir. Bu görüşlər barəsində nə deyə bilərsiniz?

- Hər iki komanda ilə birinci dövrədə qarşılaşmışıq. Premyer Liqanın 5-ci turunda “Qarabağ”la oyunda ilk xalımızı qazanmışdıq. Ağdam təmsilçisi Azərbaycan çempionatının ən sabit klublarındandır. Oyun bizim üçün çox çətin keçəcək. “Simurq”la doğma arenada keçirdiyimiz görüşdə isə çox zəif oynayıb məğlub olduq. “Qarabağ” və “Simurq”la qarşılaşmalarda baxımlı oyun göstərib uğurlu nəticə qazanmaq istəyirik.

- Ümumilikdə Premyer Liqanın səviyyəsi barədə nə deyə bilərsiniz?

- Avropanın ən yüksək səviyyəsi deyil. Amma kiçik ölkə üçün çempionatın səviyyəsini yüksək saymaq olar. Qələbə ilə məğlubiyyət nazik ipin üzərindədir. Yəni komandalar arasında o qədər də böyük fərq yoxdur. Amma düşünürəm ki, “Qarabağ”, “Xəzər Lənkəran” və “Neftçi” digərlərinə nisbətən bir addım öndədir.

- Çempionatda bəyəndiyiniz əcnəbi və yerli futbolçular kimlərdir?

- Premyer Liqada olduqca təcrübəli futbolçular çıxış edir. Mənə görə, ən səviyyəli legioner “Neftçi”nin yarımmüdafiəçisi Flavinyodur. Bundan başqa, “Xəzər Lənkəran”dan Emeka Opara və “Qarabağ”dan Georgi Adamiyanın adını çəkə bilərəm. Yerli futbolçulardan isə “Qarabağ”ın iki üzvü – Əfran İsmayılov və Rauf Əliyevi qeyd etməliyəm. “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev də onlardan geri qalmır.

- Sonda “Sumqayıt Şəhər”in azarkeşlərinə nə demək istərdiniz?

- İlk növbədə “Sumqayıt Şəhər”in bütün azarkeşlərinə bizi sona qədər dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm. AZAL-la oyunda qazandığımız qələbəni fanatlarımıza ərmağan edirik. Ən pis oynadığımız “Neftçi” ilə qarşılaşmada da onlar bizimlə idilər. Futbolu azarkeşsiz təsəvvür etmək olmaz.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu