Təbriz Həsənov: "Futbolçularımız imkanlarından aşağı çıxış etdilər"

Təbriz Həsənov: "Futbolçularımız imkanlarından aşağı çıxış etdilər"
XƏBƏR 31 Oktyabr 2011 / 17:16 1689
-  A +

Təbriz Həsənov: «Mərhələ adlaya bilmədiyimizə görə çox təəssüflənirəm»

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışını başa vurmuş Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov müsahibə verib
 
- Qrupda üç oyun və üç fərqli nəticə. Bu fərqliliyi necə dəyərləndirərdiniz?

- Çox çətin və maraqlı qrupa düşmüşdük. Hazırlıq planımızı da buna uyğun qurmuşduq. Ukrayna, Xorvatiya və Belçika yığmaları ayrı-ayrı qruplara düşsəydilər, hər biri elit-raunda yüksələ bilərdilər. Rəqiblərimizin real gücü barədə təsəvvürümüz vardı. Bununla belə, start pis alınmadı. İlk oyunda Xorvatiya yığmasını məğlub etdik. Əfsuslar olsun ki, ikinci oyunda bu uğurun davamı gəlmədi. Futbolçularımız imkanlarından aşağı çıxış etdilər. Buna baxmayaraq, hesabı bərabərləşdirmək üçün şansımız yaranmışdı. Penalti zərbəsini düzgün yerinə yetirə bilmədik. Son şansımız Ukrayna yığması ilə oyuna qalmışdı. Onlar da güclü, sürətli komandadır. Çox yaxşı müdafiəçiləri var. Oyun ərzində onların müdafiə xəttini yara bilmədik. Sonda 4 xalla üçüncü pilləni tutduq və elit-raunda yüksələ bilmədik. Mərhələ adlaya bilmədiyimizə görə çox təəssüflənirəm.
 
- Nəticə baxımından sabitliyin olmaması nə ilə bağlıdır?

- Qeyd etdiyim kimi, rəqiblərimiz çox güclü komandalar idi. Bütün oyunlarda qələbə qazanmaq üçün rəqiblərdən bir çox komponentlərdə üstün olmaq lazımdır. Müasir futbolun sürəti çox dəyişib. Hadisələr bir göz qırpımında fərqli istiqamətdə dəyişir. Üstəlik, bu yaşda uşaqların 6 gün ərzində 3 rəsmi oyun keçirməsi çox çətindir. İstər-istəməz yorğunluq yaranır, psixoloji dəyişikliklər baş verir. Futbolçularımızın həvəssiz olduğunu deyə bilmərəm. Əksinə, onlar çox istəyirdilər ki, qələbə qazanaraq elit-raunda yüksələk. Bəlkə qələbə istəyinin çox olması da müəyyən mənada bizə mane oldu. Bir sözlə, istədiyimizi əldə edə bilmədik.
 
- Belçika yığması ilə oyunda komanda zəif təsir bağışladı. Bunu futbolçularımızın Xorvatiya yığması ilə qarşılaşmada həddindən artıq güc sərf etmələri ilə əlaqələndirmək olarmı?

- Xorvatiya yığması ilə qarşılaşmada həqiqətən də çox güc sərf etdik.  Belçika komandası ilə oyunda yorğunluq əlamətlərinin sezildiyini istisna etmirəm. Onlar bizdən daha üstün oynadılar.
 
- Təbii ki, yoldaşlıq oyunları, eləcə də beynəlxalq turnirlərlə rəsmi oyunlar tam fərqli ab-havada keçir. Bunu nəzərə alsaq, necə düşünürsünüz, komanda  psixoloji baxımdan oyunlara hazır idimi?

- Bu futbolçularla çoxdandır ki, bir yerdə çalışıram. Onların xarakterinə bələdəm. Elə məqamlar var ki, məşqçinin dediyindən başqa, futbolçu da özü-özünü hazırlamalıdır. Əlimdən gələni etdim ki, onlar oyunlara psixoloji baxımdan da hazır olsunlar.
Şansımızı dəyərləndirə bilmədik. Bu, yeniyetmələrdən ibarət komandadır, futbolçuların 17 yaşı var, hələ peşəkar kimi formalaşmayıblar. Məsələn, Belçika yığması ilə oyundakı penalti epizodunu qeyd edə bilərəm. Həmin anda soyuqqanlı olmaq lazım idi. Qol vursaydıq, hesab bərabərləşəcək, təbii ki, komanda həvəslənəcəkdi. Lakin indi bu ehtimalların, fərziyyələrin səsləndirilməsi nəticəni dəyişəcək gücdə deyil. Artıq hər şey keçmişdə qalıb.
 
- Turnir çərçivəsində iki futbolçu cəzalı duruma düşdü. Bu nədən qaynaqlanırdı?

- Komandada nizam-intizam çox möhkəmdir, hər şey qaydasındadır. Qırmızı vərəqə aldığı məqamda Adil Nağıyev səhvə yol verdi. O, topu götürdü ki, cərimə zərbəsini yerinə yetirsin. Bu zaman hakim oyunu başa çatdırdı. Adil bilərəkdənmi, yaxud ehtiyatsızlıqdanmı topla rəqib oyunçunu vurdu. Həmin epizodda hakim sarı vərəqə ilə də kifayətlənə bilərdi. Çünki Adil topu kiməsə xəsarət yetirmək məqsədilə vurmamışdı. Ruslan Nəsirlinin sarı vərəqələrinə gəldikdə, özünün dediyinə görə, ona qarşı həqiqətən kobudluğa yol verildiyi epizodların birini hakim simulyasiya kimi qiymətləndirərək sarı vərəqə göstərib. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Ümumiyyətlə, hər üç oyunda idarəçilik yüksək səviyyədə oldu və narazı qalmağa əsasımız yoxdur.
 
- Seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə keçirdiyiniz təlim-məşq toplanışları və yoldaşlıq oyunları barədə ümumi fikirlərinizi bilmək maraqlı olardı…

- İl ərzində bir neçə turnirdə iştirak etdik. Qazaxıstanda təşkil olunmuş «Prezident kuboku»da Ukrayna və Türkiyə, Moldovada keçirilən «FA of Moldova Cup» turnirində Rumıniya, Bakıdakı «Caspian Cup»da İspaniya yığması kimi güclü komandalar mübarizə aparırdı. Təəssüf ki, İspaniya yığması ilə qarşılaşa bilmədik. Qeyd etdiyim turnirlərdəki rəqiblərimizlə seçmə mərhələdə qarşılaşdığımız komandalar arasında çox böyük fərq var. Bundan başqa, rəsmi oyunlar zamanı hakimlər futbolçuların meydandakı bütün hərəkətlərini diqqət mərkəzində saxlayırlar. Rəqib də hansısa xırda səhvdən istifadə edir. Oyun ərzində 3-4 dəfə səhv etməyinə imkan vermir. Dərhal cəzalandırır. Bu cür oyunlar həm futbolçular, həm də məşqçilərin təcrübə toplaması üçün çox böyük əhəmiyyəti daşıyır.
 
- Qrupun yekun nəticələri Sizi təəccübləndirdimi?

- Belçika yığması ilə oyun onların güclü komanda olduğunu sübuta yetirdi. Ukrayna yığması ilə qarşılaşmanın videoyazısına baxmışdım. Həmin qarşılaşmada da pis təsir bağışlamamışdılar, 0:2 hesablı məğlubiyyətə layiq deyildilər. Amma Xorvatiya yığmasını məğlub etmələri məni təəccübləndirdi. Çünki Xorvatiya yığması çox güclü komandadır və onlar həm Belçikadan, həm də Ukraynadan fərqli oyun nümayiş etdirirlər. Heyətlərində texnikalı futbolçular çoxdur və yaradıcı oyuna üstünlük verirlər. Onların qrupda qalacağı inanılmaz görünürdü. Amma nəticə ortadadır. Xorvatiya yığmasına heç-heçə lazım olduğu halda, məğlubiyyətə uğradılar. Bu nəticə özlüyündə qrupumuzun nə qədər çətin olduğunu bir daha sübuta yetirdi (affa.az).


Son xəbərlər