"Qəbələ” ilə "Şaxtyor"u birləşdirən ortaq dəyərlər var"
“Qəbələ” klubunun dəvəti ilə Ukraynanın “Şaxtyor” klubu rəsmilərinin Azərbaycana səfərə gəlməsi haqqında məlumat vermişdik. Qol.Az-ın məlumatına görə, bu səfər komandanın Donetsk klubu ilə yenicə başlayan və durmadan inkişaf edən əməkdaşlığı çərçivəsində baş tutub.
Qonaqlar - Donetsk klubunun strategiya və marketinq direktoru Cozef Palmer və komandanın futbol akademiyasının direktoru Patrik van Liuvenin səfər zamanı baş məşqçi Toni Adamsla görüşüb, komandanın bazasında olub, Qəbələ Futbol Akademiyasına baş çəkiblər. Bundan başqa qonaqların iştirakı ilə “Qəbələ”nin və eləcə də Qəbəl Futbol Akademiyasının məşqçi heyətinin iştirakı ilə seminar-iclas keçirilib. “Şaxtyor” klubu təmsilçilərinin səfəri “Şəfa” stadionunda keçirilən “İnter” – “Qəbələ” matçını izləməklə yekunlaşıb.
Qəbələyə səfərlə bağlı Ukrayna klubu nümayəndələri təəssüratlarını bölüşüb. İlk öncə Patrik fon Leuvenin açıqlamalarını təqdim edirik:
- Qəbələyə ilk səfəriniz sizdə hansı təəssüratlar oyatdı?
- Təəssüratlarım çox zəngindir. Ölkəniz, Qəbələ həqiqətən çox gözəldir. Səfərimiz səmərəli oldu. “Qəbələ” klubu, burada görülən işlər haqqında klub nümayəndələrinizin Donetskə səfəri zamanı eşitmişdik. İndi isə eşitdiklərimizin burada şahidi olduq.
- Qəbələ Futbol Akademiyası haqqında nə fikirdəsiniz?
- “Qəbələ” klubu futbol akademiyasını qurmaqla çox önəmli addım atıb. Amma bu, hələ işin yarısıdır. Ümumiyyətlə, futbol akademiyalarında gerçək nailiyyət qazanmaq üçün kifayət qədər sərmayəyə və vaxta ehtiyac var. Qısa zamanda böyük uğur əldə etmək o qədər də asan deyil. “Qəbələ” klubu akademiyaya peşəkar mütəxəssislər heyətini cəlb etməklə doğru iş görüb. Eyni zamanda həmin mütəxəssislərə istər meydançada, istərsə də sahə xaricində hər cür imkanlar yaradılıb ki, bu da çox vacibdir. Qəbələ Futbol Akademiyasında görülən işlərin nəticəsini 1-2 ilə olmasa da, yaxın gələcəkdə mütləq görəcəksiniz.
- “Şaxtyor” Futbol Akademiyası ilə “Qəbələ” Futbol Akademiyasını müqayisə edərdiniz...
- Biz də bu işə 5 il əvvəl başlamışıq. Bizim əsas vəzifəmiz “Şaxtyor”un əsas komandası üçün futbolçu yetişdiməkdi. 2006-cı ildən “Şaxtyor” klubunun futbol akademiyasında çalışıram. Bu müddət ərzində 2 futbolçu hazırlayıb “Şaxtyor”un əsas heyətinə verə bilmişik. “Qəbələ” Futbol Akademiyasının da əsas vəzifəsi klubun əsas komandası üçün futbolçular hazırlamaqdır. “Qəbələ”də bizdə də olduğu kimi kəmiyyətə yox, keyfiyyətə diqqət yetirilir. Biz də burada olduğu kimi əvvəlcə meydançalar düzəltməyə başladıq. Sonra istedadlı uşaq futbolçular arayıb tapdıq. İndi də sərəncamımızda olan futbolçuların üzərində işləyib, onları peşəkar səviyyəyə çatdırırıq. İnkişaf yoluna nəzər salsaq, görərik ki, “Şaxtyor”la “Qəbələ” klubları arasında oxşarlıq çoxdur.
Cozef Palmer isə səfərlə bağlı belə danışıb:
- “Qəbələ” klubu, komandanın bazası, akademiyası və məşqçilərlə görüşdünüz. Təssüratlarınızı bilmək maraqlı olardı...
- Burda gördüklərimiz doğrudan da ən yaxşı sözlərə layiqdi. Klub nümayəndələriniz Donetskdə qonaq olarkən, burada görülən işlər haqqında bizə danışmışdılar. Amma indi burada aparılan quruculuq işləri öz gözlərimizlə gördük. Düzünü desəm, burada belə gözəl meydançaları görə biləcəyimə inanmırdım. Ən əsası da budur ki, komanda üçün infrastrukturun yaradılması işi sürətlə davam etdirilir. Biz “Qəbələ” futbol klubu üçün inşa ediləcək idman qurğusunun planı ilə də tanış olmuşuq. Əgər bu şəkildə davam etsəniz, “Qəbələ”ni həqiqətən Azərbaycanda ən yaxşı kluba çevirə bilərsiniz. Bütün bunlara görə, klubun rəhbərliyinə təbrik edirik. Əmin ola bilərsiniz, bu işlərin ardınca uğurlar da gələcək.
- “Saxtyor”la “Qəbələ” arasında hansı sahələrdə əməkdaşlıq mümkündü?
- Təbii ki, Qəbələyə yalnız gəzməyə gəlməmişik. Klub rəhbərləri ilə görüşlərimiz oldu. Müəyyən sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Bizim sahib olduğumuz və inkişafımıza imkan yaradan hansı dəyərlər varsa, hamısını “Qəbələ” ilə paylaşmağa hazırıq. Ukrayna və Azərbaycan yaxın və dost ölkələrdir. Hər iki ölkəni, “Qəbələ” ilə “Şaxtyor”ru birləşdirən ortaq dəyərlər var. Bu dəyərlərdən çıxış edərək əməkdaşlığı dərinləşdirmək istəyirik. Bu komanda ilə hansısa formada əməkdaşlıq etmək fikrimiz var. “Qəbələ” klubu, buranın infrastrukturu və imkanları ilə tanış olduq. Bunların davamı mütləq olacaq.
- “Şaxtyor” Avropanın ən öncül klublarındandı. “Qəbələ”nin də inkişaf edərək, Avropa səviyyəli komandaya çevrilməsi üçün nələri tövsiyə edərdiniz?
- Əslində, mənim tövsiyə edə biləcəklərimi burada artıq eləməyə başlayıblar. Davamlı olaraq, standartları yüksəltmək, sadəcə meydançalar deyil, meydançadan kənardakı işlərdə də yüksək standartlar əldə edilməsinə nail olmaqdı. Xüsusən, marketinq sahəsində. Məsələn, sizin “Hyundai”yla sponsorluq yaxşı mənada yenilik olduğu qədər də, standartları artıran bir addımdı. Bu cür addımları davam və inkişaf etdirməyinizi məsləhət görürəm. Mən burda gördüklərim əsasında deyə bilərəm ki, siz düzgün yoldasınız.