“Qışda bir müdafiəçi və bir hücumçu transfer etməyi planlaşdırırıq”

“Qışda bir müdafiəçi və bir hücumçu transfer etməyi planlaşdırırıq”
XƏBƏR 25 Oktyabr 2011 / 18:04 2848
-  A +

Vladislav Qədirovun “Rəvan” klubuna baş məşqçi təyin olunmasından sonra komanda keçirdiyi dörd oyundan üçündə qalib gəlib, bir qarşılaşmada isə heç-heçə edib. Qol.Az-ın məlumatına görə, ard-arda qazandığı qələbələr nəticəsində “Rəvan” turnir cədvəlində yeddinci pilləyə yüksələ bilib. Komandanın baş məşqçisi Vladislav Qədirov PFL-in rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- “Rəvan” ötən tur səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edərək turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Bu oyun haqqında nə deyə bilərsiniz?

- Bu oyundan əvvəl bəzi analizlər apardıq. AZAL-ın son turlarda keçirdiyi oyunları təhlil etdik. Bilirdik ki, çətin oyun olacaq. Çünki, onlara da xal lazım idi. İki komandadan hansı qələbə qazansa, o da irəliyə gedəcəkdi. Son dəqiqələrdə vurduğumuz qol sayəsində qələbə qazandıq.

- Komandada hansı futbolçunun oyunu sizi daha çox qane edir?

- Mən konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Əsas kollektiv oyun göstərməkdir. Düzdür, hər mövqenin öz lider futbolçusu var və onlar da qarşıya qoyulan tapşırıqların öhdəsindən gələ bilirlər. Müdafiə xəttində Miloş Zeçeviç, Ekrem Hodziç gözəl oyun nümayiş etdirirlər. Eyni zamanda, Tural Axundov da müdafiədə etibarlı oynayır. Zeçeviç və Hodziç vurduqları qollarla komandanın qələbə qazanmasında vacib rol oynayırlar. Komandanın hücum xəttində isə Con Pelunun oyunu məni daha çox qane edir.

- “Rəvan” Premyer Liqada 13 qol vurub, eyni zamanda qapısından da 13 top buraxıb. Bu, komandanın müdafiə xəttində problemlərin olmasının göstəricisidir. Bu problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görməyi planlaşdırırsınız?

- Həqiqətən də, müdafiə xəttində müəyyən boşluqlar var. Bu da nəticədə öz mənfi təsirini göstərir. Qış fasiləsində mütləq bir müdafiəçi və bir hücumçu transfer etməyi planlaşdırırıq. Bununla da heyəti gücləndirməyi düşünürük. Çalışacağıq ki, müdafiəçi yerli futbolçu olsun. Ancaq ölkəmizdə güclü hücumçuların az olması, olanların da başqa komandalar ilə müqaviləsinin olması səbəbilə legioner hücumçu transfer etməyi planlaşdırırıq.

- Növbəti turda  daha bir güclü rəqib – “İnter”i qəbul edəcəksiniz. Bu oyun haqqında nə söyləyə bilərsiniz?

- Hər həftənin orta günləri komanda ilə bir araya gəlib həm ötən oyunu, həm də növbəti turdakı oyunu təhlil edirik. “İnter” ilə oyuna da ciddi hazırlaşırıq. “İnter”in oyununu izləmişik, güclü komandadır. Fikrimcə, gərgin oyun olacaq.


Son xəbərlər