Son Zaqatala səfərim zamanı, iş elə gətirdi ki, yerli komandanın əvəzedici heyətinin oyununa baxası oldum. Və dərhal diqqətim bir gəncin üzərinə toplandı. Zaqatalalı fanatların “Zidan” elan etdiyi və az qala hər “fint”ini heyranlıqla izlədiyi yarımmüdafiəçi meydanda nələr etmirdi ki...Zərgər dəqiqiliyi ilə bir-birindən kəsərli ötürmələr verir, əla cərimə zərbəsi yerinə yetirir, yoldaşlarını ustalıqla əlverişli mövqeyə çıxarır, komandasının oyununu dirijor tək idarə edirdi. Oyunu üzərinə götürüb, 2-3 rəqibi asanlıqla keçməsinə və yalnız mahir futbolçuya xas olan zərbəylə toru silkələməsinə də şahid oldum. Onu başqalarından fəqrləndirməmək qeyri-mümkün idi. “Simurq”un heyətində sanki yadplanetli peyda olmuşdu. Amma bu azərbaycanlı gəncin oyunu təkcə tipik Qafqaz texnikasından ibarət deyildi. Ötürmə mədəniyyəti, meydanı görmə müdrikliyi, oyun anlayışı daha çox müasir Avropa futbol məktəbinə yaxın idi. İstər-istəməz “Barselona”lı Xavi və İnyesta yada düşürdü...Gümanımda yanılmamışdım. Elə yanımda əyləşənlərdən “Zidan”ın yayda Ukraynadan gəldiyini öyrəndim. Məni maraq daha çox götürdü. Səviyyəsi meydanandakılarla heç cür eyni ölçüyə gəlməyəcək bu istedad, niyə hələ də “Simurq”un əsas heyətində deyil?
Onu daha yaxından tanımaq və oxuculara tanıtdırmaq üçün matçdan sonra müsahibə almağı qərara aldım.
Məlum oldu ki, müsahibim Rəşad Eyyubovun 19 yaşı hələ tamam olmayıb və “Simurq”un əsas heyəti üçün çempionata sifariş edilən futbolçular arasında ən gəncdir. Bu, Zaqatala klubuna yayda Odessa “Çernomorets”dən keçən Eyyubovdu. Sonradan Azərbaycanın şərəfini qorumağı üstün tutan Ukrayna U-17 millisinin sabiq üzvü.
Əvvəlcədən deyim ki, U-17, U-19 və U-21 millimizdə də meydana çıxmış bu gəncin oyunu kimi dünya görüşü də məni çox razı saldı. Hər mənada intellektual, mədəni, müasir, sağlam düşüncəli, vətənpərvər bir azərbaycanlı futbolçunu görmək şəxsən mənim üçün yenilik idi. Bəri başdan deyim ki, bu simada yerli futbolçu görmək biz jurnalistlərin ən böyük arzusudu.
- Sumqayıtda doğulmuşam. 2 yaşımdan ailəmlə birgə Odessaya köçmüşəm. İndiyədək həyatım demək olar, orada keçib. Futbola lap kiçik yaşlarımdan bu şəhərdə başlamışam. Sonra şəhərin əsas klubuna dəvət almışam. Müxtəlif yaş qruplarında “Çenomorets”in kapitanı olmuşam. Baş məşqçi Aleksandr Qolovko (Kiyev “Dinamo”sunun 90-ci illərdəki məşhur müdafiəçisi) tərəfindən Ukrayna yeniyetmələr yığmasına cəlb edilmişəm. Ukrayna U-17 yığmasında 10-dan çox oyun keçirmişəm. Hesabımda rəsmi oyunlarda vurulan qollar var. Millidə əksər oyunçular “Dinamo” və “Şaxtyor”da yer aldığından hələ onda Kiyev klubunun əvəzedici heyətinə keçməyi təklif edirdilər. Amma atam belə erkən yaşda Odessadan getməyimə və qürbət ölkədə ailədən ayrı düşməyimə imkan vermədi. Buna görə və “Çernomorets”in məni heyətindən buraxmağa imkan verməməsi üzündən “Rubin”, Moskva “Spartak”ı və “Lokomotiv”ndən gələn real təklifləri dəyərləndirə bilməmişəm. Özümü tərifləmək istəmirəm, amma Kazanda yoldaşlıq görüşündə əsas qapıçıları Rıjikova qol da vurmuşdum və “Rubin”in baş məşqçisi Kurban Berdıyev məni birbaşa müqavilə təklif etmişdi. “Çernomorets” imkan vermədi.
- Azərbaycan millisinə dəvətin necə baş tutdu?
- Qolovko mənə çox güvənirdi. Amma bilirsiz, mən Ukrayna yığmasının heyətində yeganə başqa millətdən olan futbolçuydum. Düzdü, orada buna görə hər hansı bir ayrıseçkilik edilmirdi. Ancaq yenə də mən hec cür millidə oynadığımı hiss edə bilmirdim. Klubla və orda top qovmağım arasında fərq görmürdüm. İstər-istəməz öz ölkəmin, öz millətimin komandası üçün oynamağı arzulayırdım. Ailəmlə də məsləhətləşdik, qərar gəldik ki, AFFA-ya qərarımızı bildirək. Ukrayna millisinin Hollandiya ilə oyunu üçün toplanışına getmədim, öz vətənimin U-17-nə yollandım. Baş məşqçi Mirbağir İsayev oyunumu çox bəyəndi. Onda hələ 16 yaşım tamam olmamışdı heç. Məni qısa bir müddət sonra U-19-a götürdülər. Qranatkin turnirinə getdik. Həmin turnirdə iki dəfə, birincidə Yaşar Bahabzadənin, ikincidə Bernhard Lippetin rəhbərliyi altında oynamışam. Ukrayna yığmasında pleymeyker idimsə, öz millimdə məni həmişə yaxşı qol duyumuma görə hücum xəttində görüblər. Az da top vurmamışam. Elə Qranatkində uzaq məsafədən vurduğum qol turnirin ən yaxşılarından biri seçilib.
- Ukraynada qərarın necə qarşılandı?
- Açığı, belə mənfi reaksiya gözləmirdim. Elə Qranatkin turnirində Ukrayna ilə matçda Qolovko yanımdan ötüb, salam verməyəndə, daha orada mənə münasibətin kəskin dəyişəcəyi aydın idi. “Çernomorets”də də soyuqluq gördüm. Mirbağır müəllim həm də “Neftçi”nin əvəzedici heyətini çalışdırdığından, birdəfəlik Bakıya gəlməyi təklif etdi. Deyirdi, səni və Andrey Popoviçi hara getsəm, özümlə aparacam. Amma “Neftçi”də aramızda anlaşılmazlıq oldu. Səbəbini deyim. Bilirsiz, həmin ərəfədə məni çox yükləmişdilər. U-17 rəsmi oyun keçirəndə ora dəvət edilirdim. Orada ağır oyunlar başa çatan kimi yenə U-19-la toplanışa getdim. Toplanış başa çatar-çatmaz “Neftçi”nin əvəzedici heyətinin hazırlığına qoşuldum. Dincəlmədən 3-cü toplanışa qoşulurdum. Artıq fiziki cəhətdən çox yorulmuşdum. Çatdırmadığımı görüb, oyunların birində ilk yarı başa çatmamış, məşqçiyə əvəzlənməyimi xahiş etdim. İsayev, nədənsə bunu səhlənkarlıq kimi qəbul etdi. O, yaxşı məşqçidir. Amma çox əsəbi və hövsələsizdi. Özündən çıxdı, məni tənbəl adlandırdı. Başa düşməyəcəyini görüb, sakitcə Odessaya qayıtdım.
- Artıq hər şey dəyişmişdi?
- Əlbəttə. Sanki vətən xaini elədilər məni. Klubda “Neftçi” də hazırlıq keçməyimi çox pis qarşıladılar. Ancaq orada mənim potensialıma yaxşı bələd idilər və hər şeyə rəğmən qalmağımda maraqlı idilər. Bu dəfə Ukaryna Futbol Federasiyayında Azərbaycana millisinə getdiyim üçün mənimlə prinsip aparmağa başladılar. Elan etdilər ki, Ukrayna pasportum keçərli deyil, legioner sayılacam. “Çernomorets”lə ilk peşəkar müqaviləmə imza atmağa da imkan vermədilər. Tərslikdən, ağır zədə də aldım. 6 aya yaxın sıradan çıxdım. Mənə təsir edən o oldu ki, bu müddət ərzində öz vətənimdən, millimdən heç kim mənimlə maraqlanmadı.
- Belə çıxır ki, Azərbaycanı seçməyin karyerana birbaşa mənfi təsir göstərib. Qərarına peşmansan?
- Qətiyyən. Tam səmimi deyirəm, yenə Azərbaycanı seçərdim! O forma altında oynamaq tam başqa hissdir. Bu mənim içimdən gələn səs idi. Mən vətənpərvərəm. Həm də çox. Həmişə millətimlə fəxr eləmişəm.
- Maraqlıdı ki, sən bizim üçün az qala ilk belə nümunəsən. Biz əksini görürük adətən: azərbaycanlı futbolçular bir qayda olaraq tarixi vətənlərinin xeyrinə seçim etmir. Səmədov Rusiyanı seçdi. Mahmudovda hələ ki, razılıq vermir.
- Bilirsiz bu, ilk növbədə ailədən asılıdı. Mən də onlar kimi qürbətdə dil açmışam. Orada böyümüşəm, mədəniyyətləri mənə güclü təsir edib. Ana dilimdə təhsil almamışam. Amma lap kiçik yaşlarımdan, atam mənə başa salıb ki, sən azərbaycanlısan! Mən elə tərbiyə görmüşəm ki, bunu özümün üstün yönüm kimi qəbul etmişəm. Bunlar dünya görüşümün formalaşmasında və yekunda qərarlarıma təsir edib.
- Xüsusilə, Mahmudovla sən həmyaşıdsan, eyni mövqedə oynayırsız və taleyinizdə çox oxşarlıqlar var...
- Sizə bir sirr açım. Bir az pafoslu çıxır deyə, bu haqda danışmaq istəmirdim...Emin Mahmudov məndən bir toplanış əvvəl İsayev tərəfindən U-17-yə cəlb edilmişdi. Amma mən Ukrayna yığmasınıdan imtina edib, Azərbaycana gələndən sonra daha onu çağırmadılar...
- Belə çıxır ki, məhz sənə görə ondan imtina etdilər?
- Faktiki elə alınır. Taleh elə gətirdi ki, bu onun karyerasında təkana, məndə isə enişə səbəb oldu. Mahmudovdan çox, mən buna görə inciməliydim. Amma heç vaxt bunu etmərəm. Axı, mən vətənimdən necə inciyə bilərəm? Mən onun bir parçasıyam. Mahmudov küsür, Eyyubov küsür, onda bu millidə kim oynamalıdı? Dağıstanlılar? Ruslar? Ukraynalılar? Mən bunu qəbul edə bilmərəm. Axı bu bizim millətin komandasıdı. Onun adını yüksəltməkdən böyük şərəf ola bilərmi? Emini görsəm, başa salardım ki, bizim, övladlarının vətənimizin millisindən imtina etməyə, heç bir haqqı yoxdu! Mən Azərbaycan üçün gözüyumlu Ukraynadan imtina etdim. Mahmudovda özünü əsl azərbaycanlı bilirsə, belə davranmalıdı. Belə məsələlərdə, şəxsi maraqlar, klub karyerası ikinci plana keçir.
- Bu yay “Çernomorets”i “Simurq”a dəyişməyinin səbəbi nə idi?
- Zədəyə görə, Odessa klubu ilə rəsmi müqavilə imzalamamışdım. Mənə uzunmüddətli sözləşmə təklif edirdilər. Əsas komandanın baş məşqçisi Roman Qriqorçuk əvvəlcə klubun öz yetirmələrinə güvənəcəyini vəd etsə də, əməldə belə etmədi. “Çernomorets” Ukrayna Premyer Liqasına çıxdı və təcrübəli futbolçuları, legionerləri heyətə cəlb etməyə başladılar. Bildim ki, orada əsas heyətə düşməyim real deyil. Şans verilməyəcək. Baxmayaraq ki, əvəzedici heyətin çalışdırıcısı İqor Nakoneçni (MKT-“Araz”ın sabiq baş məşqçisi – red.) qalmağımda israr edirdi. Amma düşündüm ki, daha peşəkar səviyyəyə yüksəlməyin vaxtıdı. Dostlarım Azərbaycana gəlməyi təklif etdi. Sərbəst agent olmağım işimə yaradı. “Simurq”u seçməyimin əsas səbəbkarı isə Segey Yuran oldu. O da mənim kimi Ukrayna futbolunun yetirməsidi və oyunumu istənilən yerli məşqçidən yaxşı başa düşəcəkdi. Həm də mənə elə gəldi ki, “Simurq”un əsas heyətində möhkəmlnməyim daha asan olacaq. Mənə bu yeniyetmə yaşda böyük, peşəkar futbola uğurla və ağrısız keçə biləcəyim klub lazım idi.
- Amma hələlik “Simurq”da da əvəzedici heyətdə oynayırsan...
- Bu, məni də narahat edir. Əsas komandadayam və məşqlərdə pis təsir bağışlamıram, formamı da bərpa etmişəm. Amma hər həftəsonu “dubla” yollayırlar ki, ikinci komadaya kömək edim. Yarımmüdafiəçi olmağıma baxmayaraq, 4 qol vurmuşam burada. “Simurq”un əvəzediciləri gözləniləndən qat-qat yaxşi nəticə verir. Mənə deyirlər, döz, az qalıb. Vaxtımı gözləyirəm. Klub rəsmiləri, baş məşqçiylə bu barədə söhbətim olub. Bilirsiz, “Turan”la oyunda əsas komanda da debüt etdim. Pis də oynamadım. Amma həmin oyuna görə, “dubla” kömək etmədim və Tovuzda 0:5 hesabıyla uduzdular. Bunu rəhbərlik mənə xatırladır, əvəzedcilərin daha çox köməyimə ehtiyac duyduğunu bildirir. Heyətdə ən gənc olduğumu, vaxtımın mütləq çatacağını deyirlər. Odu ki, hələlik başımı aşağı salıb, harada deyirlər, orada oynayıram. Görək nə olur...Qışa qədər gözləyəcəm. Sonra qərarımı verəcəm. İlk ”11-lik”də yer alan legionerlərdən nədənsə geri qaldığımı zənn etmirəm. Onların yalnız təcrübəsi məndən çox ola bilər. Əgər əvəzeidi heyətdə oynamaq məni qane etsəydi, onda elə “Çernomorets”də qalardım.
- Yurandan narazısan, deyəsən?
- Xeyr, nə danışırsız...Bir məşqçi kimi ondan çox razıyam. Karyeram ərzində mənim bir şeydə bəxtim gətirib ki, həmişə güclü mütəxəssislərlə çalışmışam. Amma Yuran tam başqadı. Hətta deyərdim ki, ən yaxşı məşqçidi. Məşqlərindən zövq alıram. Onunla çalışmaq əlimə düşən əla fürsətdi. Səhvlərimi gözəl başa salır. Bu 4 ayda ondan çox şey öyrənmışəm. Məşqdə çıxıb, hərdən özü də bizimlə oynayır. Adamı bir baxışdan başa düşür. Səviyyəsini dərhal ortaya qoyur. Yuran böyük futbolçu olub və əminəm ki, bunda da böyük məşqçi olacaq. Mənə inandığını deyir və səbr etməyi məsləhət görür. Ona çox güvənirəm.
- “Çernomorets”lə “Simurq” arasında səviyyə fərqi çoxdu?
- Əgər ayrı-ayrı oyunçuları götürsək, yox! Biz daha kombinasiyalı, onlar güc futbolu oynayır. Fərq “Çernomorets”in zəngin tarixində, ənənlərində, futbol məktəbindədi.
- Bəs, Ukrayna çempionatı ilə Azərbaycan birinciliyi arasında?
- Mən düşündüyüm qədər deyilmiş. Görürəm ki, bizim top-klublar oranın çempionatında itib-batmazlar. Bir az peşəkarlıq və təşkilatçılıq baxımından milli çempionatımız axsayır.
- Bəs, səncə, vətəndə futbolun inkişafını ləngidən ən mənfi hal hansıdı?
- “Lipa” problemi. Dəhşətdi! Süni şəkildə yaş azaltmaqla özlərini niyə aldadırlar ki? Bu, Ukraynada da var. Amma bu dərəcədə deyil.
- Bəlkə, bildiklərindən bizə deyərsən?
- Yox. Bu məni aşan məsələdi. Amma məncə, bunu üzərinə ciddi düşmək lazımdı. Həm aşağı yaş qrupları üzrə millilərdə, həm də klublarda. Hərdən düşünürəm ki, mən nəinki əsas komandaların heyətində, bəlkə də əvəzedicilər arasaında da əslində ən gənc oyunçulardan biriyəm.
- Son sual, Rəşad Eyyubovun gələcək planları?
- Bir-iki il Azərbaycanda oynayıb. Mövqeyimi möhkəmlədəcəm. Sonra ancaq Avropaya...Yerli çempionatda çox qalan deyiləm. Əlbəttə, yaxın illərdə əsas milliyə yüksəlmək hədəfim də var.
Rüfət MƏMMƏDLİ,
“Sport-Favorit” qəzeti
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı
Amir Reza Ermənistanı deyil, Azərbaycanı seçdi
"Real"dan "Napoli"yə rədd cavabı
"Turan Tovuz"da ayrılıq
Kroyff idman direktoru olur
"İnter Mayami" Cənubi Amerika səyahətinə çıxır
Tanınmış futbolçu 5 ilə qədər həbs oluna bilər
Gəncə stadionu ilə bağlı son - Yenilik
Ter Ştegen bu kluba keçir
Kavani karyerasını başa vurdu
16 turda 16 böyükhesablı nəticə
Afrika Millətlər Kubokunun oyununda futbolçu huşunu itirdi
Ronaldo: "Oynamağa davam etmək çətindir"
“Qarabağ”ın rəqibindən hücumçu transferi
"Liverpul" 14 yaşlı ukraynalı futbolçu transfer etdi
Millimizin üzvü Superkuboku qazana bilmədi
“Napoli”nin qələbəsi - Video
“Tottenhem” səfərdə sevindi
“Milan” 3 xalı 3 qolla qazandı - Video
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi