“Levante” möcüzəsi

“Levante” möcüzəsi
XƏBƏR 24 Oktyabr 2011 / 16:32 2323
-  A +

İspaniya çempionatının son turunda səfərdə “Vilyareal”ı darmadağın edən “Levante” liderliyini davam etdirib. Qol.Az-ın məlumatına görə, Valensiya şəhərinin təmsilçisi La Liqa tarixində tək-tük komandalardan biridir ki, “Real” və “Barselona”nın olduğu çempionatda turnir cədvəlinə başçılıq etsin.

102 illik tarixi olan “Levante” ilk dəfə elitaya 1963-cü ildə vəsiqə qazanıb. Ancaq iki mövsümdən sonra yenidən birinci dəstəyə düşüb. Komanda tarixi ərzində ilk dəfədir ki, turnir cədvəlində liderliyi ələ keçirib.

Cari çempionatın ilk iki turunda heç-heçə oynayaraq, bir xala kifayətlənən Valensiya klubu sonrakı 6 oyunun hamısında qələbəyə sevinib. Maraqlıdır ki, komanda uğurlu seriyaya son vaxtlar transferə 100 milyon dollarla vəsait ayıran “Real” üzərində qələbə ilə başlayıb. Həmin qalibiyyətdən sonra, çoxları bunu təsadüf hesab etsə də, “Levante” sərgilədiyi oyun və əldə etdiyi nəticələrlə bunun belə olmadığını sübut etdi.

Komanda bundan əvvəlki turda “Malaqa”nı, son turda isə “Vilyereal”ı böyük hesabla (3:0) məğlub etməklə nəyə qadir olduğunu göstərdi. Bundan başqa, “Levante”nin geridə qalan 8 tur ərzində qapısından cəmi 3 top buraxıb, 14 qol vurması da onun uğurlarının təsadüfi olmamasından xəbər verir.

Diqqət çəkən bir digər məqam isə odur ki, klub rəhbərliyi mövsümöncəsi transferə cəmi 1,25 milyon dollar xərclyib ki, bu məbləğ də digər komandaların yeni futbolçular üçün ayırdığı puldan qat-qat aşağıdır.

Qeyd edək ki, “Levante” hazırda 20 xalla turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər