"Şaxtyor" rəsmiləri Qəbələdə

"Şaxtyor" rəsmiləri Qəbələdə
XƏBƏR 20 Oktyabr 2011 / 17:42 2371
-  A +

“Qəbələ” futbol klubunun dəvəti ilə Ukraynanın “Şaxtyor” komandasının rəsmiləri Azərbaycana səfərə gəliblər.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Donetsk təmsilçisinin strategiya və marketinq direktoru Cozef  Palmer və klubun futbol akademiyasının  direktoru Patrik Fon Liuven oktyabrın 20-dən 24-dək ölkəmizdə olacaqlar.  

“Şaxtyor” klubunun rəsmiləri səfər çərçivəsində Qəbələdə bir sıra işgüzar görüşlər keçirəcəklər. Qonaqlar komandanın baş məşqçisi Toni Adamsla görüşəcək, klubun bazası, eləcə də Qəbələ Futbol Akademiyası və Futbolun Kütləviləşdirməsi Departamenti ilə tanış olacaqlar.

Bundan əlavə “Şaxtyor” rəsmiləri U-11, U-13,  U-14 çempionatlarının Şimal-Qərb regionu üzrə oyunlarını izləyəcəklər. Ukrayna klubu nümayəndələrinin Azərbaycana səfəri bununla bitməyəcək. Qonaqlar daha sonra oktyabrın 23-də “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Qəbələ” matçını da izləyəcəklər.

Qeyd edək ki, Qəbələ təmsilçisi “Şaxtyor” klubu ilə əməkdaşlığı genişləndirmək və son illər xeyli inkişaf etmiş bu komandanın təcrübəsindən bəhrələnmək niyyətindədir. Bu məqsədlə bir müddət öncə  “Qəbələ” futbol klubunun baş meneceri Zaur Əzizov, marketinq üzrə meneceri Səməd Nəsibov və Qəbələ Futbol Akademiyasının direktor müavini Nail Kərimov Donetsk klubunda olmuşdular.

Son xəbərlər