“Belə çıxır ki, bu qədər adam yalan danışır, bir “Rəvan”ın əcnəbi oyunçusundan başqa?”

“Belə çıxır ki, bu qədər adam yalan danışır, bir “Rəvan”ın əcnəbi oyunçusundan başqa?”
XƏBƏR 18 Oktyabr 2011 / 17:56 2595
-  A +

“Qarabağ”ın azarkeş qruplarından “İmarət” fan-klubu “Rəvan” klubunun braziliyalı futbolçusu  Reis Klaudineinin Ağdam komandasını və azarkeşlərini təhqir etməməsi barədə fikirlərinə münasibət bildirib.

Qeyd edək ki, Klaudinei ümumiyyətlə, belə bir hadisənin yaşanmadığını iddia edir. “Rəvan” klubu rəhbərliyi də futbolçunun belə bir addım atmadığını deyib. Buna görə də məsələylə əlaqədar Qol.Az-ın müxbiri “İmarət” fan-klubu idarə heyətinin üzvü Rövşən Abbasova müraciət edib.

R.Abbasov əvvəlcə hadisənin necə baş verdiyini danışıb. Fan-klub rəsmisi futbolçunun Qarabağı təhqir edib, qeyri-etik əl hərəkəti göstərməsini dönə-dönə təsdiqləyib: “Həmişəki qaydada futbola baxmağa getmişdik. Birinci dəfə deyildi. Hətta elə olub ki, rəqib komanda “Qarabağ”ı udub, ancaq biz onları alqışlarla yola salmışıq. Bu günə qədər biz tərəfdən nəinki futbolçulara, heç hakimə qarşı da hörmətsizlik, artıq bir hərəkət olmayıb. Heç vaxt kimisə söyməmişik. Ancaq “Rəvan”la oyunun son dəqiqələrində qol vuruldu. Biz həmişəki kimi susqun durmuşduq. Dilxor olduğumuz üçün yerimizdə sakit dayanmışdıq. Bu zaman rəqib komandanın futbolçuları sevindiyi halda, Klaudinei barmaq göstərib bizi təhqir eləməyə başladı. Bizim uşaqlar da hirsləndilər. Hətta bəziləri stadiona girmək istədilər. Ancaq polislər qoymadılar. Onlar da Allah şahididilər ki, futbolçu “Qarabağ” klubunu söydü. Hətta bizi sakitləşdirmək üçün dedilər ki, qələt eləyir, futbolçudur. Ona görə də polis bizi buraxmadı. Biz də dedik ki, sivil qaydada müraciət edək. Rəhbərləri bilsin ki, futbolçuları belə bir hərkətə yol verib. Sonra onların mətbuat katibinin nömrəsini tapdıq. Bir saata qədər ləngidik. Görüşüb, üz-üzə söhbət elədik. Olanların hamısını dedik və tələb etdik ki, futbolçunuzla bağlı tədbir görün. O da dedi ki, baş üstdə. Hətta onların işçilərindən bir-iki nəfər var idi, dedilər ki, biz də qarabağlıyıq. Söyüb, qələt eləyib, özümüz başa salacağıq. Sonra mətbuat katibi bizə zəng edib dedi ki, internet saytlarında xəbər çıxıb. Biz də dedik ki, çıxıbsa, olanları demişik, olmayanları deməmişik ki. Sonra bizə bildirdilər ki, klub prezidentimizə demişik, onunla bağlı tədbir görüləcək. Bizim də bir üzvümüz ona dedi ki, həmin futbolçu mənim özümü, şəxsiyyətimi söysə, qarşısını kəsib, özüm öz bildiyimi edərəm. Amma burada söhbət Qarabağdan gedir. “Fuck Qarabağ” deyib, əli ilə əxlaqsız jest eləmək nə deməkdir? Bu gün Qarabağ Azərbaycanın ən yaralı yeridir”.

Abbasov legioner futbolçunun bu cür ifadələr işlədib, belə hərəkətlərə yol verməsini klubun günahı hesab edir: “Bu gün hər hansı əcnəbi gəlib, Azərbaycanda oynayır və pul qazanırsa, o, bu ölkənin dəyərlərini bilməli və hörmət etməlidir. Bu isə birbaşa klubun günahıdır ki, həmin futbolçunu təlimatlandırmayıb. Bunu Azərbaycanda heç bir komanda etmir.  “Rəvan” rəhbərliyi də futbolçunu qabağa verib deyir ki, o, belə hərəkət etməyib. Onda belə çıxır ki, bu qədər adam yalan deyir, amma həmin əcnəbi düz danışır. Tam səmimi deyirəm ki, bu gün nəinki futbol adamları, futboldankənar şəxslər də Reis ilə haqq-hesab çəkmək istəyirlər. Əgər onun haqqında heç bir tədbir görülmürsə, mən təminat vermirəm ki, sabah Klaudinei evinin qabağında döyülməyəcək. Qarabağ uğrunda döyüşən insanlar deyirlər ki, mən gedib müharibədə yara almışam ki, hansısa bir əcnəbi gəlib, Qarabağı söysün. Özü də mənim torpağımda yaşaya-yaşaya.

Ən birinci problem klubların gələn əcnəbi futbolçunu məlumatlandırmamasıdır. Ona Azərbaycanla bağlı heç bir məlumat verilmir. Biz bir söz demirik. Ya öz futbolçularını cəzalandırsınlar, ya da bəyanat versinlər ki, söyüb, səhv edib. Futbolçumuzu təlimatlandırmışıq, bir də belə şey olmayacaq. “Nurgün Motors” Azərbaycanda öndə gedən şirkətlərdən biridir. Burada vergi verir, pul qazanır, həmin pulla futbolçu alır, oyunçu isə gəlib Azərbaycanı söyür. Söyülənlər arasında şirkətin rəhbərləri də var. Onlar da azərbaycanlıdılar. Burada hamının müqəddəratı müzakirə mövzusudur. Biz Lomayanı, Sissokonu da qınamışıq. Ancaq bunlara qarşı heç bir tədbir görülmür. Yerindən qalxan insan təhqiramiz ifadələr işlədəcək, buna isə göz yumulacaq”.


Son xəbərlər
01.06.24  10:46

Pulsuz mərc gəldi!