"İmarət"dən "Dalğa Arena"ya qədər

XƏBƏR 29 Sentyabr 2011 / 14:03 1691
-  A +

Ağdamın "Qarabağ" klubu Premyer Liqanın VIII turu çərçivəsində sabah "Turan"ı qəbul edəcək. 

Qol.Az-ın məlumatına görə, bütün çempionatların iştirakçısı olan bu komandalar milli birincilikdə yubiley – 40-cı  oyununa "Dalğa Arena"da çıxacaqlar.  Bəs, arxada qalan 39 oyunun rəqəmləri nəyi göstərir?

Ümumiyyətlə, "Qarabağ" - "Turan" rəqabətində ilk oyun Ağdamdakı "İmarət" stadionunda baş tutub. 1992-ci ildə keçirilən ilk çempionatda 1:1 hesabı qeydə alınıb. Mayın 18-də Əmir Zamanovun  idarə etdiyi oyunda Mahir Əliyev komandanı 5-ci dəqiqədə önə keçirsə də, sona 4 dəqiqə qalmış qonaqlar Rüfət Quliyevlə hesabı bərabərləşdirə biliblər.

13 iyulda isə Tovuzda cavab oyunu baş tutub və Gülağa Cabbarovun idarə etdiyi, 5000 azarkeşin izlədiyi oyunda meydan sahibləri Vidadi Rzayev və Sakit Alıyevin qollarıya 2:0 hesabıyla qələbə qazanıb. "Qarabağ"ın tarixi ərzində ilk çempionluğunu qazandığı 1993-cü ildə "Turan" üzərində ilk qələbəsini qazanıb.

Çempionatın fərqli formatıyla əlaqədar komandalar təsnifat mərhələsində üz-üzə gəlməyiblər. Sumqayıtda, M.Hüseynzadə adına stadionda baş tutan yeganə yarımfinal oyununda (Oyunların sayının tək olması məhz həmin ildə baş tutan oyunla bağlıdır) komanda 102-ci dəqiqədə hazırda "Qarabağ"da məşqçi kimi çalışan Yaşar Hüseynovun vurduğu qolla qalib gələrək finala yüksəlib (Finalda Xəzər (Sumqayıt) yenə də Hüseynovun vurduğu qolla məğlub edilib).

Ağdam işğal olunan ildə "Qarabağ"la "Turan" çempionatla yanaşı kubokun da ½ mərhələsində qarşılaşıblar. 12 mayda doğma rayonda baş tutan və 8000 azarkeşin izlədiyi oyunda bu dəfə də Yaşar Hüseynovun vurduğu tək qol qələbə gətirib. Cavab görüşündə də  Mahir Əliyev və Mehman Alışanovun vurduğu qolla 2:1 hesabıyla qalib gələn komanda finala yüksəlib. Sonda "İnşaatçı"nı (Sabirabad) Müşfiq Hüseynovun qoluyla məğlub edərək "qızıl dubl"u reallaşdırıb...

Sabahkı oyunda "Qarabağ" 3 xalı qazansa, rəqib üzərində 40-cı oyunda 18-ci dəfə qələbəyə sevinəcək. "Turan" isə indiyə kimi 14 oyunda qələbə qazanıb. Amma tovuzluların 3 qələbəsi texniki qələbəylə qazanılıb. 1995/96, 98/99 və 2000/01 mövsümlərində qeydə alınan texniki qələbələr "Qarabağ"ın ağır durumlarında qeydə alınıb.

Maraqlıdı ki, "Turan"ın 3 böyük hesablı qalibiyyətinin 2-i məhz həmin mövsümlərdə qeydə alınıb, 95/96-da 0:3,  00/01-də 2:5. 2004/05 mövsümün son turunda tovuzlular "Qarabağ" üzərində ən böyük qələbələrini qeyd ediblər, 4:0.

Əvəzində "Qarabağ" 4 dəfə eyni uğura imza atıb. 97/98-də 5:1, 01/02-də 5:2, 03/04-də isə 4:0-lıq qələbələr qazanıb. Tərəflər arasında ötən mövsüm fevralın 25-də Suraxanı qəsəbə stadionunda baş tutan qarşılaşmada isə "Qarabağ" tarixində 4-cü dəfə "Turan"ı böyükhesablı məğlubiyyətə uğradıb, 5:1.

Ümumiyyətlə, "Qarabağ" klubu son illərdə "Turan"a qarşı olduqca uğurlu çıxış edir. "Qarabağ" çempionatda rəqibinə sonuncu dəfə 2006-2007 mövsümündə məğlub olub. 2006-cı ilin dekabrın 13-də Tovuzda baş tutan qarşılaşmada Böyükağa Ağayevin başçılıq etdiyi komanda 3:1 hesabıyla məğlub olub. Ağayevin "Qarabağ"ın başındakı sonuncu matçında komandanın tək qoluna imza atan Müşfiq Hüseynov bununla da karyerasını bitirərək "Qarabağ"da məşqçilik karyerasına başlayıb. Başqa sözlə 5 ildir ki, "Qarabağ" "Turan"a məğlub olmur.

"Qarabağ"ın "Turan"a qarşı sonuncu ev məğlubiyyətindən 10 ildən çox keçir.  2000/01-də mayın 5-də OİK stadionda qeydə alınmış 2:5-lik məğlubiyyət sonuncudur. Həmin oyundan sonra komanda 9 ev oyununda məğlubiyyət görməyib. Ümumiyyətlə, "Qarabağ" sonuncu dəfə rəqibinə 07/08 mövsümündə xal verib, 0:0. Son 6 görüşün hamısında isə "Qarabağ" tovuzluları məğlub edib. Keçirdiyi 39 görüşdə 51 dəfə rəqibinə qol vuran komanda, 39 dəfə qapısından topu çıxarıb.

"Qarabağ"la "Turan" 5 kubok mövsümündə  qarşılaşıblar. Baş tutan 9 qarşılaşmada 7 dəfə qələbə qazanıb, 1 dəfə məğlub olub. Qarşıdurma tarixində baş tutan yeganə heç-heçə isə ötən mövsüm qeydə alınıb, 0:0. Penaltilərlə növbəti mərhələyə çıxan "Turan" ilk dəfə bunu bacarıb. 14 dəfə rəqibini meydanın mərkəzinə dəvət edən "Qarabağ" "Turan"a 5 dəfə eyni sevinci yaşadıb.

Mənbə: "Qarabağ"ın rəsmi saytı 

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır