“Turan”ın bütün futbolçuları komandanı tərk etdi

“Turan”ın bütün futbolçuları komandanı tərk etdi
XƏBƏR 23 Sentyabr 2011 / 19:42 2429
-  A +

“Rəvan”la oyundakı məğlubiyyətdən sonra “Turan” klubunun futbolçuları əvvəlcədən verdikləri sözə əməl ediblər. Maliyyə problemi yaşayan əyalət təmsilçisinin üzvləri də baş məşqçi Əsgər Abdullayevin istefasından sonra komandanı tərk ediblər. Artıq bütün oyunçular yerli azarkeşlərlə vidalaşaraq, Tovuzdan ayrılıblar.

Məlumatı Qol.Az-ın müxbiri ilə söhbətində “Turan”ın kapitanı Ramal Hüseynov da təsdiqləyib. Hüseynov artıq Tovuzdan ayrıldıqlarını bildirib: “Bugünkü oyuna azarkeşlərimizin istəyilə çıxmışdıq. Artıq hamı ilə vidalaşıb, yola çıxmışıq. Tək mən yox, bütün futbolçular komandadan ayrılıblar”.

Hüseynov maliyyə vəziyyəti düzəlməyənə və maaşlarını almayana qədər “Turan” klubuna geri dönməyəcəklərini söyləyib: “Biz qərarımızı vermişdik. Komandadan ayrıldıq. Maliyyə problemi həll olunana və bizə zəng vurub çağırana qədər Tovuza qayıtmayacağıq. “Turan”dan ayrılarkən, bəzi klub rəsmiləri bizə dedilər ki, getməyin hər şey yaxşı olacaq. Biz də bildirdik ki, hər şey yaxşı olsun, biz qayıdacağıq”.

Son xəbərlər