Azərbaycanlı futbolçu Rusiya millisinə dəvət almasından danışdı
Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya millisinə dəvət almasına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, azərbaycanlı futbolçu yığmaya dəvət almasını normal qarşıladığını söyləyib. Ancaq Səmədov hələlik federasiyadan bununla bağlı zəng gəlmədiyini bildirib:
“Təəssüratlarım normaldır. Milliyə dəvət aldığımı 10 dəqiqə öncə jurnalistlərdən öyrəndim”.
Meydana çıxarkən yalnız “Dinamo”nu düşündüyünü deyən yarımmüdafiəçi Rusiya millisində yarımmüdafiənin istənilən mövqeyində oyanamağa hazır olduğunu söyləyib:
“Meydanda olarkən, ancaq Dinamo“nu düşünürəm. Başqa şeylərə fikir vermirəm. Milli komandada istənilən mövqedə oynamağa hazıram”.
Səmədov Avro-2012-nin seçmə mərhələsində Slovakiya millisi ilə qarşıdakı oyun barədə isə bunları deyib:
“Slovakiya ermənilərlə oyunda məğlub olsa da, yaxşı təsir bağışladı. Bir sözlə - çox təhlükəli rəqibdir. Bunu Moskvadakı ilk oyunda da sübut etdilər”.