Mehmet Ak: “Neftçi”dən ayrılmamışam”

Mehmet Ak: “Neftçi”dən ayrılmamışam”
XƏBƏR 14 Sentyabr 2011 / 18:50 1723
-  A +

“Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Mehmet Ak “Neftçi”dən ayrılması ilə bağlı mətbuatda gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Türkiyəli mütəxəssis Qol.Az-ın müxbiri ilə söhbətində yayılan xəbərlərin həqiqətəuyğun olmadığını bildirib. Ak sentyabrın 24-də yenidən Bakıya qayıdacağını bildirib:

“Mətbuatda çıxan xəbərləri oxudum. Klubdan ayrılmağımla bağlı yayılan məlumatlar doğru deyil. “Neftçi”dən ayrılmamışam. Bu komandanı nə qədər sevdiyimi hamı bilir. “Neftçi” üçün çəkdiyimiz əziyyətin bəhrəsini də ötən mövsüm çempion olmaqla gördük. “Ağ-qaralar”la müqaviləm var. Yenə deyirəm  komandadan getməmişəm. İnşallah, ayın 24-də yenidən Bakıya qayıdacağam”.

Hazırda Türkiyədə olan çalışdırıcı bunun tək şəxsi işləri ilə deyil, həm də klubun mənafeyi ilə əlaqəli olduğunu söyləyib:

“Hazırda Türkiyədəyəm. Ancaq bu, tək şəxsi işlərimlə əlaqəli deyil. Komandanın prezidenti Sadıq Sadıqovla bir layihə üzərində fikir mübadiləsi etdikdən sonra Türkiyəyə gəldim. Layihədə daha çox klubun aşağı yaş qruplarının inkişafı nəzərdə tutulub. Burada bəzi görüşlərim olacaq. Bilirsiniz ki, Sadıq müəllim komandanın gəncləşdirilməsinə, yerli futbolçuların üzə çıxarılmasına çox önəm verir. Sadıqov bu günə qədər “Neftçi” üçün çox işlər görüb”.

Mətbuatda özü haqqında gedən digər yazılara da münasibət bildirən mütəxəssis Böyükağa Hacıyevin gəlişindən sonra komandanın fiziki hazırlıqlarında iştirak etmədiyini bildirib:

“Mətbuatda haqqımda bəzi yazılar gedib. Komandanın son iki oyundakı məğlubiyyətinin günahkarı kimi məni göstərirlər. Bütün məsuliyyəti mənim üstümə atırlar. Mən isə bunu qəbul etmirəm. Çünki onsuz da Böyükağa Hacıyevin gəlişindən sonra bu işlə özü məşğul olacağını bildirdi. Mən də ona dedim ki, əgər nə vaxtsa, mənim köməyimə ehtiyac olsa, hazıram. Lakin bir daha deyirəm ki, Hacıyevin gəlişindən sonra məşqlərdə iştirak etmişəm. Lakin bütün fiziki-taktiki planları Hacıyev özü verib. Mən heç nəyə qarışmamışam”.

Son xəbərlər