Azərbaycan millisi tarixində bir ilkə imza atdı
AÇ-2012-nin seçmə mərhələsindəki Qazaxıstanla oyun millimizin 178-ci görüşünə təsadüf edib.
Qol.Az-ın məlumatına görə, tarixi ərzində 177 oyuna çıxan komandamız 30 qələbə qazandığı halda 44 heç-heçəyə imza atmışdı.
Bu görüşlərdən 103-də isə komandamız meydanı başıaşağı tərk etmişdi. Son 7 qarşılaşmasında – Çernoqoriya (0:2), Macarıstan (0:2), Belçikaya (1:4), Qazaxıstan (1:2), Almaniya (1:3) və Makedoniyaya (0:1) uduzan millimiz Belçika ilə oyunda heç-heçəyə (1:1) imza atmışdı.
Lakin Qazaxıstanla oyunda yığmamız qələbəsiz seriyaya son qoymaq niyyətində idi ki, bunu da bacarıb. 7 oyunluq seriyanı qıran Berti Foqtsun komandası qələbə qazanmaqla yanaşı, tarixi ərzində ilk dəfə olaraq seçmə mərhələdə 7 xal toplayıb. Bu, eyni zamanda komandamızın AÇ-2012-nin seçmə mərhələsində ikinci qələbəsi olub.
Bu günə qədər millimiz ən yüksək xalını Əsgər Abdullayevin rəhbərliyi altında AÇ-2004-ün seçmə mərhələsi çərçivəsində qazanıb. Həmin vaxt Serbiya ilə dueldə 4 xal qazanan millimiz, evdə Makedoniya ilə heç-heçə oynamışdı. Bununla da, yığmamız həmin seçmə mərhələni 5 xalla başa vurmuşdu.
Bu günə qədər keçirdiyi görüşlərdə 119 dəfə rəqib qapısına yol tapan yığmamız 319 dəfə topu öz qapısında görmüşdü. Lakin Qazaxıstanla oyundan sonra komandamız vurduğu qolların sayını 122-yə çatdırıb.
AÇ-lərin seçmə mərhələlərində 47 oyunda 4 qələbə qazanıb, 6 dəfə heç-heçə edən millimiz 5-ci qələbənin intizarında idi. 37 dəfə məğlub olan komandamızın 25 top vurub, 122-ni buraxdığını da qeyd edək. Lakin milli komandamız seçmə mərhələ tarixində 5-ci qələbəsini qazanmaqla daha bir uğura imza atmış oldu.