Mirça Rednik 20-ci qələbəyə doğru

Mirça Rednik 20-ci qələbəyə doğru
XƏBƏR 27 Avqust 2011 / 13:07 2009
-  A +

Bugün “Xəzər Lənkəran” Premyer Liqada növbəti səfər oyununa çıxacaq. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Rəvan”ın qonağı olacaq komanda çempionata uğurlu startın davamını gətirməyə çalışacaq.
 
Komandaların geridə qalan həftələrdə əldə etdikləri göstəricilər kifayət qədər fərqlidir. “Xəzər Lənkəran” hər üç oyunda qalib gəldiyi halda, “Rəvan”ın aktivində yalnız bir xal var. Bu xal son turda “Simurq”a qarşı keçirilmiş oyunda qazanılıb. Bu səbədən rəqibin növbəti məğlubiyyəti almamaq üçün tam gücü ilə oynayacağını gözləməyə dəyər.
 
“Xəzər Lənkəran” bu mövsüm hələlik yeganə səfər oyunundan 3:0 hesablı qələbə ilə dönüb. Bu nəticə AZAL ilə oyunda qeydə alınıb. “Rəvan” isə ikinci turda evdə “Neftçi”yə 0:1 hesabı ilə məğlub olub.
 
Üç turdan sonra "Xəzər Lənkəran" çempionatda ən çox qol vurmuş tərəfdir. Üç başlanğıc turunda vurulmuş 8 qol klub tarixində ən yaxşı nəticədir. “Rəvan” isə çempionata hələlik 3 dəfə fərqlənməyi bacarıb. “Xəzər Lənkəran” iki qol buraxdığı halda, rəqib beş dəfə topu qapısında görüb.
 
Bu oyun komandaların qarşılaşdığı ilk görüş olacaq. 2009-cu ildə əsası qoyulan “Rəvan” birinci divizionda ikinci pilləni tutaraq bu mövsüm yüksək dəstədə oynamaq şansı əldə edib. Xatırladaq ki, digər debütant “Sumayıt Şəhər” komandası ilə “Xəzər Lənkəran” ilk turda qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
 
Komanda bu oyuna tam heyətlə hazırdır. Baş məşqçinin qərar verəcəyi halda, yeni transferlər Antonio Semedo və Mario Rosas məhz “Rəvan”la qarşılaşmada öz debütlərini edə bilərlər. Üç turdan sonra müvafiq olaraq üç və iki dəfə fərqlənmiş Opara və Subaşiç də görüşə hazır vəziyyətdədirlər.
 
Qarşıdan gələn oyunda meydana çıxacağı təqdirdə Elvin Beqiri “Xəzər Lənkəran” formasında 50-ci oyununu keçirəcək. Həmçinin “Rəvan”la oyun Emeka Opara üçün komandanın heyətində 45-ci, Katalin Doman üçün isə 30-cu qarşılaşma ola bilər.
 
Bu turda da qalib gələcəyi halda Mirça Rednik “Xəzər Lənkəran”la ölkə çempionatı çərçivəsində iyirminci qələbəsini əldə edəcək. Ümumilikdə isə tarixi ərzində müxtəlif yarışlarda 149 qələbə qazanan komanda bu gün 150-ci dəfə oyunu qalib tərk etmək şansına malikdir.
 
Matç həmçinin “Xəzər Lənkəran”ın bu il istifadəyə verilmiş “Dalğa Arena” stadionunda ilk oyunu kimi də tarixə düşəcək.

Son xəbərlər
26.06.25  02:10

Messi, Buskets, Alba...