Georgi Nikolov: "Bizim böyük ambisiyalarımız var"

XƏBƏR 28 İyul 2011 / 01:27 1932
-  A +

“İnter”in prezidenti Georgi Nikolov klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, Nikolov klub rəhbərliyinin və inzibati heyətin mövsümlərarası dövrü necə keçirməsi, “Şəfa” stadionunda aparılan təmir işləri, komandanın ambisiyaları barədə danışıb və yayda Azərbaycanın bəzi klubları ətrafında baş vermiş hadisələrə münasibətini bildirib.

- Öncə bilmək istərdik ki, “İnter”in rəhbərliyi və inzibati heyəti mövsümarası dövrü necə keçirir?

- Demək istəyirəm ki, avrokuboklara düşməməyimiz sözün yaxşı mənasında ambisiyalarımıza yenidən nəzər salmağımıza imkan yaratdı. Fasilə etmək və dincəlmək mümkün oldu. Komandamız hazırda növbəti mövsümə fəal şəkildə hazırlaşır. Biz isə Bakıda yalnız əsas komandanın deyil, “İnter”in digər komandalarının da fəaliyyətinin daha yaxşı təşkil olunması üzərində çalışırıq. Biz çalışırıq ki, onlara hərtərəfli dəstək verək və lazımi köməklik göstərək. Hazırda növbəti mövsüm üçün klubun ümumi büdcəsi tərtib edilir. Biz maliyyə restrukturizasiyası və maliyyə vəsaitinin daha çox mənfəət əldə ediləcək istiqamətlərə yönəldilməsi üzərində çalışırıq.
 
- Stadiondakı yenidənqurma işləri nə yerdədi?

- Stadionumuzda hazırda təmir işləri aparılır. Soyunma otaqları genişləndirilib, mətbuat konfransı zalının ümumi görünüşü dəyişdirilib. Əsas meydançada qazonu dəyişdirməyi planlaşdırırdıq, lakin təəssüf ki, bunu həyata keçirmək mümkün olmadı. Belə ki, bizim qazonu dəyişdirməyə, sadəcə, vaxtımız çatmadı. Bununla belə, avqust ayında əsas meydançada kosmetik təmir işləri aparacağıq. Meydana müəyyən miqdarda rezin qırıntıları səpəcəyik ki, bu da qazonun keyfiyyətini hiss olunacaq dərəcədə yaxşılaşdıracaq. Hazırda beton işlərinin yekun mərhələsindəyik. Şüşələmə işlərinin təxminən 70 faizi başa çatıb. Qarşıda bizi bəzək işləri gözləyir ki, bu da çox zaman, əmək və vəsait tələb edir. Buna görə də, tikintinin başa çatdırılması üzrə konkret müddət təyin etmək istəmirəm, lakin gələn ilin sentyabr ayında Azərbaycanda keçiriləcək U-17 qadınlar arasında Dünya Çempionatının bəzi oyunlarının məhz “Şəfa” stadionunda baş tutacağını nəzərə alsaq, o zaman demək istəyirəm ki, kompleksimiz yarışların əvvəlinə hazır olmalıdı. Stadionda təmir-tikinti işlərinin 2012-ci il iyul ayının sonunadək başa çatdırılmasını qarşımıza məqsəd qoymuşuq. O vaxta kompleks istismara hazır olacaq.
 
- Mövsümarası dövrdə komandanı bir çox futbolçu tərk etdi, onların arasında Aleksandr Çertoqanov kimi əsas oyunçunu qeyd etməyə dəyər. Lakin gedən futbolçuların əvəzinə yalnız bir neçə oyunçu gəlib. Necə düşünürsünüz, bu vəziyyət komandanı zəiflətməyəcək?

- Müasir futbolda futbolçunun bir komandada eyni səviyyədə bir necə il ard-arda oynaması nadir hallarda baş verir. Elə həmin Çertoqanovu nümunə göstərək. “İnter”də o, iki mövsüm keçirdi və ona belə görünür, atmosferi dəyişmək lazım gəldi. O, öz seçimini etdi və biz də ona maneə yaratmadıq. Əgər hər hansı bir futbolçu, hətta əsas oyunçulardan biri olsa belə, komandadan gedərsə, hesab etmək olmaz ki, komanda dağılacaq və liderlərdən biri olmayacaq. Mən hesab edirəm ki, biz yerli “bazarda” yaxşı iş apardıq və komandamızda görmək istədiyimiz azərbaycanlı futbolçuları əldə etdik. Onlar təqdimata ehtiyacları olmayan futbolçulardı və öz oyunlarıyla səviyyələrini təsdiqləyəcəklərinə əminəm. Hələlik biz legioner transferini yekunlaşdırmamışıq, lakin bu proses komanda Bakıya qayıtdıqdan sonra da davam edəcək. Axı, transfer pəncərəsi avqustun 31-dək açıq olacaq və mən düşünürəm ki, komandanın baş məşqçisi Kaxaber Tsxadadze bu məsələnin ən doğru həllini tapacaq. Deyim ki, avrokuboklara düşməməyimiz bizə transferlər üçün çox zaman verdi. Bu məsələdə biz tələsməməli və doğru seçim etməliyik.
 
- Yeni mövsümdə komandanın qarşısına hansı vəzifələr qoyulacaq?

- Bizim böyük ambisiyalarımız var. Biz orta məqsədlər üçün mübarizə apara bilmərik. “İnter” çempionluq və kubok uğrunda mübarizə aparacaq. Bundan başqa, bizim məqsədimiz avrokuboklarda mümkün qədər daha uğurla çıxış etməkdən ibarətdi.
 
- “İnter”də yeni mövsümdə hansı yenilikləri görə biləcəyik?

- Mən “İnter”in Uşaq Gənclər Futbol Məktəbini (UGFM) ötən mövsümdə böyük həcmli iş görməsinə görə çox tərifləmək istəyirəm. UGFM ideyalarıyla bizi sevindirir, orada kifayət qədər yaxşı rəhbər heyəti toplaşıb və hər bir rəhbər uşaqların tədrisi üzrə şəxsi metodikasını hazırlayıb. Məhz bunu mən bizim “nou-hau”larmızdan biri hesab edirəm və düşünürəm ki, tezliklə məktəb öz bəhrəsini verəcək. UGFM-nin inkişaf layihəsinin rəhbəri Valentin Xodukinin, məktəbin rəhbəri Rövşən Babayevin və digərlərinin cəhdləri sayəsində məktəbimiz hazırda Azərbaycanda ən yaxşı məktəblərdən birinə çevrilib. “İnter”in ikinci komandasının heyətində də bəzi dəyişikliklər həyata keçirdik. Keçmiş məşqçi qüvvəsini başqa klubda sınamaq istədi. Biz görülmüş işlərə görə ona minnətdarlıq etdik və komandanı yeni məşqçi Tofiq Mustafayevə tapşırdıq. O, bizim ideyaları, konsepsiyamızı davam etdirdi. Axı, əvəzedici heyətdə yalnız gənclər olmalıdırlar və kənardan kimisə dəvət etmək niyyətimiz yoxdu. Komandanın heyəti əsasən klubun yetirmələrindən ibarət olmalıdı. Yeni məşqçiyə “İnter”in əsas komandası üçün kadrların hazırlanması missiyası da həvalə edilib. Biz əsas komandanın ayrılmaz hissəsi olan “İnter-2” adlanan prosesi davam etdirəcəyik. Kaxaber Tsxadadze cari mövsümdə əvəzedici heyətdən cəlb ediləcək oyunçuların sayını artırmağı planlaşdırırdı. Əgər səhv etmirəmsə, əsas komandada 5 futbolçu olacaq və onların hamısı əsas heyətə düşmək uğrunda mübarizə aparacaqlar. Bu isə o, deməkdi ki, onlar daha da güclənəcəklər.
 
- Çempionatın başlanmasına az qalıb. “İnter” isə mövsümü “Turan”la oyunla açmalı olacaq...

- Bizə asan rəqib düşməyib. “Turan” Azərbaycan futbolunun ənənəsini daşıyan klublardan biridi. Hazırda bu komandaya müdafiə oyun tərzinə üstünlük verməsilə tanınan kifayət qədər məşhur və kifayət qədər istedadlı məşqçi rəhbərlik edir. Mən hətta eşitmişəm ki, o, bizə sürpriz vəd edib. Lakin demək istəyirəm ki, onun sürprizi bizə əvvəlcədən məlumdu - bu, müdafiədə 11 futbolçu və mümkün olanda əks-hücumdu. Oyun asan olmayacaq. Amma mən hər halda düşünürəm ki, sürpriz elə “Turan”la və onun baş məşqçisiylə qalacaq.
 
- Siz çempionatın indiki sistem üzrə keçirilməsinin ən əsas əleyhdarlarından birisiniz. Komandaların “altılığa” bölünməsi məsələsində nə xoşunuza bilmir?

- Bu sistem mənə nəinki xoşuma gəlir, hətta etiraf edim ki, o məni sadəcə qıcıqlandırır. Qoy başqaları təsdiqləsinlər ki, bu sistem Azərbaycan futbolunu inkişaf etdirir. Lakin belə demək o halda olar ki, Azərbaycanın bütün 4 təmsilçisi avrokuboklarda mərhələ keçsinlər. Ancaq hələlik başqalarının cəfasını “Qarabağ” çəkirsə, o zaman bunu demək olmaz. Biz bu sistem üzrə artıq üç mövsümdü oynayırıq, ancaq mənə deyin, bu sistem bizə nə verdi? Heç nə! 6 klubu yüksək yerlər uğrunda mübarizədən ayırmaq, sadəcə, idman prinsiplərinə ziddi. Bu, doğru deyil, bu, yalnız həmin klubları yüksək yerlər uğrunda mübarizəyə müdaxilə etmək imkanından məhrum edir. Bu 6 klubu təcrid etmək tamamilə xeyirli heç nə vermir. Düşünürəm ki, əvvəldən sonadək 12 komanda bir qazanda “qaynamayanədək”, Azərbaycan klublarının Avropada göstərəcəkləri nəticələrdə irəliləyişin şahidi ola bilməyəcəyik.
 
- Azərbaycanda futbol yayı xüsusilə də kədərli hadisələr baxımındna çox zəngin oldu. Belə ki, Premyer Liqaya vəsiqə qazanmış “Abşeron” klubu buraxıldı, “Muğan” artıq çempionatda iştirak etməyəcək. Ən son “Xəzər Lənkəran” komandasının kədərli gələcəyi barədə şayiələr dolaşmağa başladı. Bütün bu proseslər barədə fikirlərinizi bilmək istərdik...

- Digər klubların daxili problemləri barədə danışmaq mənə çətindi. Demək istəyirəm ki, “Abşeron” komandasının buraxılmasından çox təəssüflənirəm. Mən “Abşeron” rəhbərliyinin işə entuziazmla yanaşmasını görmüşəm. Onlar doğru yol seçmişdilər, yerli kadrlara üstünlük vermişdilər, yüksək liqaya çıxdılar, lakin birdən klub buraxıldı. “Abşeron” mühərrik kimi futbol üfüqündə göründü və bir anda da oradan yox oldu. Doğrusu, üfüqdə “Rəvan” klubu peyda olan zaman eyni hal “Muğan”la baş verəcəyini düşünürdüm. Bilirdim ki, elitada bu iki klublardan biri çıxış edəcək. “Xəzər Lənkəran” komandasına gəldikdə isə səmimi deyə bilərəm ki, mən orada hadisələrin inkişafından məlumatım yoxdu. Lakin düşünürəm ki, Lənkəran komandası fəaliyyət göstərməlidi. Ola bilər ki, Lənkəran klubu ətrafında cərəyan edən proseslər, yeni mövsümdə “Muğan” və “Abşeron” komandalarının iştirak etməmələri bəzilərini sevindirir. Lakin heç kimə zəif çempionat lazım deyil, əksinə, o hər ötən il daha da güclü olmalıdı.
 
- Sizin klubun rəsmi saytındakı bloqda yazdığınız maraqlı məqalələrə alışmışıq. Lakin son vaxtlar fasilə götürmüsünüz və artıq bir aydır yeni heç nə yazmamısınız. Qarşıdakı mövsümdə oxucuları yeni yazılarınızla sevindirəcəksiniz?

- Bilirsiniz, hansısa maraqlı material yazmaq üçün ilham lazımdı, ancaq səni yalnız tikinti və tikinti materialları əhatə edirsə, bunu etmək çox çətindi. Lakin yeni mövsümdə aktual mövzular barədə fikirlərimi bölüşəcəyəm.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?