Vitali Tarakanov: "Hər danışan ağıza dəsmal basa bilməzsən"

Vitali Tarakanov: "Hər danışan ağıza dəsmal basa bilməzsən"
XƏBƏR 6 İyul 2011 / 23:46 1953
-  A +

"Sabahkı oyunumuzda şanslar bərabərdir. Hansı komanda xarakter göstərsə, o da qalib gələcək". Qol.Az-ın məlumatına görə, bunu Belarusun "Minsk" klubunun baş məşqçisi Vitali Tarakanov AZAL-la Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü öncəsi keçirdiyi mətbuat konfransında deyib.
 
O, müsbət nəticəyə ümid etdiyini bildirib. Belarus çempionatının iyulun 4-də keçirilmiş 16-cı turunda "Şaxtyor"la görüşdə bir neçə oyunçusunu qoruduğunu söyləyən Tarakanov AZAL-la görüşə daha yaxşı hazırlaşmaq niyyətində olduqlarını bildirib. Baş məşqçi komandasını penaltilər seriyasına hazır saysa da, matçın penaltilər seriyasınadək uzanmasını istəmir: "Bu, ev oyunudur, qalib gəlmək lazımdır. Turnirdə mümkün qədər uzağa getmək istərdik. Bakıda vurduğumuz qol bizə üstünlük verir. Lakin öz meydançamızda qapanan deyilik. Biz hücum komandasıyıq. Rəqib birinci qol vursa, oyunun mənzərəsi dəyişəcək. O zaman açılmalı və böyük qüvvə ilə irəli atılmalıyıq. Amma ümidvaram ki, ilk qolu biz vuracağıq". 

Təcrübəli mütəxəssis AZAL-ın heyətində legionerlərin səviyyəsindən təəccübləndiyini söyləyib. Onun fikrincə, komandamızın əcnəbi futbolçuları böyük rola malikdirlər: "Orta xətt çox mobildir. Buna görə də cavab görüşü ciddi sınaq olacaq. Rəqibimizin də açıqlamalarından qələbəyə çox ciddi kökləndikləri məlum olur". 

Vitali Tarakanov rəqib həmkarı Nazim Süleymanovun "Azərbaycan çempionatında "Minsk" ilk "6-lığ"a daxil ola bilməzdi" açıqlamasına da münasibət bildirib. Onun sözlərinə görə, belə açıqlama heç də xoş deyil. Tarakanov deyib ki, hər şeyin yaşıl meydanda məlum olacağını yetirmələrinə anlatacaq: "Nə istəsən, danışmaq olar. Hər danışan ağıza dəsmal basa bilməzsən. Hər şey meydançada həll olunacaq. Sizin klublarda 8, bizdə isə 4 legioner çıxış edə bilər. Əcnəbiləri meydançadan çıxaraq və yerli oyunçular qalsın. O zaman müəyyən paralellər aparmaq olar. Qoy, müqayisəni Nazim Süleymanov aparsın. Fikrimcə, AZAL Belarus çempionatında özünü itirməzdi, əksinə, çempionluq uğrunda mübarizə aparardı. Nazim Süleymanova gəldikdə, o, yaxşı futbolçu olub və yaxşı insani keyfiyyətlərə malikdir".



Qeyd edək ki, iyulun 7-də keçiriləcək "Minsk" - AZAL matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır