“Fənərbaxça” kimə nə qədər rüşvət verib?

“Fənərbaxça” kimə nə qədər rüşvət verib?
XƏBƏR 4 İyul 2011 / 17:25 3132
-  A +

Danışılmış oyunlarla bağlı çərçivə genişlənir. Qol.Az-ın məlumatına görə, artıq rüşvət qalmaqalında adı hallanan şəxslərin “Fənərbaxça”dan nə qədər pul aldıqları da müəyyənləşib. Beləliklə Əziz Yıldırımla danışılmış oyunlarda iştirak edənlərin kimlər olduğu və nə qədər pul aldıqlarını oxuculara təqdim edirik.

Sezer Öztürk (“Fənərbaxça”nın “Əskişəhərspor”dan yeni transferi)
“Trabzonspor”la qarşılaşmada əsl oyununu sərgiləmədi və ciddi tənqidlərə məruz qaldı. “Fənərbaxça” ilə matçda isə ilk hissənin sonunda meydançanı tərk etdi. İddiaya görə, həmin görüşdə Sezerə pis oynamağı müqbilində pul və transfer sözü verildi. Bunun məntiqi nəticəsi kimi, mövsümün sonunda İstanbul klubuna transfer olundu.

Məcnun Otyakmaz (“Sivasspor”un prezidenti)
“Fənər” çempionluğun taleyini həll etdiyi son oyunda səfərdə “Sivasspor”un qonağı oldu. 4:3 hesabı ilə qalib gələn “sarı-lacivərdlilər” növbəti dəfə çempionluğu bayram etdilər. Həmin oyundan sonra “Sivasspor” prezidenti Məcnun Otyakmzaın Əziz Yıldırımın vasitəçilərindən 2 milyon dollar aldığı iddia edilir.

Emenike (“Fənərbaxça”nın “Karabükspor”dan yeni transferi)
Ötən mövsüm “Karabükspor”u tək başına qələbələrə daşıyan Emenike zədəsini əsas gətirərək “Fənərbaxça”ya qarşı oynamadı. Həkimlər üç dəfə nigeriyalı hücumçunun oynaya biləcəyini söyləmələrinə və komandanın baş məşqçisi Yücəl İldizin israrlarına baxmayaraq, “Fənər”lə oyunda meydana çıxmadı. Çünki ona da yaxşı pul və transfer təklif olunmuşdu. Sezer kimi, Emenike də mövsümün sonunda “Fənərbaxça”ya transfer olundu. Bundan sonra isə şübhələri daha çox üstünə çəkməyə başladı.

Mehmet Yıldız (“Sivasspor”un hücumçusu)

“Sarı-lacivərdlilər”lə matçda bütün gücünü meydana qoymadığı üçün klubunun aldığı 2 milyonluq “şirinlik”dən o da bəhrələndi. Digər diqqət çəkən məqam isə mövsümün sonunda “Əskişəhərspor”a keçməsi oldu.

Korcan Çelikay (“Sivasspor”un qapıçısı)
Son turda “Fənər”lə oyunda hesab 1:1 olarkən, üstünə gələn topu əlindən buraxdı. Top qapı xəttini keçdi və İstanbul təmsilçisi hesabda irəli çıxdı. Ancaq bu “fədakarlığ”ının qarşılığını artıqlaması ilə aldı. Korcana 55 min avroluq maşın “hədiyyə” olundu.

Bülənt Uyğun və Ümit Karan (“Əskişəhərspor”un baş məşqçisi və idman direktoru)

Əziz Yıldırıma yaxınlığı ilə tanınan Əli Kıratlı “Əskişəhərspor” – “Fənərbaxça” oyununda əlində çanta ilə çəkilmiş şəkli incələnir. Kıratlının “Trabzonspor” və “Fənərbaxça” ilə matçlardan sonra İstanbulda Bülənt Uyğunla görüşdüyü iddia olunur. Bunu polis kamerlarının çəkdiyi şəkillər də sübut edir. Belə ki, Kıratlının Ümit Karan üçün ayrılmış 400 min avronu İstanbulda məhz Uyğuna verdiyi söylənilir. Pul maşının baqajında polis kameraları ilə görüntülənib.

Yılmaz Vural (“Konyaspor”un baş məşqçisi)

“Fənərbaxça”nın “Konyaspor”u 2:0 hesabı ilə məğlub etdiyi oyundan əvvəl “Fənər” rəsmilərindən müəyyən məbləğ aldığı söylənilir. Vural hazırda polislər tərəfindən axtarılır.
Danışılmış oyunlarla bağlı istintaq davam edir. Daha bir neçə nəfərin də həbs olunması gözlənilir.

Son xəbərlər