"110 avrokubok matçı oynamışam, burda elə-belə rəqib olmur" - Rəşad Sadıqov

"110 avrokubok matçı oynamışam, burda elə-belə rəqib olmur" - Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 29 İyul 2026 / 15:40 880
-  A +

"Mərhələnin ilk oyununda uduzmuşuq. Sabah ikinci oyuna doğma azarkeşlərin qarşısında çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk, mərhələni keçək. Başa düşürük ki, rəqibin müəyyən üstünlüyü var. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirib, qalib gələk və mərhələ adlayaq".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Payde" (Estoniya) ilə cavab matçından əvvəl təşkil edilən mətbuat konfransında deyib.

O, əvvəlcə Azərbaycanın digər avrokubok təmsilçilərinin çıxışlarına toxunub:  "Sabah"ı təbrik edirəm, ilk dəfə əsas mərhələdə çıxış edəcəklər. "Neftçi" və "Qarabağ"a uğurlar arzulayıram. Hər üç komandamızı vacib oyunlar gözləyir. Çox istəyərdim ki, hər dörd komandamız əsas mərhələdə, ən azından pley-offda olsun. Bu, Azərbaycan futbolu üçün böyük təkan olardı. "Sabah" Allah qoysa, Çempionlar Liqasının Liqa mərhələsinə düşər, ən pis halda Avropa Liqasına". 

R.Sadıqov İssa Cibrillanın ötən mövsümkü kimi performans göstərməməsi ilə bağlı sualı belə cavablandırıb: "Bizdə məsələlər yaxşı təhlil olunmur. İssa keçən il altı dəfə zədələnib. Kubokun finalında da zədələndi. Bir ay hardasa bərpa dövrü keçdi. Onu yavaş-yavaş oynadırıq. "Payde" ilə səfər matçında ilk dəqiqələrdən oynatdıq, amma bilirdim ki, 100 faiz hazır deyil. Cavab oyununda ona ehtiyacımız olacaqdı. Ümid edirəm ki, sabah İssa yaxşı oyunlarından birini keçirəcək". 

R.Sadıqov transfer işlərinin bitmədiyini bildirib: "Yeni mövsüm üçün 4-5 legioner gələcək. Sadəcə tələsmirk. Avrokuboka görə çempionatı qurban vermək istəmirik. Danışıqlar gedən, baxdığımız oyunçular var. Qarşıdakı bir ay ərzində hər şey dəqiqləşəcək".

R.Sadıqov  "Payde" ilə ilk mərhələdə mübarizədən kənarlaşdırdıqları "Torpedo"nu müqayisə edib: "Bir çox suallara istədiyim kimi cavab verə bilməyəcəm. Rəqib də təhlil edir, hər açıqlamaya baxır. Oyun üslubu olaraq bir-birinə bənzəyən komandalardır. Bir az fərqli oyunlar alındı. Bəzi sualların cavabını sabah mətbuat konfransında sonra açıqlayarıq. Oyun istədiyimiz kimi keçirdi. Ümumi çıxışımızdan razı qaldım. Oyuna nəzarət edən tərəf biz idik. Sadəcə qarşımızda təcrübəli və nəticəyə oynaya bilən komanda var idi. Bunu oyun ərzində də hiss etdik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Nəticə üçün uğurlu oyun planı qurmuşdular. Hücumları qola çevirə bilmədik. Son 10 dəqiqə istəmədiyimiz şəkildə keçdi. Çoxsaylı kornerlər, aut atışları oldu. Buraxdığımız qol bizi məyus etdi. 110 avrokubok oyunu oynamışam, burada elə-belə rəqib olmur. Hansısa oyun istədiyin kimi rahat gedər, amma hər an rəqib nəticəni dəyişə bilər. Bəzən yaxşı oynamaq kifayət etmir. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqib təcrübəlidir, heyətində təcrübəli oyunçular çoxdur, yaxşı məşqçiləri var. Sabah əlimizdən gələni edəcəyik ki, oyun planımız işləsin, bizim oyunumuz alınsın".

Xatırladaq ki, "Zirə" "Payde" ilə səfərdə keçirilən ilk görüşdə 0:1 hesabı ilə uduzub. Sabah Sumqayıtda keçiriləcək cavab matçı 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.07.26  12:40

Con Stounz "İnter"də

topaz banner