Qurban Qurbanov Litvada təbii örtüklü meydança istədi
İyunun 27-də axşam saatlarında Litvanın Klaypeda şəhərinə çatan "Qarabağ" futbol komandası "Amberton" otelində məskunlaşıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Banqa" klubu ilə səfər oyununun süni meydançada olacağına baxmayaraq, baş məşqçi Qurban Qurbanovun istəyi ilə təbii örtüklü Klaypeda mərkəzi arenası icarəyə götürülərək komandamızın sərəncamına verilib.
Yerli vaxtla 14:30-da başlayan məşq 1 saat 15 dəqiqə davam etdi. Yüngül isinmə hərəkətləri ilə məşqə başlayan futbolçular əsasən toplu hərəkətlərlə məşqi davam etdirib. Yerli mətbuatın da iştirak etdiyi məşq yüksək əhval-ruhiyyədə başa çatıb. Qurbanov yerli mətbuatın istəyini nəzərə alaraq bir neçə jurnalistə ayrı-ayrılıqda müsahibələr verərək "Qarabağ"ın durumunu və rəqibi dəyərləndirib. Bu gün komandamız oyun öncəsi məşq üçün yerli vaxtla saat 17:30-da matçın keçiriləcəyi Qarqjdai şəhər stadionunda məşq edəcək, daha sonra mətbuat konfransı olacaq.
Qeyd edək ki, iyunun 30-da keçiriləcək "Banqa" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.