"Qarabağ"ın 2 futbolçusu məşqlərini bərpa etdi
"Qarabağ" klubu Türkiyədə təlim-məşq toplantısını davam etdirir. Qol.Az-ın məlumatına görə, hazırlıq prosesinin 9-cu günündə Ağdam komandasının 2 məşqi baş tutub.
Günün səhər məşqi yerli vaxtla saat 10:30-da start götürüb. Məşq daha çox fiziki hazırlığa yönəlib. Belə ki, yüngül qaçışın ardından 2 qrupda "kvadrat" oynayan futbolçular bununla da topdan imtina ediblər. Müxtəlif fiziki təmrinlər yerinə yetirən kollektivin çalışması fiziki kondisiyaların yüksəlməsinə yönəlib. 90 dəqiqəlik məşq yüngül qaçışla başa çatıb.
Günün 2-ci çalışmasında isə topa üstünlük verilib. Topla müxtəlif hərəkətləri yerinə yetirən "Qarabağ" fərqli vəziyyətlər üzərində çalışıb. Məşqin sonunda isə komanda üzvləri futbol oynayıblar.
Qeyd edək ki, ayağındakı ağrı səbəbindən son 2 məşqi buraxan Qara Qarayevlə yanaşı, eyni səbəbdən son çalışmanı kənardan izləyən Namiq Yusifov bu gündən məşqlərdə iştirak etməyə başlayıblar.
"Qarabağ"ın sabahkı məşqi saat 10:30-a nəzərdə tutulub.