Mişel Platinin Bakıya səfəri UEFA-nın rəsmi saytında

Mişel Platinin Bakıya səfəri UEFA-nın rəsmi saytında
XƏBƏR 8 İyun 2011 / 13:11 1636
-  A +

UEFA-nın prezidenti Mişel Platininin Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə Bakıya etdiyi səfərlə bağlı UEFA-nın rəsmi saytında yazı yerləşirilib. Qol.Az-ın məlumatına görə, saytda Platinin səfərlə bağlı təəssüratları dərc olunub:
 
UEFA prezidenti Mişel Platininin Bakıya səfəri milli futbolun 100 illik yubileyinin qeyd olunduğu Azərbaycanda dövlət əhəmiyyətli hadisəyə çevrilib. Mişel Platini Bakıya gedərək Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
 
İyunun 5-də Bakıya gələn Platini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. Dövlət başçısı Azərbaycanda idmana və xüsusilə futbola göstərilən diqqəti vurğulayıb. Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərində iştirakına görə İlham Əliyev UEFA prezidentinə minnətdarlığını bildirib. Platini, öz növbəsində Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim edib.
 
Ertəsi gün UEFA prezidenti FİFA-nın prezidenti Yozef Blatterlə birgə Mərdəkan qəsəbəsindəki «Dalğa Arena»nın açılış mərasimində iştirak edib. UEFA və FİFA-nın dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən inşa olunmuş bu stadionda U-17 qızlar arasında 2012-ci il dünya çempionatının oyunları keçiriləcək. Platini komplekslə tanış olub, həmçinin 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqini izləyib.
 
Stadiona baxış keçirdikdən sonra Platini arenanın inşa olunduğu ərazinin vacibliyini də qeyd edib: «Çox yaxşı haldır ki, «Dalğa Arena» dənizkənarı ərazidə yerləşir. U-17 qızlar arasında DÇ-2012 yayda keçiriləcək. Çimərliyə gələn insanlar mütləq dünya çempionatının oyunlarına da baxmaq istəyəcəklər. Çox şadam ki, Azərbaycanda futbola belə diqqət göstərilir və bu qədər sərmayə yatırılır. Ötən il Türkiyə millisi üzərində qələbənin Azərbaycanda bayram ab-havasında qeyd olunduğunu bilirəm. Bu amil Azərbaycanda futbolun nə dərəcədə sevildiyini göstərir».
 
Azərbaycanda təşkil olunacaq dünya çempionatının uğurla keçiriləcəyinə əminliyini bildirən Platini və Blatter Olimpiya stadionunun təməlqoyma mərasiminə yola düşüblər. Aeroportdan cəmi 10 dəqiqəlik məsafədə tikiləcək 65 min azarkeşlik bu stadion postsovet məkanındakı ən iritutumlu arenalardan biri olacaq. Təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva, həmçinin müxtəlif idman federasiyalarının rəhbərləri, hökumət nümayəndələri, futbol veteranları iştirak ediblər.
 
Mərasimdə çıxış edən İlham Əliyev deyib: «Azərbaycan futbolunun 100 illik yubileyini qeyd edərək, biz gələcəyə nikbin baxırıq. Azərbaycanda futbolun inkişafı üçün dövlət tərəfindən hərtərəfli səy göstərilir. Artıq bir neçə ildir ki, ölkədə futbolun inkişafına dair Dövlət Proqramı icra olunmaqdadır. Azərbaycanda futbol get-gedə daha da kütləviləşir. Bu gün FİFA və UEFA ilə əməkdaşlığa xüsusi diqqətlə yanaşan AFFA digər milli assosiasiyalar arasında öz layiqli yerini tutmaqdadır. Yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizə gələn Yozef Blatter və Mişel Platiniyə bir daha təşəkkür edirəm».
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev də Platini və Blatterin səfərindən razılığını bildirib: «Mişel Platiniyə və Yozef Blatterə Azərbaycana gəldikləri üçün minnətdarlığımı bildirirəm. Futbolumuz inkişaf etməkdədir. Biz hər zaman UEFA-nın dəstəyini hiss edirik və buna görə cənab Platiniyə təşəkkür edirəm. Futbolumuzun 100 illik yubiley günlərində onun ölkəmizə səfər etməsi bizim üçün çox vacib hadisədir».
 
UEFA prezidentinin Azərbaycana səfəri Azərbaycan və dünya futbolunun tanınmış nümayəndələrinin iştirakı ilə keçirilən ziyafətlə başa çatıb. Dəvət olunanlar arasında UEFA-nın vitse-prezidenti Şenes Erzik, UEFA İcraiyyə Komitəsinin üzvü Marios Lefkaritis, DÇ-1966-nın finalçıları Hans Tilkovski və Ceff Herst də olublar. Xatırladaq ki, C.Herst azərbaycanlı laynsman Tofiq Bəhramovun qeydə aldığı məşhur mübahisəli qolun müəllifidir və Bakıdakı Respublika stadionu hazırda Tofiq Bəhramovun adını daşıyır.
 
«Bu, Azərbaycana dördüncü səfərimdir. Burada futbola olan münasibəti çox bəyəndim», - deyə Platini Azərbaycana səmərəli səfərinin yekunları barədə danışıb: «Dövlət futbola ən yüksək səviyyədə dəstək verir. Azərbaycanda Rövnəq Abdullayevin rəhbərlik etdiyi gənc assosiasiya fəaliyyət göstərir. Biz AFFA-nın gördüyü işlərə görə ona minnətdarlığımızı bildiririk. Azərbaycanda idmanı, futbolu yüksək səviyyədə dəstəklədiyi üçün dövlət başçısı İlham Əliyevə xüsusi təşəkkür etmək lazımdır. Hazırda Azərbaycanda gənc futbolçulara yaradılan şəraitə heç mən futbol oynadığım dövrdə biz malik olmamışıq. İnanıram ki, Azərbaycan futbolunun gələcəyi parlaq olacaq».

Son xəbərlər