Berti Foqts: "Bu, məni çox əsəbiləşdirdi"

Berti Foqts: "Bu, məni çox əsəbiləşdirdi"
XƏBƏR 8 İyun 2011 / 00:55 2863
-  A +

"Bu gün Almaniya yığmasının oyunundan həzz aldım. Rəqibin gənc oyunçuları olsa da, əla çıxış etdi. Onlar belə davam etsələr, Avropa çempionu olacaqlar". Qol.Az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya yığmasına 1:3 hesablı məğlubiyyət sonrası mətbuat konfransında deyib.

Onun fikrincə, millimiz ilk 30 dəqiqədə yaxşı təsir bağışlasa da, sonradan aqressiv ola bilməyib və müdafiədə səhvlər buraxıb. Foqts bildirib ki, Bundestim belə səhvləri bağışlamır: "Buna baxmayaraq, öz oyunumuzu sərgilədik, bacardığımızı etdik. Əlavə vaxtda qol buraxmağımız məni daha çox əsəbiləşdirdi. Artıq seçmə mərhələdə 7-ci qoldur ki, əlavə vaxtda buraxırıq. Bu, komandamım pis cəhətidir. Bu, təcrübəsizlikdən doğan konsentrasiya çatışmazlığından irəli gəlir. Biz bu məqam üzərində işləyirik. Söz verirəm ki, gələcəkdə belə hal baş verməyəcək".

Baş məşqçi yığmamızı sərt tənqid etmək fikrində olmadığını da söyləyib. O, Murad Hüseynovun oyununu vurğulayaraq deyib ki, bu futbolçu bir neçə ay öncə klubsuz idi, indi isə Almaniyaya qol vurub.

Foqts Almaniya yığmasının zəif oynaması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, kim belə düşünürsə, oyunu diqqətlə izləməyib. Almaniyalı mütəxəssis yığmamızdakı işinin nəticəsinin gələcəkdə görünəcəyini də əlavə edib: "Burada işləyən əcnəbi məşqçilər Azərbaycan mentalitetini bilməlidirlər. Nəticənin tez olması mümkünsüzdür. Zamana ehtiyac var. Mənim işimin nəticəsi gələcəkdə bəhrəsini verəcək".


Son xəbərlər