Rəşad Məcid: "Yığmanı Qurban Qurbanova verməyin vaxtıdır"

Rəşad Məcid: "Yığmanı Qurban Qurbanova verməyin vaxtıdır"
XƏBƏR 6 İyun 2011 / 18:55 2130
-  A +

"Təəssüf ki, Qazaxıstanla oyuna baxa bilmədim. Amma nəticədən xəbərim var". Bu sözləri Fanat.az-a açıqlamasında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi məğlubiyyətin səbəbləri barədə danışıb: "Məncə, futbolda ruh əsas amildi. Ürəklə, şövqlə oynamaq lazımdı. Yığmamızda bu çatmır. Bu da nəticəyə təsir edir. Komandada qələbə əzmi olsaydı, Qazaxıstanı udmaq olardı".

Rəşad Məcid Foqtsun Azərbaycan mentalitetini bilmədiyini deyib: "Foqtsun günahı odu ki, o, Azərbaycan, Şərq mentalitetini ümumiyyətlə bilmir. Ruhdan xəbəri yoxdu. Məncə, bizim komandaya psixoloji ruh vermək lazımdı ki, Foqts onu bilmir. O, Almaniyadan gəlib və bu hissi komandamıza aşılaya bilmir. Peşəkar məqamları bilmirəm, amma həvəskar kimi gəldiyim qənaət budu".

Yazıçılar Birliyinin katibi Almaniya ilə görüşdə maraqlı oyun gözləyir: "Hesab edirəm ki, futbolçularımızda qələbə əzmi olsa, Almaniya ilə oyunu maraqlı etmək olar. Taktika, peşəkarlıq baxımından təbii ki, biz Almaniyaya qalib gələ bilmərik. Məsələn, "Qarabağ"ın Avropa Liqasında göstərdiyi uğurlu oyunun 70 faizi komanda ruhunun, azarkeş dəstəyinin hesabına olub. Təəssüf ki, bu bizim yığmada yoxdu".

Rəşad Məcid yığmanın yerli mütəxəssisə tapşırılmasını istəyir: "Mən elə bilirəm ki, yığmanı Qurban Qurbanova verməyin vaxtıdı".

Onun fikrincə, Foqtsun baxışları Azərbaycan futbolunun inkişafına təkan vermir: "Azərbaycan futbolunun uğuruna başqa tərəfdən yanaşmaq lazımdı. Amma Foqtsun baxışı ilə heç nəyə nail ola bilməyəcəyik. Onun baxışları Azərbaycan futbolunun inkişafına tərsdi".

Rəşad Məcid jurnalistlərin etiraz aksiyasına da münasibət bildirib: "Jurnalistlərin etiraz aksiyasından xəbərim var. Məncə, o cür qeyri-etik addımlara da ehtiyac yoxdu. Bunu jurnalistlərin etməsi düzgün deyil. Azarkeşlərin etməsi başqadı. Mətbuat fikirlərini yazılarında bildirsələr, daha yaxşı olar. Foqts Azərbaycan futbolçusunu başa düşmədiyi kimi mətbuatı da anlamır. Yazılanları oxuya bilmədiyi üçün ironiyanı, narahatçılığı başa düşmür. Amma belə bir aksiyanın tərəfdarı deyiləm".

Son xəbərlər