“Pavel Doroşevlə rəqabət aparmaq çox çətindir”

“Pavel Doroşevlə rəqabət aparmaq çox çətindir”
XƏBƏR 12 May 2011 / 23:38 1857
-  A +

Premyer Liqanın 27-ci turu “Qəbələ”nin 25 yaşlı qapıçısı Anar Nəzirov üçün əlamətdar oldu. Belə ki, o, bu mövsümdə  ilk dəfə “Qəbələ”nin əsas heyətində Premyer Liqa oyununda meydana çıxmaq şansı əldə etdi. Karyerası ərzində “Gəncə”, “Turan”, “Standard” və “Neftçi”də oynayan qapıçı son iki turda “Qəbələ”nin qapısının toxunulmazlığını öz üzərinə götürüb. “Qəbələ” – “Simurq”
oyununda qazanılan 3:0 hesablı qələbədə payı olan Anar son 4 turda da qapıda etibarlı dayandı.

“Qəbələ FK”ya eksklüziv müsahibə verən gənc qolkiper komandanın əsas heyətində ilk oyunu, əsas qapıçı Pavel Doroşev və növbəti mövsüm barədə danışıb.

- “Simurq”la oyun sənin üçün əlamətdar oldu...

- Çox sag olsun baş məşqçimiz, mənə bu şansı verdi. Çox istəyirdim ki, özümü yaxşı tərəfdən göstərim və onun ümidlərini doğruldum. Məncə, birinci dəfə üçün pis alınmadı.

- Bu, bir tərəfdən də, rəmzi olsa belə,  “quru seriya”nın başlanğıcı oldu.

- Bəli, belə də demək olar. Ümümiyyətlə, birinci oyunda gol buraxmadığıma görə çox xoşbəxtəm. Çünki bu, özünəinam hissinin olması baxımından, hər bir qapıçı üçün çox vacibdir. Çalışacağam ki, mövsümün axırınadək qapımın toxunulmazlığını qoruyub saxlayım. Amma əsas odur ki, “Qəbələ” qələbə qazansın. Şadam ki, çıxdığım ilk oyunda bunu görmək mənə nəsib oldu. Bu qələbədə mənim də payım olduğuna görə çox sevinirəm. 

- Yəqin ki, bundan sonra baş məşqçi Toni Adamsın sənə daha çox şans verəcəyini gözləyirsən?

- Əlbəttə. Hər bir oyunçu vaxtının böyük hissəsini meydanda keçirmək istəyir. Amma gərək, bunu baş məşqçi də istəsin. Mənim vəzifəm məşqlərdə can yandırmaq və hər an oyuna hazır olmaqdır.

- Pavel Doroşevslə rəqabət aparmaq sənin üçün çox çətindir?

- Paşa (Pavel Doroşev-red.) bu mövsümdə çox etibarlı oynadı. 11 matçda qapısını toxunulmaz saxlamağı nəyə desən dəyər. Təbii ki, belə bir qapıçıyla rəqabət aparmaq çox çətindir.

- Belədirsə, onda onu özün üçün yaxşı təcrübə mənbəyi hesab edirsən?

- Bəli. Paşa soyuqqanlı qapıçıdır. Bu, əlcək sahibləri üçün çox vacib keyfiyyətdir. Onunla birgə məşq etməyin özü, deyərdim ki, böyük məktəbdir. Ondan çox şey öyrənirəm.

- 30 nömrə altında meydana çıxırsan. Bu rəqəmin sənin üçün bizim bilmədiyimiz başqa bir mənası da var?

- (Gülür) Heç bir mənası yoxdur. Sadəcə, 1 nömrəli forma Elnar Kərimovda, 12 isə Paşadadır. Bircə 30 nömrə galmışdı, onu da mən götürdüm.

- Bu mövsümü "Qəbələ" üçün uğursuz saymaq olar?

- Məncə, yox. Təbii ki, ilk altılığa düşə bilməməyimiz mənfi haldı. Lakin yeni qurulan komanda olduğumuza görə bunu normal qarşılamaq lazımdır. Məşqçilər heyəti də yenidir, futbolçular da. Bu qədər dəyişiklik komandaya təsirsiz ötüşməyə bilməzdi.

- Növbəti mövsümdən nə gözləyirsən?

- Ən azı, bundan yaxşı nəticə. Bu mövsümdən fərqli olaraq, gələn il güclülərlə bir sırada olmağı və təbii ki, komandamın avrokuboklarda oynamasını istəyirəm. “Qəbələ”nin azarkeşləri bunu çox arzulayır.

- Səncə, bunun üçün hansı addımlar atılmalıdır?

- Məncə, heyət gücləndirilməlidir. İlk addım artıq atılıb - Mahir Şükürov komandamıza transfer edilib. Eşitdiyimə görə, bu, hələ son deyil, yeni transferlər də olmalıdır. “Qəbələ”də rəqabət daha da güclənərsə, bu, hamı üçün faydalı olacaq.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu