"Qəbələ"nin baş məşqçisi: "Komanda 8-9 futbolçu ilə yollarını ayıracaq"

"Qəbələ"nin baş məşqçisi: "Komanda 8-9 futbolçu ilə yollarını ayıracaq"
XƏBƏR 12 May 2011 / 14:07 2004
-  A +

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Deril Villard “Qəbələ FK”ya eksklüziv müsahibəsində bu ilin nəticələri, Qəbələ Futbol Akademiyası və gənc futbolçular barədə düşüncələrini bölüşüb. Qol.Az saytı həmin müsahibəni təqdim edir:

-Əsas komandadan fərqli olaraq, “Qəbələ”nin əvəzedici heyəti birinci altılıqda mübarizəni davam etdirir...

-Mənim üçün bunun elə də böyük əhəmiyyəti yoxdur. Əsas məqsədimiz birinci komanda üçün yaxşı futbolçu hazırlamaqdır. Əvəzedicilərdən ibarət heyət Qəbələ Futbol Akademiyası ilə əsas heyət arasında əlaqələndirici rol oynayır. Futbolçularımız bu mövsümdə də özlərini yaxşı göstərə bildilər.

Turnir cədvəlində üçüncü olmağımız futbolçularımızın məşqlərə və oyunlara peşəkar yanaşmasının nəticəsidir. Təbii ki, birinci altılıqda daha güclü futbolçulardan formalaşdırılmış komandalar oynayır. Bu baxımdan, ilk sıralarda olmaq bizim xeyrimizədir.

-Ötən mövsümün bürünc mükafatçısı xeyli vaxtdır üçüncü pillədə qərarlaşıb. Hazırkı vəziyyət sizi qane edir?

-Digər klublarla müqayisədə “Qəbələ”, ümümiyyətlə, başqa istiqamətdə inkişaf yolunu tutub. Komanda kimi birinci olmağa can atmırıq. Biz başqa komandalardan çox fərqlənirik. Ona görə də mənim üçün heç bir fərqi yoxdur komanda birinci yerdə gedir, yoxsa sonuncu.

-Amma hər halda, komanda qarşısında hansısa vəzifə olmamış deyil...

 - Mənim işim ondan ibarətdir ki, gənc fubolçulara texniki, taktiki və fiziki cəhətdən yaxşı hazırlıq keçim. İnanıram ki, növbəti mövsümlərdə əsas komandada yaxşı futbolçular görəcəyik.

-Deyirsiniz ki, üzərinizə düşən vəzifələrdən biri də əsas komandaya layiqli futbolçular yetişdirməkdir. Bu mənada işlər necə gedir?

-Artıq 10 aydır Qəbələdə işləyirəm. Birinci mövsüm mənim üçün daha çox tanışlıq xarakteri daşıyıb. Azərbaycan futbolu haqda bacardıqca çox informasiya toplamağa çalışmışam. Buna artıq nail olmuşam. Qəbələ Futbol Akademiyası ildən-ilə güclənir.

Akademiya həm əvəzedici, həm də əsas komandaya güclü yerli futbolçular yetişdirib verəcək. Bu, gəlişigözəl sözlər deyil. Bunu yaxın illərdə görəcəksiniz.

-Yeri gəlmişkən, mayın 13-də Qəbələ Futbol Akademiyasının ilk buraxılışı olacaq. Akademiyanın bu mövsümdəki işini necə dəyərləndirirsiz?

-Ümumiyyətlə, yaxşı nəticələr əldə etmək üçün bir qədər gözləmək lazımdır. Qəbələ Futbol Klubunda yaradılan struktur və görülən işlər yaxın gələcəkdə daha yaxşı futbolçu yetişdirəcəyimizə zəmanət verir. Akademiyamızın böyük potensialı var. Sadəcə, bir qədər səbirli olmaq lazımdır.

-Bu yaxınlarda Toni Adams bildirib ki, əvəzedicilərin heyəti akademiyanın üzvləri hesabına komplektləşdirilməlidir...

-Əslində, belə də olmalıdır. Heyətin qalan hissəsi isə əsas komandaya düşməyənlərdən və zədədən sonra oyun praktikasının yoxluğundan əziyyət çəkənlərdən təşkil olundu. Bu, ən düzgün variantdır. Növbəti mövsümdə bu yolla getməyi planlaşdırırıq.

-Mövsümün sonunda hansı dəyişikliklər olacaq?

-Dəyişikliklər olacaq: 8-9 futbolçu ilə yollarımızı ayıracağıq. Daha yaxşı futbolçularla güclənəcəyik. Əlbəttə ki, akademiyamızın yetirmələrinin hesabına.

-Gələn mövsümdə neçə oyunçunuz əsas komandaya cəlb edilə bilər?

-Bu mövsümdə Tərzin Cahangirov və Fərid Haqverdiyev əsas komandaya cəlb edilib. Sərəncamımızda olan gənc futbolçular 2-3 ildən sonra əsas komandanın heyətinə düşə bilər.

-Deməli, onlar səviyyəli yerli və əcnəbi futbolçularla rəqabətə tab gətirə bilməyəcəklər?

-İndiki əvəzedici komandanın oyunçuları futbola daha erkən yaşlarından başlamalıydılar. Onlar düzgün futbol dərsi alsaydılar, indi rəqabətə davam gətirərdilər. Ona görə də bizi qarşıda xeyli çətin iş gözləyir.

-Yerli gənclərlə işləmək sizə çətin gəlmir?

-Yox. Çox tərbiyəli və böyük-kiçik yerini bilən futbolçularımız var. Öyrənməyə meyllidirlər və potensiallarından maksimum faydalanmaq istəyirlər. Bu da çox vacibdir. Azərbaycan futbolunun yaxın gələcəyi indi futbol məktəblərində oynayan gənclərin əlindədir.

-Deməli, gələcəyə ümidlə baxmağına dəyər?

-Ölkədə kifayət qədər səviyyəli əcnəbi mütəxəssislər çalışır. Hər bir məşqçi ümumi işə öz töhfəsini verərsə, Azərbaycanda yüksək səviyyəli futbolçular yetişəcək. Bu, uzunmüddətli strategiyadır. Yaxın 10 ilə nəticəsini görə bilərik. Bunun üçün hər kəs inkişafa hazır olmalı və bir məqsəd üçün işləməlidir.


Son xəbərlər