Rail Məlikovdan Elnur Allahverdiyevə cavab

Rail Məlikovdan Elnur Allahverdiyevə cavab
XƏBƏR 30 Aprel 2011 / 23:51 2711
-  A +

“Neftçi”nin kapitanı Rail Məlikov “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin bugünlərdə mətbuata verdiyi bəzi açıqlamalarına münasibətini açıqlayıb: “Biz həmişə bir atalar sözünə üstünlük verərək, neytral dayanmışıq: İt hürər, karvan keçər. Amma indi it hürmür, çaqqal uluyur, karvan keçir. Bundan əvvəl “Xəzər Lənkəran”ın bir futbolçusu da demişdi ki, penaltiləri həmişə “Neftçi”nin leyhinə verirlər. Amma “Xəzər Lənkəran” - “Neftçi” qarşılaşmasında son dəqiqələrdə qapımıza 11 metrlik cərimə zərbəsi veriləndə, “Xəzər Lənkəran” - “İnter” oyununda meydan sahiblərinin qapısına təmiz penalti verilməyəndə heç biz danışmırdıq. Çünki biz peşəkarıq və başımızı aşağı salıb futbolumuzu oynayırıq. Elə şeylərə, boş-boş danışanlara əhəmiyyət vermirik. Elnurun bazarda işləyənlərin “Neftçi” haqqında dediklərinə gəlincə, onun getdiyi yer Lənkəran bazarıdır, oradakılar da “Xəzər Lənkəran” azarkeşləri olduğu üçün təbii ki, elə də deyəcəklər. Amma görəsən Allahverdiyev bu sözləri niyə 3-4 gün əvvəl yox, “Xəzər Lənkəran” tərəfindən bağışlanandan sonra deyir. “Elnur deyib ki, “Neftçi” yox, “Xəzər Lənkəran” və “Qarabağ” çempionluğa layiqdir. “Xəzər Lənkəran”ın çempionluğa layiq olmasını deməsi gülməlidir. Bizim üçün ən güclü rəqib “Qarabağ”dır, “Xəzər Lənkəran”ı isə rəqib saymırıq. Çempionluq şansımız böyükdür, çalışacağıq ki, çempion olaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev ölkə mətbuatına verdiyi açıqlamada “Neftçi” haqqında bir sıra fikirlər səsləndirib: ““Mən onları çempionluğa layiq saymıram. Qızıl medallara “Xəzər Lənkəran”la “Qarabağ” layiqdir. “Neftçi”nin zirvəyə necə çıxdığını hamı görür. Bazarda işləyəndən də soruşsan, deyəcək ki, onlara kömək edirlər. Yaxşı, onları da mən öyrədirəm?”.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır