Quzanlı stadionunda işlər yekunlaşdı

Quzanlı stadionunda işlər yekunlaşdı
XƏBƏR 14 Aprel 2011 / 14:34 2317
-  A +

"Qarabağ"ın ev oyunlarını keçirəcəyi Quzanlı stadionunda yenidənqurma işləri başa çatıb. Məlumatı Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov verib. Z.Qasımov bildirib ki, artıq stadion tam hazırdır. PFL isə bəyan edib ki, “Qarabağ”ın ev oyunlarını Quzanlıda keçirməsinə icazə verilməyəcək. Buna səbəb kimi Ağdam klubunun rəqiblərindən heç birinin orada oynamağa razılıq məktubu təqdim etməməsi göstərilib. Məsələ burasındadır ki, çempionatın əvvəlində "Qarabağ" Quzanlı stadionunu sifariş ərizəsinə daxil etməyib. Buna görə də PFL oradakı oyunların yalnız klubların qarşılıqlı razılığı olacağı təqdirdə, baş tutacağını bəyan edib.

"Qarabağ" "altılıq"dakı üç ev oyununu - "İnter" (24 aprel), "Bakı" (1 may) və "Neftçi" (13 may) ilə keçirməlidir. "Bakı" rəsmən, "Neftçi" isə Quzanlıda oynamağa şifahi razılıq verib. Yalnız "İnter" PFL-in qərarını gözlədiyini bəyan edib.

Yenidən klublara səslənən Ağdam rəsmisi, Qarabağ naminə Quzanlıda oynamağın vacibliyini qeyd edib: "Hər komandanın öz meydanında oynamaq haqqı var. Bu məsələdə kimisə günahlandırmaq istəmirəm. Deyirdilər ki, stadion hazır olsun, oynayarıq. Artıq bu problem həll olunub. Yenidənqurma işlərindən sonra meydançanın vəziyyəti yüksək səviyyəyə gətirilib. Klubları bir daha Quzanlıda oynamağa dəvət edirəm. Azərbaycan futbolu naminə onların burada çıxış etmələri mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu bölgədə futbolun inkişaf etdirilməsi Qarabağ probleminin beynəlxalq aləmin diqqət mərkəzində saxlanılmasına təkan verəcək. Bu səbəbdən də məsələnin nə qədər ciddi olduğunu klubların nəzərinə çatdırmaq istərdim. 

Ağdam ictimaiyyəti "Qarabağ"ın burada rəqibləri ilə qarşılaşmasını səbirsizliklə gözləyir. İnanırıq ki, azarkeşlərlə birlikdə futbol bayramının yenidən Quzanlıya qayıdışını qeyd edəcəyik" (supersport.az).

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır