"Böyük oyun"u fransalı jurnalistlər də izləyəcək

"Böyük oyun"u fransalı jurnalistlər də izləyəcək
XƏBƏR 15 Mart 2011 / 00:01 2555
-  A +

Fransanın dünyaca ünlü "L Equipe" jurnalının nümayəndələri Bakıya gələrək, "Neftçi"yə qonaq olublar. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, nümayəndə heyətinin tərkibində tanınmış jurnalist Sessile Bantron və fotoqraf Barbara Strobel yer alıb.

Onların məqsədi son bir ildə klub rəhbərliyinin gördüyü iş sayəsində Avropada ad-san qazanan "Neftçi"ni "L Equipe"in jurnal, qəzet və internet saytında işıqlandırmaqdır. Xüsusilə "Neftçi"nin prezidenti Sadıq Sadıqovun Avropada ilin futbol adamı seçilməsi və flaqmanın yetirməsi Araz Abdullayevin İngiltərənin "Everton" klubuna transferi "L Equipe" nümayəndələrini Bakıya gəlməyə vadar edib.

Fransanın ən məşhur nəşri Sadıq Sadıqovdan müsahibə götürəcək, klubda uşaq futbolu üçün görülən işlər və Araz Abdullayevin "Everton"a keçidi ilə bağlı məqalələr hazırlayacaq. "L Equipe" nümayəndələri "Neftçi"nin martın 18-də keçiriləcək "Xəzər Lənkəran"la oyununu izləmək və bu qarşılaşmadan reportaj hazırlamaq üçün Lənkəran şəhərinə də gedəcəklər.

Son xəbərlər