Kamran Ağayevdən yeni rekord
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunu Kamran Ağayev üçün əlamətdar olub. Qol.Az-ın məlumatına görə, “Xəzər Lənkəran” klubunun qapıçısı 1:1 hesabı ilə bitən matça kapitan sarğısı ilə çıxıb ki, bununla da rekord müəllifi olub.
Məsələ ondadır ki, Ağayev karyerasında 59-cu dəfə matça “Xəzər Lənkəran”ın kapitanı kimi çıxıb. Bununla da o, Mahmud Qurbanovun rekordunu təkrarlayıb. İlk dəfə komandanın kapitan sarğısını ötən mövsüm daşıyan qapıçı həmin – 2009/10 mövsümündə 36 dəfə bu şərəfə nail olmuşdu: 30 çempionat və 6 kubok matçı.
Cari mövsüm isə Avroliqanın 2, çempionatın 19 və kubokun 2 matçında Kamran komandanı arxasınca meydana çıxarıb. Bununla da Mahmuda məxsus rekord təkrarlanıb. Lakin ikihakimiyyətlilik elə bu həftə başa çata bilər. Çünki növbəti oyunda qapıçı “Xəzər Lənkəran” tarixinin vahid rekordçu-kapitanı kimi tarixə düşəcək.
Qeyd edək ki, bu günə qədər 250 dəfə meydana çıxan komandanın tarixinə 18 kapitan düşüb. Düzdür, klub tarixində 250 deyil, 251 matç var. Lakin onlardan biri “Şəfa” üzərində texniki qələbə (2004/05 mövsümü, çempionat) olduğundan yalnız 250 dəfə kapitana ehtiyac olub.
“Xəzər Lənkəran”ın kapitanları
1-2 Kamran Ağayev 59
Mahmud Qurbanov 59
3 Emin Quliyev 25
4 Samir Əliyev 24
5 Zaur Ramazanov 23
6 Dmitri Kramarenko 19
7 Arif Əsədov 14
8 Elmar Baxşıyev 10
9 Bəxtiyar Musayev 4
10 Alim Qurbanov 3
11-12 Füzuli Məmmədov 2
11-12 Junior Osvaldo 2
13-18 Aleksandr Martyoşkin 1
13-18 Ədəhim Niftəliyev 1
13-18 Rəşad Abdullayev 1
13-18 Rahid Əmirqulıiyev 1
13-18 Xaqani Məmmədov 1
13-18 Ruslan Poladov 1