"Neftçi" də bəyanat yaydı

"Neftçi" də bəyanat yaydı
XƏBƏR 6 Mart 2011 / 13:13 2940
-  A +

"Son zamanlar "Neftçi"-"Xəzər Lənkəran" görüşlərində və ümumilikdə komandamızın oyunlarında hakim qərəzi ilə bağlı əsassız xəbərlər yayılmaqdadır. Təəssüflər olsun ki, bəzən ölkə futbolunun inkişaf etməsində böyük töhfələri olan Azərbaycan futbolunun flaqmanı olan "Neftçi"nin hakimlərin köməyi ilə qələbələr qazandığını sübut etmək istəyənlər var". Qol.Az-ın məlumatına görə, bu fikirlər "Neftçi" klubunun bu gün yaydığı bəyanatda əksini tapıb.

Rəsmi açıqlamada bildirilir ki, flaqman rəhbərliyi daim adı 100 yaşı olan Azərbaycan futbolu ilə yanaşı çəkilən "Neftçi"nin belə olaylarda adının hallandırılmasını şiddətlə qınayır. Bəyanatda hakimlərin "Xəzər Lənkəran"la matçda "Neftçi"yə yardım etməsi haqda fikirlərin qəbuledilməzliyi vurğulanıb: "Flaqman hər zaman meydanda güclü olanın qalib gələcəyi prinsipini əsas tutaraq, əsl sözünü yaşıl meydana deyir. Biz Azərbaycanda futbolun inkişafı üçün çalışan hər bir komandanı, klub rəhbərini alqışlayırıq. "Xəzər Lənkəran"la oyunlarda hakimlərin "Neftçi"yə yardım etməsi haqqında fikirlər isə qəbuledilməzdir".

Bu söz-söhbətləri aradn qaldırmaq üçün "Neftçi" təkliflə çıxış edib. Flaqman bəyan edib ki, "Xəzər Lənkəran" Hakimlər Komitəsindən hansı hakimi istəyirsə, müvafiq qurumlardan xahiş edərək həmin ədalət təmsilçisinin fit çalmasına nail olsun: "Əgər rəqib Azərbaycan hakimlərinə etibar etmirsə, bir çox ölkələrin praktikalarında olduğu kimi xaricdən hakimlər dəvət edilməsini təmin etsinlər. "Neftçi"nin əvvəlki əzəmətini geri qaytarması Azərbaycan Premyer Liqasına olan marağı hədsiz dərəcədə artırıb. "Neftçi" PFK bir daha süni şəkildə klubun ətrafında yaradılan ajiotaja son qoyulmasını tələb edir".  

Son xəbərlər