"Xəzər Lənkəran"la matçda söyüş söyən "Neftçi" azarkeşləri cəzalandırıldı

"Xəzər Lənkəran"la matçda söyüş söyən "Neftçi" azarkeşləri cəzalandırıldı
XƏBƏR 5 Mart 2011 / 22:50 2945
-  A +

"Neftçi" futbol klubunun rəhbərliyi "Flaqman" və "UltraNeftçi" fan-klubları ilə görüş keçirib. Qol.Az-ın klubun saytına istinadən xəbərinə görə, görüşdə, NBC Bank Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk matçında Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında yaşanan xoşagəlməz hadisələr pislənilib.

Konkret olaraq, oyun zamanı stadionun VİP lojasında baş verən hadisələr geniş müzakirə edilib və günahkarlar layiqli cəzalarını alıblar. Həmin olaylara qarışan və rəqib əleyhinə təhqiramiz şüarlar səsləndirən "Flaqman" və "UltraNeftçi"nin üzvləri, fan-klubların rəhbərliyi tərəfindən, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün sərt şəkildə cəzalandırılıb.

Həmçinin görüş zamanı "Neftçi" rəhbərliyi bəyan edib ki, "Xəzər Lənkəran"la oyunlar son illər yüksək templə inkişaf edən Azərbaycan futbolunun bəzəyidir: "Bu komandaların görüşü daim böyük azarkeş marağına səbəb olur. Məhz bu iki komandanın öz aralarında keçirdiyi oyunlarda yüksək səviyyəli futbolla yanaşı, böyük azarkeş ordusu olan iki klubun fanatlarının tribunalarda yaratdığı möhtəşəm atmosferi izləmək mümkündür. Əsl futbol ab-havasına kölgə salmaq istəyənlərə isə futbolsevərlər arasında yer yoxdur. "Xəzər Lənkəran"la oyunlarda bir daha belə halların baş verməməsi üçün lazımi tədbirlər həyata keçiriləcək".  

Son xəbərlər