Apasport.az-ın 4 yaşı tamam oldu

XƏBƏR 5 Mart 2011 / 18:35 2429
-  A +

Bu gün apasport.az saytı üçün əlamətdar tarixdir. Qol.Az-ın məlumatına görə, apasport.az saytı bu gün növbəti ad gününü qeyd edir. Martın 5-də - Bədən Tərbiyəsi və İdman Günündə 4 yaşı tamam olan “apasport”çular artıq 4 ildir iş başındadır.

Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az Azərbaycanın ilk və yeganə idman agentliyi kimi, 2007-ci ildə fəaliyyətə başlayıb. Həmin il Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

Saytda təkcə Azərbaycanda deyil, ölkədən kənarda da təşkil olunan önəmli turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər, fotosessiyalar yerləşdirilir. Bu saytın əməkdaşları milli komandamız və klublarımızın beynəlxalq oyunlarını işıqlandırmaq üçün ölkə xaricinə ezam olunanda da təmsilçilərimizin yanında olur. Bundan başqa, xeyli sayda abunəçisi olan apasport.az-ın gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, diplomatik korpuslara, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.

"Apasport.az" yaşca daha bir il böyüdü. Artıq bu sayt ilk yubileyin bir addımlığındadır. Saytın nə qədər böyüdüyünə dəyərli, sadiq oxucular qiymət veriblər. Elə oxucu qiymətinin nəticəsidir ki, bu sayt Azərbaycanda ən reytinqli, ən oxunanlardan biridir.

Qol.Az saytının kollektivi də "apasport.az"ı ad günü münasibəti ilə təbrik edir və sayta gələcək işlərində uğurlar arzulayır.


Son xəbərlər