Radomir Todorov: "Altılıq"da hər şey fərqli olacaq"
"Mənim üçün adaptasiya dövrü hələ də davam edir. Komandamızın bəzi futbolçuları ilə əvvəllər birlikdə oynasam, bəziləri ilə tanış olsam da, komandaya yeni gəldiyim üçün hələ tam öyrəşməmişəm. İnanıram ki, bu mərhələni müvəffəqiyyətlə keçəcəyəm və hər şey yaxşı olacaq". Qol.Az-ın məlumatına görə, bunu "Bakı"nın yeni transferi Radomir Todorov klubun rəsmi saytına müsahibəsində deyib.
Qışda "Xəzər Lənkəran"dan "Bakı"ya keçən bolqarıstanlı müdafiəçi yeni komandasında Azərbaycan Premyer Liqasının 21-ci turunda "Turan"la səfər matçında debüt edib. Görüş paytaxt klubunun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Todorovun fikrincə, bu oyunda "Bakı" üçün nəticə əsas olub: "Meydanın pis vəziyyətdə olması gözəl oyun göstərməyə imkan vermirdi. Buna baxmayaraq bizim çox qol şansımız oldu. Yaxşı ki, qol vurduq və qələbə bizim oldu".
Qarşıda "Bakı"nı AZAL-la daha bir vacib oyun gözləyir. Təcrübəli müdafiəçi bu görüşə də yalnız qələbə üçün çıxacaqlarını bildirib. O, əsas məqsədlərinin ilk "altılığ"a düşməkdən ibarət olduğunu söyləyib: “Turan” la oyunda olduğu kimi “AZAL”la qarşılaşma da bizim üçün çox vacibdir. Bu oyunda da meydana yalnız qələbə üçün çıxacağıq. Əsas məqsəd xal toplayıb, ilk "altılığ"a düşməkdir. "Altılıq"da hər şey fərqli olacaq. Bunun üçün yaxşı şansımız var. “Muğan”ın “Qəbələ”ni məğlub etməsi bizə böyük şans verdi. Hər şey özümüzdən asılıdır. Son oyunda da yaxşı oynayıb, qələbə qazanmalıyıq".
"Səncə, “Bakı” ilə oynamaq çətindir, yoxsa “Bakı”ya qarşı oynamaq?" sualına isə belə cavab verib: "Bakı” iddialı klubdur. Bu komandaya qarşı oynamaq həmişə çətin olub".