Ronaldo karyerasını başa vurmasının səbəblərini açıqladı

Ronaldo karyerasını başa vurmasının səbəblərini açıqladı
XƏBƏR 15 Fevral 2011 / 00:17 2443
-  A +

Son zamanlar Braziliyanın "Korintians" klubunda çıxış etmiş Ronaldo futbolçu karyerasını başa vurduğunu rəsmən bəyan edib. Qol.Az-ın məlumatına görə, 34 yaşlı hücumçu bu qərarını bir neçə səbəblə əlaqələndirib.

Ronaldo deyib: "Son iki ildə məni zədələr təqib etməyə başladı. Bu da məni karyeramı başa vurmağa vadar etdi. Çəkim barədə çox danışılırdı ki, bu da səbəblərdən biridir".

Karyerasının gözəl, yaddaqalan və maraqlı alındığını söyləyən "Yekədiş" çoxlu qələbə və məğlubiyyət yaşadığını bildirib. O, çoxlu dost əldə etdiyini və düşmən toplamadığını vurğulayıb. Ulduz futbolçu indiyədək oynadığı bütün klublara, onunla komanda yoldaşı olmuş və ona qarşı oynamış futbolçulara, ailəsinə, güclü olmasına yardım edən tənqidçilərə, son zamanlar özünə qarşı aqressivlik gördüyü "Korintians" azarkeşlərinə minnətdarlıq edib.

"Səni həqiqətən də xoşbəxt edən, illərcə sevgi bəxş edən işi buraxmaq çox çətindir. Lakin mənim həyatımın bu mərhələsini qapamaq zamanı yetişdi. Şübhəsiz ki, karyeramın ən həyəcanlı anlarından biri 2002-ci il dünya çempionatındakı qələbədir" deyə Ronaldo bildirib.

O, yaxın vaxtlarda "Fenomenlərin tərbiyəsi" adlı fond açacağını və "Korintians"la təmaslarını davam etdirəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Ronaldo Luis Nazario de Lima 18 sentyabr 1976-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində anadan olub. Ronaldo Braziliya millisində 97 oyun keçirib, 62 qol vurub. Klub səviyyəsində isə 512 rəsmi qarşılaşmada 352 dəfə fərqlənib. Karyerası ərzində "Kruzeyro" (Braziliya), PSV (Hollandiya), "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Real Madrid" (İspaniya), "Milan" (İtaliya), "Korintians" (Braziliya) komandalarında çıxış edib.  

O, yığmanın heyətində ikiqat dünya çempionu, dünya çempionatlarının final mərhələlərində vurduğu 15 qolla rekordçu, 2002-ci il dünya çempionatının bombardiri, 1998-ci il dünya çempionatının ən yaxşı futbolçusu, FİFA versiyasında 3 dəfə ilin futbolçusu, "Qızıl top"un ikiqat sahibi, "Qızıl buts"un sahibidir.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq