"Qarabağ"dan "Kaysar"la heç-heçə

"Qarabağ"dan "Kaysar"la heç-heçə
XƏBƏR 5 Fevral 2011 / 01:35 1842
-  A +

"Qarabağ" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında 6-cı yoxlama oyununa fevralın 4-də çıxıb. Qol.Az-ın məlumatına görə, 28 günlük toplanışın finalında Ağdam komandası Qazaxıstan "Kaysar"ı ilə üz-üzə gəlib.

Bir gün öncə 21 yaşlılardan ibarət Azərbaycan yığması ilə görüşdə iştirak etmiş futbolçulardan yalnız Devran Ayhan "Kaysar"la matçda da start heyətində meydançaya çıxıb. Qalan oyunçular isə Fərhad  Vəliyev, Zaur Həşimov, Aftandil Hacıyev, Admir Teli, Ansi Aqolli, Namiq Yusifov, Rəşad Sadiqov, Andrey Rubins, Əfran İsmayılov, Georgi Adamiya olub.

"Qarabağ" oyuna hücumlarla başlayıb. Çox keçmədən baş məşqçi Qurban Qurbanovun komandası ilk real qol şansını əldə edib. Adamiyanın ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Sadiqov ona qalib gələ bilməyib. Ardından ilk yarının fəallarından olan İsmayılov sağ cinahdan sürətlə irəliləyib qapıya zərbə endirsə də, top dirəkdən geri dönüb. Ümumiyyətlə, ilk yarıda topa daha çox nəzarət edən "Qarabağ" cəmi bir dəfə rəqibə fərqlənmək üçün şans yaradıb. Onda da "Kaysar"ın futbolçusuna dəqiqlik çatmayıb.

İkinci yarıya "Qarabağ"da Vəliyevin yerinə Bojan Pavloviç, hissənin gedişində isə Həşimov, Ayhan, İsmayılovun əvəzinə Qara Qarayev, Emin İmaməliyev və İlqar Qurbanov oyuna daxil olublar. Amma matçı hücumda keçirən komandamız gözlənilmədən qapısında qol görüb. Bununla belə, Ağdam komandası layiq olduğu qolu vura bilib. Daha doğrusu, qolu rəqib futbolçuların özləri vurublar. İmaməliyevin sağ cinahdan yerlə sərt ötürməsini Qurbanovdan öncə "Kaysar"ın müdafiəçisi tamamlayıb.

Beləliklə, "Qarabağ" 6-cı yoxlama oyunundan "sülh"lə ayrılıb.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq