"Trabzonspor" 135 gündən sonra uduzdu
Türkiyə Superliqasının 19-cu turunun mərkəzi görüşündə "Trabzonspor"la "Fənərbaxça" komandaları üz-üzə gəlib. Qol.Az-ın məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmada meydan sahibləri qələbə qazanıb - 2:0.
Qolları 19-cu dəqiqədə Dieqo Luqano, 23-cü dəqidədə isə Mamadu Nyanq vurub. Matçın baş hakimi Bünyamin Gezer komandalara 12 sarı, 3 qırmızı vərəqə göstərib. "Fənərbaxça"da 65-ci dəqiqədə Selçuk Şahin, "Trabzonspor"da 70-ci dəqiqədə Arkadiuş Qlovaçki və 90+5-ci dəqiqədə Tayfun Cora meydançadan qovulub.
Bu nəticə ilə xallarını 39-a yüksəldən "Fənərbaxça" 3-cü pillədəki yerini qoruyub. 43 xalda qalan "Trabzonspor" isə liderliyini davam etdirir. Lakin "Bursaspor" "Qalatasaray"ı 2:0 hesabı ilə yenərək, liderlə xal fərqini 2-yə endirib. Digər tərəfdən, "Trabzonspor" Superliqada 135 gündən sonra uduzub.
Türkiyənin Avropa kuboklarındakı yeganə təmsilçisi "Beşiktaş" da turu məğlubiyyətlə qapadıb. "Qartallar" səfərdə "İstanbul BB"yə yenilib - 1:2. "Ağ-qaralar"ın yeganə qolunu 66-cı dəqiqədə yeni transfer Simao Sabroza vurub. Matçın referisi Fırat Aydınus 15-ci dəqiqədə qonaqların baş məşqçisi Bernd Şusteri hakimlə mübahisə etdiyi üçün texniki zonadan qovub. Bu məğlubiyyətdən sonra "Beşiktaş" 31 xalla 5-ci pillədə qalıb.