Nasimov - "Şturm" - 2:0

Nasimov - "Şturm" - 2:0
XƏBƏR 29 Yanvar 2011 / 23:42 2784
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" klubu bu gün Avstriyanın "Şturm" komandası ilə yoldaşlıq görüşü keçirib. Qol.Az-ın məlumatına görə, "İC Santai" otelinin meydançasında baş tutan görüş flaqmanın qələbəsi ilə nəticələnib - 2:0.

"Neftçi"nin start heyətində Rauf Mehdiyev, Tərlan Quliyev, İqor Mitreski, Denis Silva, Ruslan Əmircanov, Slavço Georgievski, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Rəşad Abdullayev, Ruslan Qurbanov və Bahodir Nasimov yer alıb. "Şturm"da isə ilk dəqiqələrdən Kristian Qratsey, Martin Ernrayş, Qordon Şildenfild, Ferdinand Feldhofer, Dominik Pürher, Patrik Volf, Manuel Veber, Sandro Foda, Andreas Höltsl, Roman Kinast, Klaus Salmutter meydançaya çıxıb. Onlar əsas heyət oyunçuları olub. Bir çox futbolçular öz milli komandalarının şərəfini qoruyurlar, Avstriya yığmasından isə 2 futbolçu "Şturm"da forma geyinir. "Şturm"un əvəzedici heyəti isə günorta saatlarında Rumıniyanin "Unirya" klubunu 1:0 hesabı ilə məğlub edib.

"Neftçi" - "Şturm" matçında hesab 9-cu dəqiqədə açılıb. Qapıçı ilə təkbətək çixan Bahodir Nasimov topu tora qovuşdurub. Avstriyalılar yalnız buraxılan qoldan sonra hücum haqqında düşünməyə başlayıblar. Lakin növbəti qol da "Neftçi"dən gəlib. 22-ci dəqiqədə Rəşad Abdullayevin ötürməsini Nasimov başla qapıya göndərib.

İkinci yarıya "Neftçi" iki əvəzləmə ilə başlayıb. Ruslan Qurbanovla Mirhüseyn Seyidovu Emil Mpenza və Araz Abdullayev əvəzləyib. 58-ci dəqiqədə isə Rəşad Abdullayev və Bahodir Nasimovun yerinə Flavinyo ilə Elmar Baxşiyev çıxıb. 72-ci dəqiqədə "Neftçi"də qapıçı dəyişikliyi reallaşıb. Rauf Mehdiyev yerini Elçin Sadıqova verib. Eyni zamanda, Denis Silvanın əvəzinə Tural Nərimanov, Tərlan Quliyevin əvəzinə isə Kərim Diniyev meydançaya daxil olub. "Neftçi"nin baş məşqçisi Arif Əsədov gənc futbolçular - Eltun Yaqublu və Malik Babayevi də meydançaya daxil edib.

Bu əvəzləmələr hesabda heç bir dəyişikliyə səbəb olmayıb. "Neftçi" üçüncü yoxlama matçını da məğlubiyyətsiz başa vurub. Bundan öncə flaqman Rusiyanın "SKA-Energiya" komandası ilə heç-heçə edib, Ukrayna "Arsenal"ını isə yenib - 2:1.

Son xəbərlər