"Anji"nin qələbəsində iki azərbaycanlı futbolçu payı

"Anji"nin qələbəsində iki azərbaycanlı futbolçu payı
XƏBƏR 27 Yanvar 2011 / 23:58 2175
-  A +

Rusiyanın "Anji" klubu Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısı çərçivəsində ikinci yoxlama matçına çıxıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, rəqib Rumıniyanın "Universitatya" komandası olub.

Görüş "Anji"nin qələbəsi ilə nəticələnib - 1:0. Yeganə qolu 58-ci dəqiqədə Yan Qolenda vurub. Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov start heyətində meydançaya çıxıb və 69-cu dəqiqədə əvəzlənib. "Anji"də baxışda olan 21 yaşlılardan ibarət yığmamızın üzvü Rüstəm Abasov isə 72-ci dəqiqədə oyuna daxil olub.

Oyundan sonra baş məşqçi Hacı Hacıyev "Anji"nin mətbuat xidmətinə açıqlamasında oyun intizamından və əsas heyət futbolçuları arasındakı anlaşmadan razı qaldığını söyləyib. Sonradan oyuna girən və baxışda olanlar isə Hacıyevdə daha az mütəşəkkil və aşağı keyfiyyətli oynadıqları qənaətini yaradıb. Lakin baş məşqçi bu çatışmazlıqları müvəqqəti sayır. 

Məşq şəraitindən razı qaldığını deyən Hacıyev təkcə məşqə və geriyə iki saatadək vaxt sərf etmələrindən şikayətlənib.
 
Qeyd edək ki, "Anji"nin ilk yoxlama matçında Polşa "Poloniya"sı ilə keçirdiyi qarşılaşmanın ikinci hissəsi oynanılmayıb. Birinci hissə isə heç-heçə ilə nəticələnib - 0:0.
  

Son xəbərlər