"Neftçi" yenidən Antalyada

"Neftçi" yenidən Antalyada
XƏBƏR 24 Yanvar 2011 / 16:55 1677
-  A +

Unibank Premyer Liqasına ciddi hazırlaşan "Neftçi" PFK təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb. Qol.Az-ın məlumatına görə, Bakı-İstanbul-Antalya reysi ilə səfərə çıxan flaqman günorta saatlarında mənzil başına yetişib. Komanda üzvləri "Mardan" İdman Kompleksində məskunlaşıblar.

"Ağ-qaralar"ın əsas üzvlərindən yalnız Alessandro Viana da Silva hazırlıqda iştirak etməyəcək. O, zədəsini müalicə etdirmək məqsədilə Braziliyaya yollanır. Bununla belə, komandanın makedoniyalı futbolçuları – İqor Mitreski və Slavço Georgiveski də Antalyada flaqmanın düşərgəsindədir. Həmçinin, əvəzedici heyətdən Malik Babayev, Eltun Yaqublu və Kərim Diniyev Antalyaya aparılıb. "Neftçi" ikinci təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə bu gün Bakı vaxtı ilə saat 19:00-da çıxacaq.

Bir faktı da qeyd edək ki, Antalyada "Mardan" İdman Kompleksinə məxsus 3 min azarkeş tutumu olan stadion da "Neftçi"nin ixtiyarına verilib. Bu meydançada yalnız "Neftçi"nin futbolçuları məşq edecək və nəzərdə tutulan yoxlama görüşlərindən bir neçəsi bu arenada baş tutacaq. Xatırladaq ki, fevralın 4-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər