Millimizin baş məşqçisi: "Turnirdə əsas rəqibimiz Ukrayna futzalçıları olacaq"

Millimizin baş məşqçisi: "Turnirdə əsas rəqibimiz Ukrayna futzalçıları olacaq"
XƏBƏR 14 Yanvar 2011 / 18:06 1515
-  A +

Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silvanın Affa.az saytına müsahibəsi
 
- Əvvəlcə hazırlıq planı barədə ümumi məlumat verməyinizi istərdik...
- Yanvarın 10-da Bakıda təlim-məşq toplanışına yığışdıq. Gündə bir dəfə məşq edirdik. Ayın 13-dən etibarən isə hazırlığımızı Minskdə davam etdiririk. Burada gündə iki dəfə olmaqla intensiv çalışmalara başlamışıq. Yanvarın 16-da və 18-də Belarus futzalçıları ilə iki yoxlama oyununda qüvvəmizi sınayacağıq.
 
- Rəqib barədə hər hansı informasiyanız varmı?
- Onların dörd oyununun videoyazısını izləmişəm. Son 3-4 ayda heyətlərində dəyişiklik olub-olmadığını bilmirəm. İnternet vasitəsilə və digər mənbələrdən aldığım məlumata görə, Belarus millisində hər hansı ciddi dəyişiklik yoxdur.
 
- Millinin bir neçə üzvü ölkə xaricində çıxış edir. Onların oyununu izləmək imkanınız olubmu?
- Vaxtım olan kimi onların oyununu izləmək üçün ölkə xaricinə yollanıram. Bu mümkün olmayanda isə, oyunların videoyazısını əldə etməyə çalışıram.
 
- Bu toplanış Bakıda keçiriləcək IV Bakı Beynəlxalq Futzal Turniri ərəfəsində son sınaqdır. Komandanı bu yarışa nə dərəcədə hazır saymaq olar?
- Komandanı Bakıda keçiriləcək IV Bakı Beynəlxalq Futzal Turnirinə 70-80 faiz hazır saymaq olar. Heyətə yeni futzalçılar çağırılıb. Bu səbəbdən uyğunlaşma problemini aradan götürməyə çalışırıq. Minskdə futbolçuları bəzi testlərdən keçirəcəyik. Heyəti komplektləşdirmək baxımından bu sonuncu təlim-məşq toplanışımızdır. Düşünürəm ki, buradakı hazırlıq və iki yoxlama oyunundan sonra komanda tam hazır olacaq.
 
- IV Bakı Beynəlxalq Futzal Turnirinin digər iştirakçıları - Özbəkistan, Ukrayna və Latviya millisi haqda nə deyə bilərsiniz?
- Düşünürəm ki, bu turnirdə əsas rəqibimiz Ukrayna futzalçıları olacaq. Özbəkistan yığması da güclü rəqibdir. Xatırladım ki, onlarla yoxlama görüşü də keçirmişik. Özbək futzalçıların son oyunlarının videoyazısını da əldə etmişəm. Latviya millisi barədə isə heç bir məlumatım yoxdur. Yalnız internet vasitəsilə keçirdikləri oyunların hesabını öyrənirəm.
 
- Avropa çempionatının əsas seçmə mərhələsinin oyunları Bakıda keçiriləcək. Qitə birinciliyinin son qalibi olan İspaniya ilə eyni qrupda yarışacağıq. Şanslarımızı necə dəyərləndirirsiniz?
- Çətin olacağını hamımız bilirik. Lakin biz də asan rəqib deyilik və qrupdan çıxmaq şansımız var. Səhv etmirəmsə, qrup mərhələsində son oyunumuzu məhz İspaniya millisinə qarşı keçirəcəyik. Bu səbəbdən ilk iki oyundan qalib ayrılmağımız vacibdir.

Daha çox


Son xəbərlər