Xavi yeni rekorda imza atdı

Xavi yeni rekorda imza atdı
XƏBƏR 3 Yanvar 2011 / 15:14 2216
-  A +

Futbol üzrə İspaniya çempionatının 17-ci turunda “Barselona”nın “Levante” üzərində 2:1 hesablı qələbə qazandığı görüş Xavi Ernandes üçün daha əlamətdar olub. Qol.Az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi 2:1 hesablı qələbə qazanan “Barsa”nın heyətində 549-cu oyununu keçirib. Bununla da İspaniya yığmasının futbolçusu keçirdiyi oyunların sayını klubun rekordçusu olan Migel ilə bərabərləşdirib. Lakin 1988-ci ildə karyerasını başa vuran Migeldən fərqli olaraq, Xavi hələ də komandasının uğurlarında böyük rol oynayır. Bu səbəbdən, 2010-cu ilin ən yaxşı futbolçusu adına namizədlərdən sayılan Xavinin “Barsa”da ən çox oyun keçirən futbolçuya çevriləcəyi şübhəsizdir.
“Mən “Barselona”nın formasını daşımaq imkanı əldə etdiyim və Migel kimi əfsanə ilə bir sırada durduğum üçün qürur duyuram”- deyə Xavi bildirib. “Barselona”nın baş məşqçisi Xosep Qvardiola isə “Levante” üzərində qələbəni Xaviyə həsr etdiklərini bildirib: “Mən “Barselona”da 300 oyun keçirərkən, bunun çox böyük sayda olduğunu düşünürdüm. Migel 549 oyun keçirib və 38 yaşında karyerasını başa vurub. Lakin Xavi artıq 30 yaşında bu qədər oyuna çıxıb. Onun 700-cü matçda iştirak etdiyini görsəm, təəccüblənmərəm. Bu qələbəni məhz Xaviyə həsr edirik”.
Qeyd edək ki, bu qələbə sayəsində xallarını 46-ya çatdıran “Barselona” liderliyini daha da möhkəmləndirib. “Levante” isə 15 xalla 17-ci pillədə qalıb.

Daha çox


Son xəbərlər