Bu gün Türkiyədə Rövnəq Abdullayev və Sadıq Sadıqova mükafat veriləcək

Bu gün Türkiyədə Rövnəq Abdullayev və Sadıq Sadıqova mükafat veriləcək
XƏBƏR 20 Dekabr 2010 / 11:06 1872
-  A +

Bu gün İstanbul Ceylan Beynəlxalq Mərkəzində Türkiyənin ən böyük informasiya agentliklərindən olan "Spor Ajans"ın "İlin idman adamları" beynəlxalq mükafatlandırma mərasimi keçiriləcək. Qol.Az-ın məlumatına görə, tədbirdə Türkiyə Olimpiya Komitəsinin prezidenti Toqay Boyatlı, bu ölkənin futbol federasiyasının prezidenti Mahmud Özgənər, qardaş ölkənin tanınmış futbol mütəxəsissləri - Fatih Terim, Mustafa Dənizli, Ömer Üründül, Avropa futbol təşkilatı UEFA-nın vitse-prezidenti Şenes Erzik, Avropa Klublar Assosiasiyasının prezidenti Karl-Haynts Rummenige, İran Futbol Federasiyasının prezidenti Əli Kafaşian, Şimali Kipr Türk Cümhuriyyətinin təhsil və idman naziri Nazim Çavuşoğlu, tanınmış futbol adamları - almaniyalı Klaus Topmöller, rumıniyalı Mirça Luçesku, gürcüstanlı Timuri Ketsbaya iştirak edəcəklər. "I Uluslararası Spor Ajans Spor Adamları Ödül Gecəsi"nə Türkiyə, Yunanıstan, Rumıniya, Almaniya, Gürcüstan və digər ölkələrin klub rəhbərləri, məşqçilər də qatılacaqlar. Azərbaycan Futbol Federasiyasının prezidenti Rövnəq Abdullayev və "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov da beynəlxalq tədbirdə iştirak etmək üçün Türkiyəyə dəvət olunublar.
"Spor Ajans" informasiya agentliyinin qərarına əsasən, Rövnəq Abdullayev "Şərəf mükafatı"na layiq görülüb. "Spor Ajans" informasiya agentliyinin web saytında Azərbaycan Futbol Federasiyası prezidentinin vəzifəyə gəldiyi gündən bu yana ölkə futbolunun səviyyəsini yüksəltdiyi, xüsusilə Türkiyə-Azərbaycan qardaş ölkə siyasəti çərçivəsində səmərəli fəaliyyət göstərdiyi qeyd olunub. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov isə "Avropada ilin klub prezidenti" mükafatına layiq görülüb.
Artıq bu münasibətlə klub prezidenti Sadıq Sadıqov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və məşqçi-seleksiyaçı Yusuf Uncular Türkiyəyə yola düşüblər. Yusuf Unculara isə Azərbaycan Türkiyə əlaqələrinə görə "İlin idman səfiri" mükafatı təqdim olunacaq.
Mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər