Alim Qurbanov: “Bəzi hakimlər “Xəzər Lənkəran”ın çempion olmasını istəmirlər”

XƏBƏR 25 Noyabr 2010 / 12:42 2284
-  A +

“Neftçi” son turlarda vacib xallar itirməklə əsas rəqibi “Xəzər Lənkəran”ın ona bir qədər də yaxınlaşmasına şərait yaratdı. Hazırda bu iki komandanı bir-birindən cəmi 1 xal ayırır. Əgər növbəti turda “Neftçi” “Qarabağ”la oyunda xal itirsə, o zaman “Bakı”nı məğlub edəcəyi halda lənkəranlılar zirvəyə yüksələ bilərlər. Ümumiyyətlə, Mirça Rednikin rəhbərlik etdiyi komanda son turlarda təkcə qələbə qazanmaqla yox, həm də qapısının toxunulmazlığını saxlamaqla yadda qalır. ötən iki turda “Simurq” və “Muğan” üzərində qazanılan qələbələri isə birbaşa təcrübəli Alim Qurbanovun ayağına yazmaq olar. Məhz onun qolları “Xəzər Lənkəran”a qələbə qazandırdı. “Simurq”la oyunda komandasının yeganə qoluna imza atan Alim daha sonra “Muğan”la görüşdə dubl etdi. Bu isə veteran yarımmüdafiəçinin hazırda yaxşı formada olduğunu göstərir.
34 yaşlı futbolçu həm öz oyunu, həm də “Xəzər Lənkəran”ın çıxışı haqda danışdı. “Xəzər Lənkəran”ın kapitan sarğısını da daşıyan Qurbanov maraqlı açıqlamaları ilə yadda qaldı.

- Alim, “Simurq”la müqayisədə “Muğan” üzərində bir qədər asan qələbə qazandınız...
- Həqiqətən “Simurq”la oyun çox çətin keçmişdi. ümumiyyətlə, zəif rəqiblərlə oyunlarda nədənsə çox çətinlik çəkirik. Görünür, bu da rəqibi ciddiyə almamaqdan irəli gəlir. Yəni rəqibi saymayanda həmişə çətinliklə üzləşirsən. Bu mənada deyərdim ki, “Simurq”la oyunda bəxtimiz gətirdi. Yaxşı ki, çətinliklə də olsa, sona yaxın qələbə qolunu vura bildik. “Muğan”la görüşə isə yaxşı hazırlaşmışdıq, həm də rəqibə ciddi yanaşmışdıq. Bundan başqa, bildiyiniz kimi, ilk dövrədə bu komanda ilə Salyanda keçirdiyimiz oyun çox gərgin keçmişdi və 0:0 hesabı ilə başa çatmışdı. Bu mənada evdə qələbə qazanaraq həmin xal itkisinin əvəzini çıxmaq istəyirdik.
- Yəni oyun sizin üçün prinsipial əhəmiyyət daşıyırdı?
- Prinsipial deyəndə, sadəcə, həmin matçın revanşını almaq niyyətində idik və şadam ki, bunu da bacardıq.
- Yeri gəlmişkən, Salyandakı matç həm də qalmaqalla yadda qalmışdı və Anar Salmanovun sizə qarşı qərəzli idarəçiliyindən narazı qalmışdınız...
- Həmin oyunda həqiqətən də bizə qarşı haqsızlıq olmuşdu. Amma bu məsələyə qarışmaq istəmirəm. Bu işlə məşğul olan aidiyyatı komitə var və yaxşı olar ki, onlar özləri kobud hakim səhvlərinə görə lazımı tədbirlər görsünlər. Amma mən sizə açıq şəkildə demək istəyirəm ki, bəzi hakimlər “Xəzər Lənkəran”ın çempion olmasını istəmirlər və bu səbəbdən də oyunlarımızı qərəzli idarə edirlər.
- Konkret kimlərin adını çəkə bilərsən?
- Elə “Muğan”la ilk dövrədəki oyunumuzu idarə edən Anar Salmanovu qeyd edərdim. Həmin oyunda o, bir neçə aşkar epizodda bizim əleyhimizə qərarlar verdi. Ondan başqa da bir neçə hakim olub ki, oyunlarımızı qərəzli idarə ediblər.
- Ötən turdan sonra lider “Neftçi” ilə xal fərqini minimuma endirdiniz. Yəqin ki, növbəti turda zirvəni hədəfləyirsiniz?
- Biz yalnız “Neftçi”ni düşünə bilmərik. Çünki çempionatda digər iddialı komandalar da var ki, onlar da çempionluq yolunda sona qədər “vuruşacaqlar”. Həm də “Neftçi”dən əvvəl ilk növbədə öz oyunumuzu düşünməliyik. Gərək “Bakı”nı məğlub edək ki, sonra “Neftçi”nin “Qarabağ”a məğlubiyyətini arzulayaq. Təbii ki, mən “Neftçi”yə də uğurlar arzulayıram. Amma bu, idman mübarizəsidir və biz onların məğlubiyyətini arzuladığımız kimi, onlar da bizim məğlubiyyətimizi arzulayırlar.

- Son turlarda vurduğun qollarla diqqət çəkirsən. “Xəzər Lənkəran” “Simurq” və “Muğan”ı məhz sənin qolların sayəsində məğlub etdi. Maraqlıdır, son vaxtlar formaya düşmüsən, yoxsa  formada idin, sadəcə, baş məşqçi şans vermirdi?
- Əslində çempionat yenicə başlayanda 1-2 tur oynadım. Sonradan isə baş məşqçimiz heyətə yeni cəlb etdiyi rumıniyalı futbolçulara şans verməyə başladı. Hər halda heyət seçimi baş məşqçiyə aiddir və futbolçunun buna qarışmağa ixtiyarı yoxdur. Rednik hamıya şans verir. Elə oyunçu yoxdur ki, oynamaq imkanı qazanmasın. Kim ona verilən şansdan maksimum istifadə etsə, növbəti turlarda oynamaq şansı qazanacaq. Mən çalışıram ki, bu yaşda elə oyun nümayiş etdirim ki, ehtiyatda qalmayım. Klub rəhbərliyi ilə münasibətimiz çox yaxşıdır. Sağ olsunlar, mənə inanırlar, etimad göstərirlər. Mən də bu etimadı doğrultmaq üçün əlimdən gələni edirəm. Bu yaşda başqa kluba getsəm, oynamaq çox çətin olacaq. çünki indi 30 yaşından yuxarı futbolçunu heç kim qəbul etmir və hamı gənc oyunçulara üstünlük verir.
- Yeri gəlmişkən, “Xəzər Lənkəran”la müqavilə müddətin nə vaxt başa çatır?
- Hələ il yarımlıq müqaviləm var. Amma klubumuzun prezidenti Mais Mənsimov deyir ki, səninlə ömürlük müqavilə bağlamışıq (gülür). Həqiqətən rəhbərliyin futbolçulara olan qayğısını mütləq qeyd etməliyəm. Buradan onlara da öz minnətdarlığımı bildirirəm.
- Belə başa düşdük ki, karyeranı elə “Xəzər Lənkəran”da da bitirməyi düşünürsən?
- Yəqin ki, belə də olacaq. Mən də bunu istəyirəm. Baxmayaraq ki, özüm gəncəliyəm və həmişə doğma şəhərimin komandasında oynamağı arzulamışam. Ancaq tale elə gətirib ki, karyeram ərzində bir dəfə də olsun Gəncə klubunun şərəfini qorumamışam. Nə demək olar, görünür, qismət belə imiş. Məsələn, Arif Əsədov da sumqayıtlıdır, amma karyerası ərzində bir dəfə də olsun Sumqayıt klubunun şərəfini qorumayıb.
- Yəni bir dəfə də olsun Gəncədə oynamaq imkanın olmayıb?
- Bir dəfə olmuşdu. Yadımdadır, 1998-ci ildə Ağasəlim Mircavadov məni MOİK-dən “Qarabağ”a dəvət etdi. Oradan sonra isə “Neftçi”yə keçmişdim. Bir müddət sonra isə futbolumuzda durğunluq yarandı və hətta çempionat da yarımçıq qaldı. Sonradan yenidən bərpa olunan zaman Mehman Allahverdiyev məni “Kəpəz”ə dəvət etdi. Getdim, danışdıq, amma maddi məsələlərdə razılığa gələ bilmədik. İnşallah, qismət olar, məşqçi kimi Gəncə futboluna xidmət edərəm. çünki oranın çörəyini yemişik və bunun haqqını nə vaxtsa verməliyik.

- “Xəzər Lənkəran”ın çempionluq şanslarını necə qiymətləndirirsən?
- Hazırda çempionatda çox gərgin mübarizə gedir. ötən mövsümlə müqayisədə bu il daha güclü çempionat keçirilir. Azərbaycana xeyli səviyyəli legionerlər cəlb olunub ki, bunlar da çempionatı daha maraqlı, baxımlı edib. Ən azı 4-5 komanda çempionluğu hədəfləyib. Ona görə də işimiz çətin olacaq. Amma hədəfimiz təbii ki, dəyişməz olaraq qalır və çempion olmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Lakin heyətdə zədəli futbolçuların çoxluğu bizi narahat edir. Onlar da sıraya dönsələr, hər şey daha yaxşı olacaq. Eşitdiyimə görə, İmedaşvili artıq zədəsini sağaltmaq üzrədir. Bu çox sevindiricidir. Yəqin ki, qış fasiləsində yeni futbolçular da transfer olunacaq və heyət daha da gücləndiriləcək.
- Səncə, Oparanın yeri görünürmü?
- Əlbəttə görünür. özü də çox. Opara həqiqətən də çox səviyyəli futbolçudur və onun yoxluğu komandanın oyununa da təsir edir. İnanıram ki, o da tezliklə sıraya qayıdacaq və “Xəzər Lənkəran”ın uğurlarına töhfə verəcək.
- Bəs, Allan Lalin necə?
- Lalin də pis futbolçu deyil. Amma son vaxtlar nədənsə, yaxşı oynaya bilmirdi. İstənilən halda Oparanın yeri görünür.
- Ümumiyyətlə, sənə görə “Xəzər Lənkəran”da ən yaxşı təsir bağışlayan mövqe hansıdır?
- Müdafiə xətti. Hücum və yarımmüdafiə xətlərində çatışmazlıqlar var. Amma müdafiə xəttimiz işinin öhdəsindən daha yaxşı gəlir və etibarlı oyunu ilə diqqət çəkir.
- Amma maraqlıdır ki, həmin etibarlı müdafiə xətti “Gəncə” ilə oyunda 4 qol buraxdı...
- Açığı, həmin məğlubiyyətin şokundan hələ də ayılmamışıq. İndinin özündə də anlaya bilmirik necə oldu ki, həmin oyunu o cür hesabla uduzduq. Oyuna pis başlamamışdıq, hesabı açan tərəf də biz olduq. Lakin sonradan 4 top buraxaraq, böyük hesabla məğlub olduq. Görünür, həmin oyunda rəqibə ciddi yanaşmamışdıq və bunun acısını çəkdik.
- Çempionluq yolunda hansı komandanı “Xəzər Lənkəran”a əsas rəqib sayırsan?
- “Neftçi”, “Bakı”, “İnter” və AZAL-ın adını çəkərdim.
- Az öncə Azərbayacana gələn legionerlər haqqında danışdıq. Bu mənada maraqlıdır, sənə daha çox kimin oyunu xoş təsir bağışlayır və kim öz səviyyəsi ilə seçilir?
- “Neftçi”nin hücumçusu Bahadır Nəsimovun adını çəkərdim. Elə həmin klubda oynayan Denis Silva da səviyyəli futbolçudur. Komanda yoldaşım Radomir Todorovu qeyd edərdim. Bundan başqa, “Bakı”nın heyətində də çox səviyyəli futbolçular çıxış edirlər.
- “Bakı”dan söz düşmüşkən, müsahibəni bu komanda barədə yekunlaşdırmaq yerinə düşərdi. Növbəti turda məhz “Bakı” ilə üz-üzə gəlirsiniz. Oyunla bağlı nə düşünürsən?
- Qeyd etdiyim kimi, “Bakı” çox güclü komandadır. Səviyyəli futbolçuları, baş məşqçiləri var. Bilirik ki, onlar da bizimlə oyuna ancaq qələbə üçün çıxacaqlar. Biz də eyni məqsədlə meydançaya çıxacağımızdan, azarkeşləri maraqlı bir oyunun gözlədiyini demək olar. Bir sözlə, hər iki komanda üçün çətin oyun olacaq. Bu arada bir arzumu da sizin qəzetiniz vasitəsilə azarkeşlərə, oxuculara çatdırmaq istəyirəm. çox istəyirəm ki, klublarımız təkcə Azərbaycanda yox, Avropada da uğur qazansınlar. çünki Azərbaycanda uğur qazanmaq o qədər də çətin deyil. Əsas odur ki, Avropada sözümüzü deyək və Azərbaycanın adını Avropada da tanıdaq. Ən vacibi budur.

Mənbə: “Çempion-Azərbaycan” qəzeti

 


Son xəbərlər