...Flaqmanın yeniyetmələrinin məşq etdiyi meydançaya çatar-çatmaz səs-küyü, qıy-qışqırığı eşitməmək mümkün deyil. Reportaj hazırlamaq üçün gəldiyimiz meydançada uşaqlar məşq edirdi. "Neftçi"nin 1999-cu il təvəllüdlülərdən ibarət komandasının üzvləri. Yəni, flaqmanın gələcək ulduzları!
11 yaşlı uşaqların məşqindəki görüntünü özünüz təsəvvür edə bilərsiniz. Belə azyaşlı uşaqlarla işləmək çox çətindir. Çünki uşaqlar ərköyün olur, hələ çox şeyi başa düşmürlər, ustalıq səviyyələri, topla davranışları aşağı olur. Əgər kimsə uşaq komandalarının məşqçilərinin işinin asan olduğunu düşünürsə, yanılır. Futbolun sirlərini təzə öyrənməyə başlayan bu balacaların öhdəsindən gəlmək gərgin əmək tələb edir. Bəlkə də böyük futbolçuları məşq etdirmək, oyunlara hazırlamaq asandır, nəinki balacaları. Bu baxımdan uşaq məşqçilərimizin halına yanmamaq olmur...
Uşaq futbolu "Neftçi" PFK-da prioritet məsələlərdən biridir. Sadıq Sadıqov klubun prezidenti olduqdan sonra bu sahəyə diqqət və qayğı daha da artıb. Flaqman rəhbərliyi "2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı"nda uşaq futbolu ilə bağlı nəzərdə tutulan müddəaların icra olunması üçün bütün səylərini səfərbər edib. "Neftçi"də uşaq futbolunun inkişafı istiqamətində hər cür şərait yaradılıb. Hazırda "ağ-qaralar"da müxtəlif yaş qruplarından ibarət komandalar fəaliyyət göstərirlər. Həmin kollektivlər respublika və beynəlxalq miqyaslı yarışlarda bir qayda olaraq, layiqli çıxış edir, onlara bəslənilən ümidləri doğruldurlar.
U-11-in məşqçiləri Ramil Həbibovla Eldəniz Məmmədovdur. Hər iki çalışdırıcı yayın istisinə, qışın soyuğuna baxmayaraq, balacalara məşq keçir, onlara futbolun sirlərini öyrədirlər. 1999-cu il təvəllüdlərə aid 2 qrup var. Orta məktəbdə I növbədə təhsil alanlar məşqə günorta, II növbədə oxuyanlar isə səhər gəlirlər. Komandalar həftədə 4 dəfə məşq edirlər. Bazar günləri isə yoldaşlıq görüşləri təşkil olunur ki, məqsəd futbolçulara oyun təcrübəsi qazandrmaq, onları taktiki, texniki planda sınaqdan keçirməkdir.
U-11-in heyətində perspektivli, istedadlı uşaqlar yer alıblar. Baş məşqçi Ramil Həbibovun sözlərinə görə, komandanın ən aparıcı üzvləri Kamran Quliyev, Məmməd Nəsibov, Allahverdi Tanrıverdiyev və digərləridir. Məhz bu istedadlı futbolçuların sayəsində "Neftçi" ardıcıl 2 il "Sabahın ulduzları" turnirinin qalibi olub. Həm 10, həm də 11 yaşlıların mübarizəsində "ağ-qaralar"a rəqib tapılmayıb.
"Neftçi"də uşaqların məşqləri çox gərgin, dinamik olur. Məşqçilər yetirmələrinə öncə ayrı-ayrı təmrinlər veririlər. Balacalar taktiki gedişləri düzgün yerinə yetirməyə, seçilməyə, fərqlənməyə çalışırlar. Ardınca komanda üzvləri ikitərəfli oyunda üz-üzə gəlirlər. Həbibov deyir ki, məşqlərdə əsasən sürətli oyun, dəqiq ötürmələr üzərində çalışmaq vacibdir: "Müasir futbolda ötürmələrə böyük üstünlük verilir. Topu qəbul edəndə, artıq onu kimə ötürəcəyini bilməlisən. Yəni, top hələ sənə çatmamış, komanda yoldaşlarına baxmalı, ani qərar qəbul edib, ötürmə verəcəyin futbolçunu müəyyənləşdirməlisən".
Komanda paralel olaraq, 2 yarışda mübarizə aparır. "Neftçi"nin 1999-cu il təvəllüdlü uşaqları AFFA-nın bayrağı altında keçirilən U-13 liqasına, eyni zamanda "Sabahın ulduzları" turnirinə qatılır. Çox maraqlı məqam ondan ibarətdir ki, balacaların 11 yaşları olsa da, onlar AFFA U-13 liqasında özlərindən 2 yaş böyüklərlə qarşılaşacaqlar. Həbibovun fikrincə, bu amil heyət üzvlərinin bərkiməsinə, təcrübələrinin artmasına kömək edəcək.
"Neftçi"nin heyətində aparıcı oyunçulardan sayılan Kamran Quliyevdə futbola sevgi irsən keçib: "Mənim atam, Rüfət Quliyev də futbolçu olub. Buna görə də məndə futbola sevgi lap kiçik yaşlarımdan yaranıb. "Neftçi"nin oyunçusu olmaq çox xoşdur. Çünki həmişə eşitmişəm ki, Azərbaycanda ən güclü klub "Neftçi"dir. Özüm Kriştianu Ronaldonun azarkeşiyəm. Gələcəkdə "Mançester Yunayted"də oynamaq istəyirəm". Kamran qarşıdakı mövsümün də uğurlu olacağını düşünür: "Biz yenə "Sabahın ulduzları" turnirinin qalibi olmaq istəyirik. Məqşçilərimiz bizə U-13 liqasında da yaxşı çıxış etməyin lazım olduğunu tapşırıblar".
Lionel Messini özünə kumir seçən Məmməd Nəsibov isə 3 ildir "Neftçi"nin şərəfini qoruyur: "Turnirlərdə "Neftçi"nin heyətində oynayıb, kuboklar qazanmışam. Lionel Messinin fintlərini, güclü zərbələrini bəyənirəm. Böyüyəndə İspaniyanın "Barselona" klubunda oynamaq istəyirəm".
Perspektivli Emil Süleymanlı da peşəkar futbolçu kimi yetişir, "Neftçi"də böyük uğurlar qazanmaq niyyətindədir: "Neftçi"də oynamaqla fəxr edirəm. Çünki mənim ən sevdiyim, azarkeşlik etdiyim klub elə "Neftçi"dir. Burada hər şey ürəyimcədir. Bizim yaxşı komandamız var. Ən böyük arzum isə Azərbaycan milli komandasının heyətində çoxlu qollar vurmaqdır".
Daha sonra söhbətləşdiyimiz Musa Cavadov "Barselona"nın fanatıdır. O, "Neftçi"də yüksək zirvələri fəth etmək istəyir: "Neftçi" mənim sevimli komandamdır. Burada təxminən 1 ildir məşq edirəm. Həm Ramil müəllim, həm də Eldəniz müəllim bizim əsl futbolçu kimi yetişməyimiz üçün çox əziyyət çəkirlər. Biz də onların zəhmətini yerə vurmayacağıq".
Yəqin ki, indi övladının futbolçu olmasını istəyən valideynləri bir sual düşündürür: övladımızın "Neftçi"nin üzvü olması üçün nə etmək lazımdır? Baş məşqçi Ramil Həbibov bu suala da cavab verdi: ""Neftçi"nin qapıları hamının üzünə açıqdır. Kim istəyirsə, övladını məşqlərə gətirə bilər. Seçim zamanı uşaqların cəldliyinə fikir veririk. Cəldlik sayəsində rəqibi qabaqlamaq, mübarizəni udmaq mümkündür. Biz uşaqları yoxlayıb, onların nəyə qadir olduqlarını müəyyənləşdirdikdən sonra qərarımızı veririk. Şübhəsiz ki, istedadlıları dərhal komandamıza cəlb edirik. Fürsətdən istifadə edib, bizə yaratdığı gözəl şəraitə görə "Neftçi" rəhbərliyinə minnətdarlığımızı bildiririk. Başlıca məqsədimiz flaqmanın əsas komandası üçün ehtiyat qüvvə yetişdirməkdən ibarətdir. Məhz rəhbərliyin diqqəti və qayğısı nəticəsində hər il ustalıq səviyyəsini artırmış neçə-neçə futbolçumuz daha yuxarı yaş qrupuna, oradan da əsas komandaya cəlb edilir".
Artıq vaxtdır, "Neftçi"nin məşqçiləri və uşaq futbolçuları ilə sağollaşıb, nostalji hisslər altında stadionu tərk edirik. Onlara yalnız uğurlar arzulağımız qalır. Gün o gün olsun, səsiniz Avropanın ən möhtəşəm klublarından gəlsin!
Mənbə: "Neftçi" jurnalı
Pelleqrini sıradan çıxdı
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam