Poşexontsev: «Azərbaycan millisi üçün Qurban Qurbanov kimi əla namizəd var»

Poşexontsev: «Azərbaycan millisi üçün Qurban Qurbanov kimi əla namizəd var»
XƏBƏR 10 Noyabr 2010 / 16:13 2236
-  A +

Azərbaycan millisinin Türkiyə üzərində tarixi qələbəsi (1:0) komandamızın sabiq üzvü Vladimir Poşexontsevi də çox sevindiribmiş. İlk milliləşdirilən futbolçulardan biri olan veteran futbolçu hazırda doğma Ukraynada yaşayır. Bununla belə “ikinci vənətim” adlandırdığı ölkəmizdə baş verənləri diqqətlə izləyir. “Neftçi”nin keçmiş müdafiəçisi “ay-ulduzlular” üzərində qələbəni sensasiya hesab etmir. Sabiq futbolçu “Qafqazinfo”ya açıqlamasında sözügedən oyunla bağlı fikirlərini bildirib: “Azərbaycan millisi ev komandasıdı. Uşaqlar həmişə Bakıda, doğma divarlar arasında rəqibə qarşı xüsusi köklənir. Belədə nəinki Türkiyə, bir çoxlarına başağrısı olmaq iqtidarındadı”.
Poşexontsev ona da yaxşı tanış olan “azərbaycansayağı korner”dən vurulan qələbə topu barədə də maraqlı fikirlər söyləyib: “Həmin “standart” alındı, çünki türklər “pijondu”...Rəqibə hörmət etməli və öyrənməlisən. Fikrimcə almanlara qarşı bu nömrə keçməzdi....İstənilən halda uşaqlara halaldı. Onlara Türkiyəylə olduğu kimi bir çox uğurlu oyun arzu edirəm”.
Poşexontsev millinin baş məşqçisi haqda da fikirlərini bölüşüb: “Berti Foqstun komandaya alman nizam-intizamı gətirdiyi hiss edilir. Bununla belə, mənim şəxsi fikrimdir ki, Azərbaycan millisinə azərbaycanlı rəhbərlik etməlidir. Heç bir əcnəbi mütəxəssis yerli futbolçuları öz məşqçilərindən yaxşı başa düşə bilməz. Bu hər yerdə belədir. Hansı milli əcnəbi məşqçi ilə dünya çempionu ola bilib? Yerlilər daha tez uğur qazanır. Azərbaycan millisi üçün də Qurban Qurbanov kimi əla namizəd var. Onun karyerasını diqqətlə izləyirəm. “Qarabağ”dakı uğurları çox şeydən xəbər verir. Foqst nə qədər tanınmış məşqçi olsa da, milli üçün Qurban qədər faydalı ola bilməz”.

Son xəbərlər