Bakı stadionunda yaşananlar

Bakı stadionunda yaşananlar
YAZARLAR 13 İyun 2021 / 09:50 3544
-  A +

Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu, axır ki, baş tutur. 2021-ci ilin 12 iyunudur. Bizim üçün tarixi əhəmiyyət kəsb edən bu görüşdə Uels və İsveçrə komandaları üz-üzə gəlir. Meydanda Qaret Beyl, Aaron Remzi, Cerdan Şakiri, Qranit Caka kimi ulduzlar var.

Bakı Olimpiya Stadionunun ali tribunasından isə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyevə oyunu izləyirlər. Ondan arxa sırada millimizin baş məşqçisi Canni de Byazi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, futbol veteranlarımız İsgəndər Cavadov, İqor Ponomaryov, Səməd Qurbanov da yer alıb. AFFA prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov bir qədər kənarda əyləşiblər. İctimaiyyət üçün açıqlanan şəkillərdən belə görünür. Güman etmək olar ki, AFFA rəhbərliyinin həyacanı var. Çünki bütün dünyanın izlədiyi belə bir mötəbər yarışın Bakıdakı təşkilatçıları məhz onlardır. Şübhəsiz ki, hər an hansısa bir nöqsanın ola biləcəyi düşüncəsi yox deyil. Bəs, işlərinin öhdəsindən necə gəlirlər? Obyektiv olmağa çalışacam: yaxşı!


Bayağılıq kimi çıxmasın, bu böyük yarış fərdlərin, şəxslərin deyil, ölkəmizin adına yazılır. Və dünən stadionda gördüyüm mənzərə onu deməyə əsas verir ki, təşkilatçılıq baxımından hər şey qaydasındadır. Yüzlərlə gənc könüllünün də yardımı ilə "Avro-2020" yolçuluğuna çıxmışıq. İnamımız odur ki, axsamadan, ləngimədən elə bu bu yüksək templə də mənzil başına çatacağıq.

***

Mənim yerim isə stadionun media tribunasındadır. Demək olar ki, bura tam dolub. Əksəriyyəti yad simadır. Britaniyalılar, isveçrəlilər çoxluq təşkil edirlər. Aralarında BBC, "Reuters" kimi nəhəng media qurumları da var. Sual dolu nəzərlərlə ətrafa göz gəzdirirəm. Bəs, bizimkilər hanı?

Evimizin içində ilk dəfədir bu qədər yüksək miqyasda yarış gedir, amma hesablasan heç 20 nəfər yerli sayt jurnalisti burda yoxdur. Çünki çoxusu həvəssizlikdən deməyim,  ərindiyindənmi, ingilis dilini bilməməkdənmi qeydiyyat üçün UEFA-ya müraciət etməyib.

İsveçrədən olan jurnalist Lionel Pittet isə 1 ildir Bakıya səfərə hazırlaşırmış. Bir müddət əvvəl Qol.az-ın elektron poçtuna məktub yazaraq bura gələndə bizimlə görüşmək istədiyini demişdi. Görüşdük də. İsveçrədən Azərbaycana gələn kimi birbaşa Gəncəyə gedib, 2 gün orada qalıb, Vidadi Rzayevdən böyük bir müsahibə də alıb. 1996-cı ildə Rzayev İsveçrəyə qələbə qolumuzu vurmuşdu axı...

***

Lionellə ön tərəfdəki tribunalarda onun həmyerliləri səpələnmiş halda əyləşiblər. Britaniyalı fanatlar isə qapının arxasındakı sektora yığışıb. İsveçrəli və uelsli azarkeşlərin ümumi sayları çox deyil. Bir neçə yüz deyək. Pandemiya şəraitinə görə gözləniləndən daha az sayda fanat bura gələ bilib. Britaniyalılar rəqiblərindən daha çoxdur və həmişəki kimi fəaldırlar. İkinci hissədə isə bu fəallıq, səs-küy daha da artır. Və mənə elə gəlir ki, onları futbol yox, içdikləri, stadionda satılan soyuq "Heineken" pivəsinin orqanizmdəki incə tellərə toxunması coşdurur.

Ümumən tribunada 9 minədək azarkeş var. Hardasa 8 mindən çoxu bizimkidir. Cerdan Şakiri 66-cı dəqiqədə əvəzlənərək meydanı tərk edəndə azarkeşlərimiz bir qonaqpərvərlik nümunəsi göstərirlər. "Liverpul"un bu oyunçusunu elə şövqlə alqışlayırlar ki, ətrafımdakı isveçrəli jurnalistlər məmnun halda və maraqla azarkeşlərə baxırlar.

Və bir qədər sonra tribunalardan "Türkiyə, Türkiyə..." sədaları gəlməyə başlayır. Bunu iyunun 16-da Uelslə oyun öncəsi azərbaycanlı və türkiyəli azarkeşlərin kiçik məşqi də adlandırmaq olar.

***

"Avro-2020"nin Bakıdakı açılış oyunu 1:1 hesabı ilə yekunlaşır. Çempionatın və bu əzəmətli stadionumuzun adına layiq əla bir matç olur. Hesabdan ən çox razı qalanlar arasında ilk oyunda İtaliyaya uduzan türklər də var. Növbəti turda İsveçrə İtaliya ilə matçda xal itirsə, türklər isə Bakıda Uelsi məğlub etsə, Şenol Günəşin komandası 2-ci pilləyə yüksələcək. Bunun üçün əla da bir şans var. Çünki Türkiyə burada meydana 11 yox, 12 oyunçu ilə çıxacaq.

Və həmin 12-ci oyunçu tribunadakı 32 min azarkeş olacaq.

Aydın Bağırov
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın