“Turan” rəhbərliyi komandanın hazırkı durumuyla bağlı bəyanat yaydı

“Turan” rəhbərliyi komandanın hazırkı durumuyla bağlı bəyanat yaydı
XƏBƏR 5 Oktyabr 2010 / 12:36 2067
-  A +

Hazırda çətin günlərini yaşayan "Turan" bununla bağlı bəyanat yayıb. Klubun rəsmi saytı vasitəsilə açıqlanan bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:

“Tovuzda həmişə futbol olub. Onun yaranma tarixi bir əsrə yaxındır. Bütün dövrlərdə Tovuz futbolu Azərbaycan futbolu üçün baza rolunu oynayıb. Hazırda da bütün aparıcı klublarda istər Tovuz futbol məktəbinin yetirmələrinə, istərsə də “Turan”da püxtələşmiş futbolçulara rast gəlmək mümkündür. Bütün yığmalarımızın heyətində futbol məktəbimizin yetirmələri çıxış edir. Əsas məqsədimiz Tovuz futbolunu inkişaf etdirməklə, Azərbaycan futboluna xidmət göstərməkdir. Bunun üçün Tovuzda futbolumuzun inkişafına, xüsusən də uşaq futboluna diqqət göstərilir.
Hazırda “Turan” komandasının müvəqqəti olaraq çətin duruma düşmə səbəbi, ilk öncə, komandanın vaxtında çempionata hazırlaşa bilməməsi oldu. Belə ki, ötən mövsümdən sonra komanda sposonsuz qaldı və onun milli çempionatda iştirakı sual altında idi. Nəhayət, hazırki prezident Musa Süleymanov komandanın bu günkü durumunu nəzərə alaraq, bir tovuzlu kimi, komandanı himayəyə götürməyi özünə borc bildi. Vaxt məhdudluğunu nəzərə alan klub rəhbərliyi tezliklə komandanı yaxşı vəziyyətə gətirmək məqsədilə məşqçilər korpusuna hər cür  şəraiti yaratdı. Baş məşqçi Sakit Alıyev Tovuz futbol məktəbinin yetirmələri ilə yanaşı, 50-dək legioner futbolçunu da baxışa cəlb etdi. Komandanı çalışdırmaq üçün tovuzlu mütəxəssislərə üstünlük verilməklə onlara güvənilib, ilk “altılıq” uğrunda oynamaq arzusunda olunduğu bildirildi.
Klub rəhbərliyi məşqçilərə tam səlahiyyət verdi, onların işinə heç kəs müdaxilə etmədi. Komanda üçün lazım olan hər şərait yaradıldı. Baza yenidən təmir olundu, futbolçuların istirahətini daha yaxşı təşkil etmək üçün onların otaqlarına internet şəbəkəsi qoşuldu, isti havadan qorunmaq üçün bazaya soyutma sistemi quraşdırıldı. Komandanın uğurlu çıxış etməsi üçün Bakı şəhərində və  Gürcüstanda təlim-məşq toplanışı keçirildi. Bir sözlə, yaxşı çıxış etmək üçün nə tələb olunurdusa təşkil olundu.
Komanda çempionata başlayanda isə bəlli oldu ki, seleksiya işlərinin təşkili olduqca zəif aparılıb. Bir tərəfdən hakim səhvləri, digər tərəfdən isə zəif seleksiya işləri “Turan”ı autsayderlər sırasında qərarlaşdırdı. Belə olan halda, klub rəhbərliyi böyük etimad göstərdiyi məşqçilər  korpusunu istefaya göndərdi. Bundan başqa, bir sıra legioner futbolçularla da klub yollarını ayırdı.Vəziyyətdən çıxış yolu kimi, komandaya  Riqa “Skontosu, Tbilisi “Dinamo”su, Vladiqafqaz “Alaniya”sı, Gürcüstan və Latviya millilərini çalışdırmış tanınmış mütəxəssis Revaz Dzodzuaşvili dəvət olundu. Klub prezidenti  tərəfindən qarşıya qoyulan məqsəd yararsız  legionerlərə deyil yerli  futbolçulara üstünlüyün verilməsi, bu mövsüm komandanın elitada yerinin qorunması, gələn il isə Tovuz futbol məktəbinin yetirmələri ilə “Turan”nın yüksək yerlər uğrunda mübarizə aparması milli komanda üçün layiqli gücün hazırlanmasıdır. Hazırda komandanın oyun üslübunda müəyyən irəliləyiş hiss olunsa da, vəziyyəti düzəltmək üçün bir qədər vaxta ehtiyac olduğu aydın görünür.  Bütün çempionatlarda iştirak edən komandamızın elitadan düşməsi sədəcə mümkünl, əmin ola bilərsiniz ki, “Turan” nəinki autsayderlər sırasında yer almayacaq, komanda mövsümü orta sıralarda başa vuracaq!
“Turan” komandasının çətin günləri arxada qoyacağı yəqindir. Bunu klubda uşaq futboluna göstərilən qayğı da sübut edir. Digər sahələr kimi, uşaq futbolu üçün də klubda hər şərait yaradılıb; futbolçular idman geyimləri, hər cür inventarlarla təmin edilib. Yeniyetmə  futbolçulara əmək haqqları və komandalara qələbəyə görə həvəsləndirici mükafatlar verilir. Hazırda stadion ərazisində ikisi süni, biri üstü örtülü olmaqla daha iki təbii meydançanın tikintisi həyata keçirilir. Bundan başqa Qaraxanlı kəndində olan stadionunda geyinib-soyunma otağının tikintisi başa çatmaq üzrədir və meydançanın ətrafına yeni dəmir torun çəkilməsi nəzərdə tutulub. Məhz bu qayğı-diqqətin nəticəsidir ki, hazırda komandanın əvəzedici heyəti turnir cədvəlinin vahid lideridir. Bu komandanın heyətində istedadlı futbolçuların həddən artıq çox olmasını nəzərə alan klub rəhbərliyi onların bəzilərini təcrübə toplamaları üçün digər klublara icarəyə verməyi nəzərdə tutur. Gələcəkdə Tovuzda futbol Akademiyası fəaliyyət göstərməsi gündəmdədir. Belə olan halda komandaya legioner futbolçuların dəvət edilməsinə də ehtiyac qalmazdı.
Tovuz adı gələndə, ilk öncə, gözlərimiz önünə futbol gəlir.Babalarımızdan bizə miras qalmış bu ali idman növünü, biz, dəyərincə qorumalı və gələcək nəslə inkişaf etmiş şəkildə təqdim etməliyik. Milli çempionatımızla yaşıd olan “Turan” komandasının ömrü də elə milli çempionatımızın ömrü qədər olacaq!   
Bu gün “Turan” komandasının Premyer Liqada qənaətbəxş çıxış etməməsi, bütün futbol ictimaiyyəti kimi, bizi də narahat edir. Ancaq əminik ki, bu geriləmə qısa zamanda aradan qalxacaq, “Turan” bütün futbolsevərləri, o cümlədən, öz azarkeşlərini sevindirəcək”.

Daha çox


Son xəbərlər